"Həmin bölgədən Ermənistan hər zaman qorxu altında saxlanacaq" - Deputatlar Ordumuzun Naxçıvan zəfərindən danışdılar
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan MR Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Bu barədə Naççıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. "AzerTaym.az"-ın məlumatına görə, Azərbaycan Ordusunun bu zəfəri ilə bağlı Milli Məclisin bir neçə deputatı Modern.az saytı ilə fikirlərini bölüşüb. Milli Məclisin Naxçıvandan olan deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hadisəni sevinc hissi ilə qarşıladığını, bunun böyük uğur olduğunu qeyd edib: "Naxçıvanda son dərəcə yüksək səviyyəli Ordumuz var. Bu yaxınlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış oldu, hərbi hissələri gəzdi, texnikaya baxdı. Naxçıvanda güclü silahlarımız, texnikamız mövcuddur. Əlbəttə, erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi çox böyük uğurdur. Bununla ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilib, Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Necə ki, 2016-cı ildə aprel döyüşlərində qələbə qazandıq, eləcə də Naxçıvanda buna nail ola bildik. Bu baxımdan Ali Baş Komandan, cənab prezident İlham Əliyevə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova minnətdarlığımı bildirirəm. Ermənilər də başa düşəcək ki, gec-tez Azərbaycan torpaqları geri qaytarılacaq". Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüt Zahid Oruc qeyd edib ki, Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi iftixardoğuran, Azərbaycan torpaqlarının azad olunmasında çox mühüm, həlledici addımlardan biri sayılmalıdır: "Çünki hər qarış Vətən torpağı əhəmiyyətlidir. Yəni bir ölkənin içərisində siz daşlıq, qumsallıq, yaxud bataqlıq ərazi olduğu üçün kiminsə torpağından imtina etdiyini görə bilməzsiniz. Dünyada belə bir xalq yoxdur. Çox yaxşı xatırlayırıq ki, ermənilər 90-cı illərin ən ağır dövründə müxtəlif istiqamətlərdən, o cümlədən Naxçıvandan Azərbaycana həmlələr etmək , o ərazini ələ keçirmək və daha sonra bütövlükdə Türkiyə ilə bizim aramızda öz ərazilərini genişləndirmək niyyətində idi. Bildiyiniz kimi, onların Naxçıvana iddia edən saxta tarixi, siyasi, diplomatik sənədləri, hücumları bu gün də qalmaqdadır. Azərbaycanda isə o dövrdə müəyyən yerlərdə itirilmiş, nəzarət altından çıxan və ya bilavasitə qoşunların üz-üzə dayanması səbəbindən əhalinin yaşamaq imkanının olmadığı nöqtələr mövcud idi. Əlbəttə, 90-cı illərdə ulu öndər Heydər Əliyevin Naxçıvanda Ali Məclisin rəhbəri seçilməsi o bölgənin qorunub saxlanmasına səbəb oldu. Təəssüf ki, 90-cı illərdə Azərbaycan hakimiyyəti bu yöndə mühüm strateji bölgə kimi o əraziyə mənəvi, siyasi, hərbi köməklik etməkdənsə, açıq-aşkar təxribatlarla, pozuculuq və diversiya işləri ilə məşğul oldular və az qala işğalı arzulayırdılar ki, Heydər Əliyevdən bu və ya digər formada yaxa qurtarsınlar. Görün, nə dərəcədə mənfur düşüncə və addımlar var idi. O cümlədən Naxçıvan rəhbərliyinin ermənilərin təhlükəsini dəf etməsini, yoxsa Bakıdan gələn hər hansı təsir və təzyiqlərə müqavimət göstərməsini təyin etmək çox çətin idi. Şükürlər olsun, o dövrdə Naxçıvan təkcə özünün deyil, onun rəhbərinin, həm də bütövlükdə Azərbaycanın xilaskarına çevrildi. Tarixi xatırlatmaqda məqsədim ondan ibarətdir ki, bir qarış ərazimiz itiriləndə haqlı olaraq bunu milli fəlakət kimi qəbul edirik, amma onu geri qaytaranda yanaşmamız həmin hadisənin ümumi miqyasına bəzən adekvat olmur. Naxçıvan strateji məna daşıyır. Həm də ona görə ki, Türkiyə və ölkəmizin bu bölgə üzərindən Ermənistanı hər zaman qorxu və təhlükədə saxlamaq niyyətləri var. Bunu çox açıq bəyan edirik". Z.Oruc deyib ki, Naxçıvanın ümumqoşun ordusunun statusu öz-özlüyündə sübut edir ki, orada yetərincə müasir silahlar yerləşdirilib: "Hansı ki, cəmi 60 kilometr məsafə ilə ayrılan İrəvanın özü belə istənilən halda hədəfə gələ bilər. Xatırlayırsınızsa, may ayında Naxçıvanda təxribat törədildi və Adil Tatarov adlı əsgərimiz qətlə yetiriləndə cəmi bir neçə gündən sonra cavab reaksiyası verildi, ermənilər guya qeyri-müəyyən şəraitdə bir əsgərlərinin öldürüldüyünün şahidi oldular. Hətta təsadüfi deyil ki, indi xalq içərisində böyük nüfuzundan danışan Paşinyan höküməti