Polad Bülbüloğlunun anası vəfat etdi..

Polad Bülbüloğlunun anası vəfat etdi..Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il, aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.

Adelaida Məmmədova Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun anasıdır.
Adelaida Məmmədova 1922-ci il, avqust ayının 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tiflis Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb.
1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanıb.

Adelaida xanımın diqqəti və qayğıkeşliyinin nəticəsi olaraq muzeydə Azərbaycan mədəniyyətinin həqiqi ocağı yaradılıb və muzey milli-mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mərkəzlərdən birinə çevrilib.
Adelaida Məmmədova Bülbül irsini mühafizə etməklə bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərib. O, muzey direktoru olmaqla yanaşı həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.
Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu”na layiq görülüb.
Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!


İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Firəngiz Əlizadə
Anar Rzayev
Fərhad Bədəlbəyli
Əlibaba Məmmədov
Arif Babayev
Siyavuş Kərimi
Akif Məlikov






Fikirlər