İrəvanın riyakar siyasəti: RUSİYAYA XƏYANƏT, Bakıya fürsət
Ermənistandan Moskvanı qəzəbləndirən iki ziddiyyətli addım - Ukrayna timsalında ərazi bütövlüyünə, Kosovo timsalında separatizmə dəstək; bölgədə ən ağır seçim İrəvanı gözləyir, çünki... Ermənistanın inqilab nəticəsində hakimiyyətə gəlmiş yeni hökumətinin ziddiyyətli xarici siyasət kursu davam edir. Əsas hədəf məlum: işğalçı ölkə inqilab sonrası dönəmdə həm Rusiyanın, həm də Qərbin yanında xoş olmaq, eyni vaxtda hər iki geosiyasi qütbün siyasi-iqtisadi dəstəyinə nail olmaq istəyir. O üzdən rəsmi İrəvan gah Rusiyaya, gah da Qərbə - ABŞ-a və Avropa Birliyinə xoş görünmək üçün bəzən məntiqə belə sığmayan, ziddiyyətli gedişlər və reveranslar edir. Bu da növbəti fakt. Xəbər verildiyi kimi, ötən həftə İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində yekun bəyannamə qəbul edilib. Nə qədər qəribə də olsa, Ermənistanın da səs verdiyi sənəddə Ukraynanın ərazi bütövlüyü təsdiqlənir. Sənəddə bildirilir: “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenitetinə hörmət edilməsinə, stabilliyin bərqərar olması və dövlətlər arasında mehriban qonşuluğun möhkəmləndirilməsi naminə mübahisələrin sülh yolu ilə həll edilməsi prinsipinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”. *****
“Yeni Müsavat” xatırladır ki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq ediləndə və məsələ BMT Baş Məclisinin sessiyasında səsverməyə çıxarılanda (mart 2014) Ermənistan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməmiş, özü kimi bir neçə izqoy dövlətlə birgə Rusiyanın yanında yer almışdı (Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs vermişdi). İndi isə belə çıxır ki, İrəvan Kremlin iradəsi əleyhinə gedərək, geri addım atır. Bu mənada Ermənistanın bu addımını beynəlxalq hüquqa hörmətdən daha çox, öz ağası və işğal ortağı olan Rusiyaya qarşı xəyanəti kimi qiymətləndirmək lazım gəlir. Çünki Ermənistanın simvolik dövlət kimi əsas varlıq qarantı məhz Rusiyadır. İkinci yandan, əgər İrəvan Azərbaycana münasibətdə də beynəlxalq hüquqa sayğılı olduğunu göstərsəydi, o zaman Ukraynaya dəstəyi haradasa anlamaq olardı. Söz düşmüşkən, bu ilin fevralında NATO-nun Brüssel sammitində iştirak edən yeganə KTMT üzvü ölkəsi də Ermənistan və onun rəhbəri Nikol Paşinyan olmuşdu. Sammitin gündəliyində duran əsas mövzulardan biri isə “Rusiya təcavüzünə qarşı tədbirlər”lə bağlı idi. *****
Bu da hamısı deyil. Sentyabrın 28-də BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Kosovonun xarici işlər naziri Bexcet Paçelli ilə görüşüb. Halbuki Ermənistan Rusiya kimi Kosovonun müstəqilliyini tanımayan ölkələr sırasında yer alır (Azərbaycan da Kosovonu tanımayıb və Serbiyanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir). Kosovo isə Kremlin Qərblə münasibətlərində “köhnə yaraları”ndan biridir. Həmin görüşdə Mnatsakanyan tipik erməni hiyləgərliyi və diplomatik riyakarlığa xas şəkildə demişdi: “Hərgah Ermənistan Kosovonun müstəqilliyini tanımır, bununla belə, bu cür təmaslar bir-birinin mövqeyi ilə yaxından və ilk əldən tanış olmaq üçün, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar açır”. Nazirlərin görüşündən iki həftə keçməmiş - oktyabrın 12-də İrəvanda keçirilən Frankofoniya tədbiri çərçivəsində Ermənistan prezidenti Armen Sərkisyan Kosovonun prezidenti Haşim Tacla görüşüb. Erməni qaynaqlarının məlumatına görə, tərəflər “genosid məsələlərini müzakirə ediblər və qeyd ediblər ki, onların tanınması və mühakimə edilməsi genosidlərin önlənməsi üçün ən yaxşı yoldur”. ***** Əslində “Soros fondu”nun təsiri altında olan Ermənistanın yeni rəhbərliyinin istər xarici işlər naziri olsun, istərsə də prezident səviyyəsində Rusiyanın maraqlarına və mövqeyinə zidd şəkildə Kosovonun dövlət başçısı və xarici işlər naziri ilə görüşməsi Kosovonun tanınması anlamına gəlir. Təsadüfi deyil ki, Serbiya prezidenti Frankafoniyanın Ermənistanda keçirilmiş sammitində iştirakdan imtina etmişdi.
Bütün bu ziddiyyətli gedişlər - bir yandan, Ukraynanın ərazi bütövlüyünə, o biri yandan Kosova timsalında separatizmə verilən dəstək işğalçı Ermənistanın yeni hökumətinin Qərbə xoş gəlmək üçün atdığı ziddiyyətli addımlar sayıla bilər. Eyni zamanda bu, Rusiyanı qıcqlandıran gedişlərdir, ona arxadan zərbə vurmaqdır, xəyanətdir. Hərçənd baş nazir Nikol Paşinyan dəfələrlə Moskvaya sədaqət andları içib. Beləcə, rəsmi İrəvan əslində Serj Sərkisyan dönəmində əsası qoyulmuş “iki stul”da oturmaq kimi təhlükəli xarici siyasət kursunu davam etdirməklə özünü tədricən Qərb və Rusiyanın çarpaz hədəfinə gətirəcəyinin fərqində deyil. O da var ki, İrəvanın Moskvaya qarşı xəyanətkar addımları artdıqca Kremlin də sövq-təbii Azərbaycana - regionun açar ölkəsinə ehtiyacı artır... ***** Yeri gəlmişkən, bu həftə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə - Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Artıq məlumdur ki, səfərdə əsas məqsəd bu üç Güney Qafqaz ölkəsinin Rusiya və İranla münasibətlərini aydınlaşdırmaq olacaq. Son gəlişmələr Bakı üçün müəyyən fürsətlər açır. Ən azı ona görə ki, Azərbaycan düşmən ölkə kimi təhlükəli “iki stul” siyasəti aparmır, müstəqil və balanslı xarici siyasət yürüdür. Bunlar isə fərqli anlayışlardır. Heç bir ciddi təbii və insan resursu olmayan, dünya okeanına çıxışdan məhrum, blokada rejimində və Rusiyadan asılı durumda yaşayan Ermənistandan fərqli olaraq, Azərbaycan ayaq üstə dayanan, iqtisadi müstəqilliyini təmin eləmiş bir ölkədir. Yəni Bakının yetərincə manevr imkanlar var. Odur ki, ən ağır seçim də işğalçı ölkəni gözləyir.