21.08.2014- Razim Məmmədovun baltası iti kəsir - Xətaidə "yaşıl soyqırım" davam edir...

21.08.2014- Razim Məmmədovun baltası iti kəsir - Xətaidə "yaşıl soyqırım" davam edir...Ağacların, yaşıllıqların məhv edilməsi hər zaman gündəmi zəbt etmiş mövzulardan olub. Səbəb isə hər kəsə bəllidir. Zaman-zaman müxtəlif rayonlarda ağac kəsimlərinin şahidi olur və yaxud da, bu barədə məlumatlar əldə edirik. Hətta ölkə başçısı da bu məsələyə biganə qalmadı və təxminən bir neşə ay əvvəl bu məsələyə ciddi nəzarət edilməsini, həmçinin yaşıllıqların, ağacların kəsilməsinə son qoyulmasını bildirdi.

Bu gün paytaxtda yaşıllıqlar məhv edilərək yerində tikinti işləri həyata keçirilir. Kimisi özünə ofis tikdirir, kimisi restoran, kimisi isə əyləncə mərkəzi. Bir sözlə, ağaclar bəzi məmurların maraqları naminə gözqırpmadan məhv edilir. Ağacların qırılmasına ən çox Xətai rayonunda rast gəlinir. Lakin Xəzər, Qaradağ, Nəsimi rayonları da bu işdə Xətai rayonundan geri qalmırlar. Bu məsələnin yenidən bu gün gündəmə gəlməsinə səbəb Xətai rayonunda yenidən ağacların kəsilməsidir.
Belə ki, ağacların kəsilməsi haqda məlumat bu dəfə paytaxtın Xətai rayonu, Telnov 8 ünvanından gəlib. İşi icra edənlər kəsdikləri ağacları yük maşınına yığıb ərazidən uzaqlaşmağa çalışdıqları zaman onlarda ağacları kəsmələri üçün icazə sənədinin olub-olmamasını soruşduqda, icra hakimiyyətindən göndərildiklərini bildiriblər. Sakinlər bildirirlər ki, ərazidə əvvəllər xeyli sayda ağac, bina sakinlərinin istirahəti və uşaqların əylənməsi üçün müvafiq qurğular və oturacaqlar olub. Son günlərdə isə həyətdəki ağaclar kəsilərək ərazidən uzaqlaşdırılıb, sözügedən qurğular isə sökülüb.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət də edilib. Qurum rəsmisi Vadim Surxayev bildirib ki, paytaxtda aparılan yenidənqurma işlərilə əlaqədar, nəinki mərkəzi prospektlərdə, eləcə də məhəllədaxili yollarda da, təmir işləri gedir. Bu, məqsədlə Telnov 8 ünvanında da, yeni park salınması nəzərdə tutulur. Eskiz layihə də hazırlanıb. Memar Vadim Surxayev həmçinin onu da əlavə edib ki, "Ərazidəki ağacların budanması və kəsilməsi eskiz layihəyə uyğun aparılır. Çünki bəzi hissələrdə ağaclar keçidlərin yaradılmasına imkan vermir. Sakinlər isə əmin ola bilər ki, ərazidə heç bir yaşayış obyekti tikilməyəcək. Sentyabr ayında park sakinlərin istifadəsinə veriləcək".

Göründüyü kimi, Xətai rayon İcra Hakimiyyətinin rəsmisi iddia edir ki, ağacların kəsildiyi ərazidə yenidənqurma işləri ilə bağlı ağaclar kəsilir və həmin ərazidə park salınacaq. Amma bu deyilənlər heç də inandırıcı deyil. Ona görə inandırıcı deyil ki, sözügedən ərazidə bəzi yaşıl və həm də cavan ağacların diblərinin qazılaraq köklərinin yandırılması məqamlardandır. Sakinlər bildirirlər ki, belə olan halda ağac quruyacaq və onu kəsmək üçün əsaslı səbəb yaranacaq, məqsəd yalnız bundan ibarətdir. Bizlər, dəfələrlə Xətai rayonunda ağac kəsimlərinin şahidi olmuşuq. Ağacların kəsilməsilə bağlı şikayətlər ən çox Xətai rayonundan daxil olur. Hazırkı durumdan yalnız bir nəticəyə gəlmək olar ki, bəzi sahibkarlar qanuna və dövlət başçısı tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymur, öz qanunsuz əməllərini həyata keçirməkdə israrlıdırlar. Görünür, Xətai rayon İcra Başçısı Razim Məmmədov gündəmdə qalmaqdan məmnundur. Artıq dəfələrlə olub ki, Razim Məmmədovun rayon ərazisindəki kəsdiyi ağaclar və digər qanunsuz əməlləri müzakirə mövzusu olur. Və çox güman ki, bu durum onu narahat etmir. Əks halda rayon ərazisində baş verən ağac kəsimləri olmazdı. Razim Məmmədovun özünə bu qədər arxayın olması, onun "yuxarılarda" adamının olmasının göstəricisidir. Aidiyyəti qurumların bu məsələyə biganə qalması, sakinlərin şikayətinə baxılmaması rayon ərazisindəki durumu daha acınacaqlı edir.

Hazırda meşə fonduna daxil olan ağacların mühafizəsi və istifadəsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Belə ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədərsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə aparıla bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.






Fikirlər