İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)

İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)Bakıda yenə “ağac soyqırımı” həyata keçirlir.
Bu dəfə də ağacları kəsərək yerində ticarət obyekti tikəcəklər. Artıq ağaclar kəsilib, obyektin tikintisi üçün işlər görülür...


Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivinin sakinləri isə uzun illərdir yaşadıqları binaların ətrafındakı bu yaşıllığın məhv edilməsindən narazıdır.

Virtualaz.org saytının redaksiyasına müraciət edən sakinlər deyir ki, qəsəbənin əksər yerlərində olduğu kimi burada da yaşıllığa qənim kəsiliblər.

“Yol kənarlarında, harada obyekt tikmək olarsa orada ağacları kəsib tikinti işləri aparırlar. Yeni Günəşlidə yaşayan istənilən şəxsdən soruşa bilərsiniz ki, bu qəsəbədə yolların kənarları əvvəl necə idi, indi necədir. Əvvəl ağaclar olan yerdə indi obyektlər ucalır. O ağacların çoxunu öz əllərimizlə əkib-becərmişik, böyütmüşük ki, həm qəsəbəmizə yaraşıq versin, həm də yayda kölgəsində oturaq, uşaqlarımız orada dincəlsin. Neçə illər ərzində böyük zəhmət hesabına əmələ gəlmiş bu ağacları kəsən işbaza irad tutursan, cavabı bu olur ki, rayonun böyüklərindən icazə, üstəlik pulumu verib obyekt yeri almışam, əcəb edib kəsirəm. Rayon rəhbərliyinə isə bir “dur” deyən yoxdur. Sata-sata gedirlər. Yeni Günəşlidə bir qarış boş torpaq qalmayıb. Halbuki prezident İlham Əliyev şəxsən özü də bu cür halları kəskin tənqid edib, ağacları kəsərək yerində ticarət obyekti tikməyi vəhşilik, vicdansızlıq adlandırıb. Prezidentin bu çıxışının bizim rayonun rəhbərliyinə görünür, heç bir təsiri yoxdur” - deyə Yeni Günəşli sakinləri şikayətlərində bildirir.

İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)

Virtualaz.org saytının əməkdaşları bu şikayətin izi ilə Yeni Günəşli qəsəbəsinə gedib, sakinləri təəssüfləndirən və narazı salan həmin acınacaqlı mənzərənin şahidi olub. Qəsəbənin Q və V massivlərini ayıran yolun sağ və sol tərəfləri ticarət obyektləridir. Bu obyektlərin əksəriyyəti də son 2-3 ildə tikilib. Hamısı da yaşıllıqları məhv etmək yolu ilə...

V massivi sakinlərinin qeyd etdiyi ünvandakı ağaclar həqiqətən də kəsilib-tökülüb, yerində tikinti gedir, daha doğrusu, inşaat işlərinə hazırlıq gedir. Öyrənirik ki, həmin ərazidə ağacların kəsilməsinə hələ oktyabr ayında başlanıb. 20-dək ağac kəsilib. Lakin bu “yaşıl soyqırımı” nədənsə dayandırılıb. Fevralın əvvəlində isə yenidən kəsməyə başlayıblar.

Dərd təkcə ağaclarla da bitmir. Bu ərazidəki binaların birinci mərtəbəsində yaşayan sakinlərin binaların arxasında, həyətində, yan-yörəsində əkdiyi gül kolları və ağaclar, saldığı yaşıllıqlar da ucdantutma məhv edilib. Yerli məmurlar bunu qəsəbənin abadlaşdırılması planları ilə və “təhlükəsizlik” (?-red.) səbəbindən izah ediblər.

Amma öyrənirik ki, məqsəd abadlıq deyil. Sakinlərin dediyi kimi, məqsəd yeni ticarət obyektlərinin tikintisi üçün yer açılmasıdır.

Konkret şikayətə gəlincə isə sözügedən ərazidəki onlarla çoxillik ağac artıq kəsilərək məhv edilib. Obyekt tikiləcək ərazi hasara alınıb.

Ətrafdakı mağazalarda çalışanlardan öyrəndiyimizə görə, burada 3 mərtəbəli obyekt tikiləcək. Bu ticarət obyekti həm kafe, həm də mağaza kimi fəaliyyət göstərəcək.

İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)

Qeyd edək ki, yaşıllığı məhv edilib yerində ticarət obyekti tikilən ərazi Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsinin onca addımlığında, bölmənin binasının düz qarşısındadır.

Bəlli olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının yaxılaşdırılması məqsədi ilə Dövlət Proqramı həyata keçirilir. 2014-2016-cı illəri əhatə edən bu proqram çərçivəsində Bakı və ətraf qəsəbələrdə müəyyən işlər görülür. Bu işlərin ən ləng getdiyi rayonlardan biri də Suraxanıdır. Bakının gözdən-könüldən uzaq rayonlarından sayılan Suraxanıda son söz icra başçısınındır. Bu rayonun icra başçısı isə 10 ilə yaxındır İlqar Abbasovdur. Müxtəlif tikinti idarələrində çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İlqar Abbasov bundan əvvəl də Nərimanov RİH-in başçısı olub.

Onu da xatırlatmağa ehtiyac var ki, Suraxanı rayonu hazırda paytaxtın ən problemli rayonlarından biridir. Bu rayondan qaz, işıq, su, kanalizasiya və yol problemləri ilə bağlı gələn şikayətlərin ardı-arası kəsilmir. Mətbuat bu haqda dəfələrlə yazıb. Lakin bu problemlərin həlli üçün görülən işlərin sürəti obyektlərin tikintisinin sürətindən qat-qat aşağıdır. Rayon sakinləri müvafiq qurumlara dəfələrlə şikayət etsələr də rayonun icra başçısı, digər rəhbər şəxslər bunu sanki eşitmir. Şikayətlənən sakinlərə Suraxanı Rayon İcra Hakimiyyətindən (RİH) nadir hallarda verilən cavablarda bu sosial problemlərin növbəti illərdə həll ediləcəyi vədi verilir, vəssalam.

Yeni Günəşli sakinlərinin şikayəti ilə bağlı Suraxanı RİH-ə müraciət etməyə, onun da münasibətini öyrənməyə çalışdıq. Lakin RİH-dən zənglərimizə cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumatda isə həmin ərazidə ağacların kəsilməsinə belə münasibət bildirildi ki, qeyd edilən ərazidə fiziki şəxs tərəfindən tikinti işləri aparılır, tikinti işi icra hakimiyyətinin müvafiq icazəsi əsasında həyata keçirilir.

Nazirlikdən tikinti işini aparan həmin fiziki şəxsin ağacları kəsdiyinə görə 2400 manat məbləğində cərimələndiyi də deyildi. Bundan başqa həmin fiziki şəxsə nazirlik tərəfindən icrası məcburi olan göstəriş də verilib ki, ətraf ərazidə yaşıllıq və abadlıq işləri aparsın. O, bu göstərişi yerinə yetirməyəcəyi təqdirdə yenidən cərimələnəcək.

Sonda onu da qeyd edək ki, bu cür hallarla artıq dəfələrlə rastlaşmışıq. Bakı Şəhər İcra Hakimiyyəti və ya yerli icra hakimiyyətləri bu cür tikinti işləri aparılmasına icazə verir, sənədləri hazırlayırlar. Məmurlar və iş adamları da bu göstəriş və sənədləri əldə əsas tutaraq isənilən yerdə “ağac soyqırımı” həyata keçirə bilir. Nazirlik isə sadəcə kəsilən ağaclara görə cərimə tətbiq etmək məcburiyyətində qalır.

Xatırladaq ki, bir müddət əvvəl də Xətai rayonu ərazisində bu cür hadisə baş vermişdi. Bakı meri Hacıbla Abutalıbovun icazəsi ilə Xətai rayonunda ağacların kəsilməsinə və yerində bina tikintisinə cəhd edilmişdi. Yerli sakinlərin ciddi etirazı nəticəsində H.Abutalıbov bu qərarını anidən dəyişmişdi. Bakı meri verdiyi icazəsini ləğv edərək ağac kəsilən əraziyə üzərində “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaşıllaşdırma və abadlıq işləri aparılır” yazılan lövhə də vurmuşdu...

(Virtualaz.org)


İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)
İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)
İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)
İ.Əliyev ağac kəsməyi vicdansızlıq sayır, məmurlar isə hələ də kəsir - (Fotolar)






Fikirlər