xarici işlər və müdafiə nazirlərini həmin əraziyə göndərdi. Bu, açıq-aşkar sübut edir ki, Naxçıvan Azərbaycanın güclü yeridir və bizim hərbi imkanlarımızı, siyasi meydandakı qüvvələrimizi artırır. Bu çox yaxşı hadisədir və o biri tərəfdən ermənilərin gücünü parçalayır. Şübhə yoxdur ki, erməni tərəfi əsgər və zabit heyəti cəhətdən ciddi problemlər yaşamaqdadır. Ona görə də Naxçıvanda atılan hər bir addım xüsusi təhlükəsizlik, siyasi və hərbi mənaya malikdir. Hesab edirəm ki, mənəvi-psixoloji cəhətdən Cocuq Mərcanlı hadisəsindən sonra indi Naxçıvanda atılan bu addım bütövlükdə Azərbaycanın həmlələrini və dəqiq hədəfə yönəlmiş mübarizəsini sübuta yetirir". Deputat həmçinin bildirib ki, bu, prezident İlham Əliyevin böyük uğurudur: "O, Azərbaycan tarixində əraziləri geri qaytaran bir lider kimi hər zaman əbədiyaşarlıq qazanmaqda maraqlıdır və bu yöndə həyata keçirilən iqtisadi, siyasi, transmilli, beynəlxalq, regional addımların hamısı qeyd etdiyimiz mərama xidmət etməkdədir. Ona görə də bu gün uğur hekayəsinin yaranması bizim üçün çox önəmlidir. Millətin canından, qanından 90-cı illərin ağrıları çıxsn və cəmiyyət öz gücünə inansın, ordu qələbələr əldə etdikcə, dövlətin imkanları genişlənsin. Bu da qarşı tərəfdə ciddi psixoloji, mənəvi böhran yaratsın. Mən bizim televiziyalarla yanaşı, erməni mediasında həmin məsələlərlə bağlı reaksiyaları izlədim. Gördüm ki, onlar müxtəlif özünümüdafiə və vətənpərvərlik notlarında bəyanatlar versələr də, reallıq ondan ibarətdir ki, yerli adamlar bunu bir qədər vahimə, qorxu ilə qəbul edirlər. Ordumuz artıq istənilən dağlıq, qayalıq, çətin relyefə malik olan ərazilərdə ciddi addımlar atmağa qadirdir. Ötən dövr ərzində Naxçıvan qurulub, möhkəmlənib, güclənib. Həmin işlərin həyata keçirilməsində Naxçıvan rəhbərliyinin də böyük zəhməti və rolu var. Bununla bərabər hərbi addımlar Ali baş komandanın iradəsi altında atılır. Biz əgər bu gün Naxçıvanda öz mövqelərimizi gücləndiririksə, bu, avtomatik Qarabağda öz əksini tapacaq. Naxçıvan torpağında əsgərlərimizin həyata keçirdikləri tədbirlər, həlledici anda vuracaqları zərbələr eynən Xankəndində, Şuşada aparılan davanın tərkib hissəsidir. Millətimiz də bu hadisələrə sevinir və gələcək hədəflərə doğru daha da əminliklə baxır". Milli Məclisin 2 saylı Şərur seçki dairəsindən olan deputatı İsa Həbibbəyli bildirib ki, Günnüt kəndinə nəzarətin ordumuz tərəfindən ələ alınması ilə bağlı xəbəri oxuyanda son dərəcədə şad olub və dərin iftixar hissi keçirib: "Məlumat üçün deyim ki, Azərbaycan ordusunun Naxçıvandakı hissələri tərəfindən alınan "Qızılqaya" doğulduğum Danzik kəndinin ərazisindədir. Mən həmin yeri çox yaxşı tanıyıram, uşaqlığım və gəncliyim orda keçib. Həmin yer uca bir yüksəklikdir və orada ermənilərin postu da yerləşmişdi. Biz tarixi kəndimizə gedərkən qayanın dibindən çox ehtiyatla keçirdik. Düzdür, orda bizim mövqelərimiz var idi və arxayın gedə bilirdik. Azərbaycan ordusunun "Qızılqaya"nın yüksəkliyindəki mövqeyi ələ keçirməsi böyük tarixi zəfərdir. Bu, Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərindəki Lələtəpədə qazandığı uğurun davamıdır və ciddi hərbi-siyasi əhmiyyəti var. Qızılqayadan sol tərəfdə İrəvanı Dağlıq Qarabağla bağlayan yol mövcuddur. Bu o deməkdir ki, Ermənistan üçün strateji əhəmiyyəti olan yol da Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bu, Azərbaycan ərazilərinin qaytarılması uğrunda prezident İlham Əliyevin apardığı böyük işin addım-addım irəliyə doğru getdiyinin sübutudur". Deputatın fikrincə, bu hadisə ermənilərə bir daha başa salır ki, Azərbaycan ordusunun gücü, qüdrəti var: "Mən bunu doğma kəndimin bir hissəsinin qaytarılması mənasında çox böyük sevinc, milli qürur hissi ilə qarşıladım. Azərbaycan ordusunun sabahına nikbinlik, böyük inamla baxıram. Bu hadisə ordumuzun Naxçıvanda olan əlahiddə qoşununun yaradılmasının nə qədər zəruri, düzgün olduğunu göstərir. Bilirsiniz, Naxçıvanın üç tərəfi Ermənistanla həmsərhəddir. Geri alınan ərazi ordunun qüvvətləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından böyük əhəmiyyətə malik idi. Əsgərlərimiz sözün əsl mənasında fədakarlıq və qəhrəmanlıq göstərirlər. Bu, Azərbaycan ordusunun, əsgərinin, siyasətinin qələbəsidir".