Kəmaləddin Heydərovdan işçilərinə jest
Bu gün Bakının Suraxanı rayonunun ərazisində, Səttar Bəhlulzadə küçəsi 107 ünvanında 12 mərtəbəli, hər biri 1 bloklu 144 mənzilli iki yaşayış binası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının istifadəsinə verilib.
Azertaym.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Nazir istifadəyə verilən mənzillərin şəraiti ilə tanış olub.
Mənzillərin açarlarını sahiblərinə təqdim edən Kəmaləddin Heydərov bildirib ki, nazirliyin əməkdaşlarının mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına olan diqqət və qayğısının təzahürüdür. İstifadəyə verilən 144 mənzildən 48-i 3 otaqlı, 96-sı isə 2 otaqlıdır. Binanın həyətində futbol meydançası, yaşıllıq, uşaq parkı, avtomobil dayanacağı salınıb. Tam təmir olunmuş mənzillərə qaz, su, işıq xətləri çəkilməklə “Kombi” istilik sistemi quraşdırılıb.
Binanın inşa edildiyi ərazidə əvvəllər Suraxanı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının yaşadığı 2 mərtəbəli yataqxana olub. Sökülən yataqxanada yaşayan hər bir ailə də yeni inşa edilmiş binada mənzillə təmin olunub.