BAŞÇILARIN İSTİ YAYI BAŞLADI - təyinatlar və işdən çıxarılmalar

Cəbhə bölgəsinin və paytaxtın icra başçıları dəyişdirilir - “bərkidilmə prosesi” başlayıb; Gədəbəydən sonra Ağdamın da icra başçısı vəzifədən çıxarıldı; həm sərhəd, həm işğal bölgəsi rayonlarında yerli komandanı daha möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi başlayıb

“Yeni Müsavat”ın iyun ayında hakimiyyət komandasında ciddi dəyişikliklər olacağı ilə bağlı məlumatı doğrulur.  

Mənbəmiz yay mövsümündə təkcə mərkəzi hakimiyyətdə deyil, əyalətlərdə də ciddi kadr dəyişikliyi olacağını xəbər vermişdi. “Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir. Çünki prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib” deyə, yazıda bildirilirdi. 

Yada salaq ki, prezident  son 10 gündə artıq iki icra başçısını vəzifəsindən azad edib. Belə ki, ötən həftə  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan R.Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu. R.Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.

yediyarov ile ilgili görsel sonucu

Ağdamın artıq sabiq hesab edilən icra başçısı Raqub Məmmədov haqda da uzun müddətdir ki, ciddi nöqsanlar, rüşvətxorluq və korrupsiya ilə bağlı ittihamlar vardı. Prezidentin son iki sərəncamında ən diqqətçəkən məqam cəbhə bölgəsi hesab olunan Gədəbəyin və Ağdamın icra başçılarının işdən azad olunmasıdır. 

Raqub Məmmədov ile ilgili görsel sonucu

Prezident İlham Əliyevin cəbhə bölgələrindəki rayonlara daima xüsusi diqqəti olub. Prezidentin son Goranboy səfərini xatırlatmaq kifayət edir. Çünki cəbhənin təmas xəttində yaşayan insanların diqqət və qayğıya daha çox ehtiyacı var, bu ərazilərdə yaşayanlar ordumuza güvənsələr də, daima düşmən gülləsi təhlükəsi altında yaşayırlar. Bu əhalinin hər bir probleminə diqqətlə yanaşmaq prezidentin bu rayonların icra başçıları qarşısında qoyduğu əsas tələblərdən biridir. Məlumata görə, dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasında da cəbhə bölgəsində yerləşən rayonlardan - Beyləqan, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Goranboy, Göygöl, Gədəbəy, Tovuz və Qazaxdan gələn şikayətlərə ilk növbədə baxılır.

Təbii ki, həm Ermənistan, həm işğal olunmuş torpaqlarımızdakı düşmənlə qarşı-qarşıya dayanmış rayon əhalisində ruh yüksəkliyi, mərkəzi hakimiyyətə inam əsas şərtdir. Son günlər Ermənistanla sərhəd rayonlarında və işğal zonasında düşmən təxribatları ara vermir. Belə bir vəziyyətdə iki rayonun icra başçısının dəyişdirilməsində xüsusi məna axtarmağa bəlkə də ehtiyac qalmır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, prezident Ali Baş Komandan kimi bu bölgələri daima diqqətdə saxlayır, həm rayondakı vəziyyət, həm yerli icra başçısının fəaliyyəti ilə bağlı informasiyaları bir yox, bir neçə mənbədən alır.

Belə görünür ki, təkcə icra başçısı deyil, həm də əsgər olmalı məmurlar dövlətin onlara olan ümidlərini doğrultmayıblar. İstisna deyil ki, cəbhə bölgəsi rayonlarında yerli komandanı daha da möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi sürətlənib. Bunun işğal zonasındakı Qarabağda ermənilərin İrəvan hakimiyyətinə qarşı çıxdığı, Ermənistanda da artan gərginliklə bəlkə də birbaşa əlaqəsi olmasa da, hər halda, cəbhə zonasında “bərkidilmə” prosesi ortadadır...

Elxan Şamil oğlu Allahverdiyev ile ilgili görsel sonucu

Dünən Bakının ən böyük rayonlarından biri olan Binəqədiyə də icra başçısı təyin edildi. Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev bu vəzifəyə təyin edilib. E.Allahverdiyev bank sahəsində çalışıb. O, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdı.

Göründüyü kimi, prezident icra başçıları ilə bağlı yenələmə prosesinə start verib. Növbəti həftələrdə bu prosesin davam edəcəyi haqda məlumatlar var.

 






Fikirlər