“O obyekt icra başçısının deyil”-RİH-dən "incə" reaksiya

“O obyekt icra başçısının deyil”-RİH-dən "incə" reaksiyaYasamal Rayon İcra Hakimiyyəti (RİH) bu rayonunun icra başçısının obyekti ilə bağlı yazılanlara münasibət bildirib.

Qeyd edək ki, noyabrın 24-də virtualaz.org saytında “İcra başçısının obyekti 100 min adamın istiliyini kəsdi” başlıqlı yazı dərc edilmişdi. Yazı Yasamal rayon sakinlərinin şikayəti əsasında yazılmışdı.

Şikayətdə bildirilirdi ki, rayon ərazisində tikinti işləri aparılarkən texnika “Şahdağ” restoranının yaxınlığındakı iki beşmərtəbəli binanın arasından keçən boru xəttini zədələyib. Nəticədə rayonun 100 minə yaxın sakini bu soyuq günlərdə istiliksiz qalıb.

Virtualaz.org saytı onu da dəqiqləşdirə bilmişdi ki, həmin obyekt Yasamalın icra başıcı İbrahim Mehdiyevə məxsusdur.

İcra başçısının müavini Səməd İslamov yayılan bu xəbərlə bağlı virtualaz.org saytının redaksiyasına məktub göndərib. S.İslamov cavab məktubunda sakinlərin dərdini bir kənara qoyaraq obyektin icra başçısına məxsus olmadığını sübut etməyə çalışır.

S.İslamov məktubunda yazır: “Hörmətli redaksiya!

24.11.20914-cü il tarixdə saytınızda yerləşdirdiyiniz “İcra başçısının obyekti 100 min adamın istiliyini kəsdi” sərlövhəli məqalədə bildirilir ki, Yasamal rayonu sakinləri “Şahdağ” restoranının yaxınlığındakı iki beşmərtəbəli binanın arasından keçən boru xəttinin zədələndiyindən şikayətlənərək yaxınlıqdakı inşa edilən obyektin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə məxsus olduğunu qeyd ediblər.

Nəzərinizə çatdırırıq ki, sözügedən ərazidə, Əsəd Əhmədov (Talıblı) küçəsi, 42 və 40 saylı binaların yaxınlığındakı 250 kvadratmetr torpaq sahəsi və yeni inşa edilən Ticarət və İşgüzar Mərkəzi sahibkar Səfərov Vüqar Məcid oğluna məxsusdur. Binanın tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılıb, digər müvafiq rəy və razılaşdırma alınıb.


Qeyd edilən obyektin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə məxsus olması barədə deyilənlər həqiqətəuyğun deyil”.


Məktubdan da görünür ki, Səməd İslamov sakinlərin dərdindən söz açmadan sadəcə olaraq obyektin icra başçısına məxsus olmadığını isbatlamağa çalışır.

Etirazımız yoxdur. Hesab edək ki, o obyekt başçının yox, doğrudan da hansısa iş adamınındır və İ.Mehdiyev digər məmur həmkarlarından fərqli olaraq ümumiyyətlə heç bir obyekt sahibi deyil.

Lakin burada diqqətdən yayınmayan bir məqam da var. İbrahim Mehdiyevin öz müavini Səməd İslamov haqqında “Səməd bir az incə oğlandır” deməsi yaddaşlardan hələ ki, silinməyib. “Sovetski”nin söküntüsü, sakinlərin köçürülməsi gündəmə gələndə Səməd İslamovun səhhətində problem yaranmışdı. İcra başçısı da müavini haqda bu fikirləri səsləndirərək onun vəziyyətinin yaxşı olduğunu göstərmişdi.

İndi də bu “incə oğlan” sakinlərin şikayəti ilə maraqlanmaq və 100 min insanın istiliksiz qalmasından narahat olmaq əvəzinə sadəcə olaraq başçının müdafiəsinə qalxır, həmin obyektin başçıya məxsus olması xəbərini təkzib edir.

Qış mövsümü gələndən Bakı və ətraf rayonların sakinləri istilik sisteminin yararsız vəziyyətdə olmasından, bu sistemin ümumiyyətlə işləməməsindən şikayət edirlər. Sakinlərin bu şikayətləri mətbuatda dəfələrlə işıqlandırılıb. Amma bu şikayət bir az fərqli idi. Bu dəfə 100 minə yaxın insanı birdən istiliksiz qoyan icra başçısının tikilməkdə olan obyekti gündəmə gəlmişdi...

Görəsən, Yasamal RİH icra başçısının obyekti məsələsinə reaksiya verdiyi kimi sakinlərin də şikayətini nəzərə alıbmı?

Mövzunu gündəmdə saxlayacağıq...

İlkin Muradov






Fikirlər