05.09.2014- İ.Abbasov Qarabağ əlillərini aksiyalara vadar edir
Mətbuat səhifələrində bu və ya digər rayon icra hakimiyyəti strukturlarının əməkdaşları və rəhbərləri tərəfindən yerli sakinlərin incidilməsi, müxtəlif hüquq pozuntularına yol verilməsi barədə məlumatlara tez-tez rast gəlmək olur. Vətəndaşların süründürməçilik və digər məmur özbaşınalıqları ilə üz-üzə qoyulduqları vəziyyətlər heç də nadir hal kimi qiymətləndirilə bilməz. Bununla belə müəyyən qism insanlar var ki, onların malik olduqları status bir çox problemləri bu vətəndaşlardan uzaq tutmağa kifayət edir.
Etiraf etmək lazımdır ki, ölkəmizdə şəhid ailələrinə, Qarabağ qazilərinə münasibət ümumilikdə çox yüksək səviyyədədir. Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin bu insanların qayğı və problemlərini hər zaman xüsusi diqqət mərkəzində saxlaması, onların sosial-məişət problemlərinin həllinə yönəldilən tədbirlər bu təbəqəyə aid vətəndaşların həyat şəraitlərinin daim yaxşılaşdırılmasına xidmət edir. Lakin bu da bir həqiqətdir ki, bəzi yüksək çinli məmurlar şəxsi mənafelərinin dövlət siyasəti ilə ziddiyyətə girdiyi məqamlarda heç də həmişə düzgün seçim edə bilmirlər. Elə redaksiyamıza son vaxtlar Bakının Suraxanı rayonundan daxil olan məlumatlarda da bu rayonun icra başçısı İlqar Abbasovun Qarabağ qazilərinə qarşı göstərdiyi yolverilməz münasibəti ilə ölkə rəhbərliyinin bu sahədə irəli sürdüyü tələblərə tam etinasızlıq nümayiş etdirməsindən bəhs olunur.
Bir müddət əvvəl isə 186 nəfər Qarabağ qazisinin rastlaşdıqları qanunsuzluqlar Suraxanıda RİH rəhbərliyinin yerli sakinlərə qarşı apardığı “torpaq müharibələrinin” prinsipsizliyini və amansızlığını bir daha qabarıq formada ortaya qoymuş oldu. Artıq qeyd etdiyimiz kimi, ötən materiallarda biz bu insanların şikayətlərini müvafiq instansiyaların diqqətinə çatdırmağa cəhd etmişik. Lakin öz problemlərinin həllinə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində də nail ola bilməyən qazilər birbaşa ölkə prezidentinə müraciət etmək qərarına gəlmişdilər. Biz isə onların xahişlərini nəzərə alaraq, həmin müraciətin mətnini olduğu kimi dərc etmişdik. Müracətdə deyilirdi ki, 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyəəti tərəfindən Qarabağ Əlillər Cəmiyyəti Suraxanı rayon şöbəsinə, təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti fəaliyyəti dayandırdıqdan sonra, onun hüqüqi varisi – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, ayrılan torpaq sahəsində təsərrüfat işləri apara bilmədiyindən həmin ərazi idarə heyətinin qərarı ilə Qarabağ Müharibəsi əlilləri arasında fərdi mənzil tikintis üçün bərabər bölünmüşdür. Lakin görünür bu torpaq sahəsinə dair Suraxanı RİH rəhbərliyinin fərqli planları mövcuddur. Buna görə də İlqar Abbasov tərəfindən əlillərin bu torpaq sahəsində tikinti işləri aparmalarına icazə verilmir.Bu xüsusda yeni aldığımız məlumatda isə artıq uzun müddət davam edən bu qarşıdurmadan bezmiş Qarabağ əlillərinin radikal addımlar atmaq barədə düşündükləri vurğulanır.
Belə ki, redaksiyamıza təqdim olunmuş ərizədə bildirilir: “Hörmətli redaksiya məqsədimiz artıq sizə məlumdur. Yəni artıq bizim Suraxanı rayonunda olan torpaq məsələmiz sizin qəzetiniz vasitəsilə işıqlandırılıb. Lakın bizim cənab Prezidentə müraciətimizdən sonra da İlqar Abbasov öz əməllərindən qalmır. Belə ki, Suraxanı rayonunda qanunsuz tikintilərin baş alıb getdiyi bir vaxtda, biz Qarabağ qazilərinə tikinti aparmağa imkan verilmir. İndi də başçı Yeni Günəşli qəsəbəsində, düz əlillər binasının qarşısında, beş nəfər birinci qrup Qarabağ əlilinin işlətdiyi avtoyuma (moyka) obyektinin yanında dörd mərtəbəli, altı moyka olmaqla obyekt tikdirir. Halbuki bizim birinci qrup əlillər var ki, neçə illərdir ki, icra hakimiyyətinə gedib-gəlirlər, lakin 6 kvadrat metrlik yeri ala bilmirlər. Artıq söz gedir ki, bzim yaşadığımız dörd mərtəbəli əlillər binası da hansısa bir işbazın xoşuna gəlib. Onu sökdürüb yerində göydələn tikdirməyə başlayacaq, bizi də harasa köçürəcəklər... Biz, Suraxanı rayonunda yaşayan Qarabağ əlilləri qərara gəlmişik ki, artıq aksiyalara başlayaq. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Prezident Administrasiyasının və Milli Məclisin binaları qarşısında aclıq aksiyasına başlayacağıq. Və nəhayət səsimizə səs verən olmasa elə Prezident Administrasiyası qarşısındaca özümüzə qəsd edəcəyik. Artıq bəsdir, belə yaşamaq olmaz. Bizim müharibədə aldığımız yaralar bizi sındıra, əyə bilməmişdi. Lakin təəssüflər olsun məmur süründürməçiliyi bizə daha ağır mənəvi zərbələr vurdu və biz bu haqsızlıqlara son qoymalıyıq...”
Mövzuya qayıdacağıq.