“VAŞADZE QALİB GƏLSƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ OLACAQ… ” – Gürcüstanın hakim partiyasında böyük təlaş

 

“Gürcü Arzusu” Zurabişvilini dəstəklədiyinə peşimandır

zurabisvili

Gürcüstanda oktyabrın 28-də keçirilən prezident seçkisinin nəticələri hakim “Gürcü Arzusu” Partiyasında böyük məyusluq yaradıb. Artıq müstəqil namizəd kimi qeydiyyatdan keçən, lakin hakimiyyətin bütün resurslardan istifadə edərək dəstəklədiyi Salome Zurabişvili, öz davranışları ilə həm ictimaiyyəti, həm də hakimiyyəti qıcıqlandırmağa başlayıb.

“AzPolitika” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, xanım namizəd seçkinin nəticələrini şərh etməkdən boyun qaçırıb. Mətbuata açıqlama vermək istəməyən Zurabişvilini öz evinin qapısında yaxalayan jurnalistlər ondan dəfələrlə nəticələri şərh etməsini xahiş etsələr də, xanım namizəd özünü çox saymazyana apararaq, jurnalistləri dəvət etmədiyini bildirib və üç dəfə ardıcıl olaraq, “hazır olanda deyəcəm” söyləyib. Artıq onun bu ifadəsi Gürcüstanda ironik münasibətə və lətifələrə səbəb olub. Çoxları onu qeyri-ciddilikdə və özünü “sanki ərə getməyə hazırsanmı” sualına cavab verirmiş kimi aparmaqda günahlandırıb.

Bununla yanaşı, hakim partiyanın xanım Zurabişvilinin namizədliyinin dəstəklənməsindən məyusluq keçirdiyi də açıq-aşkar hiss olunmaqdadır. Belə ki, səsvermədən dərhal sonra parlament sədri və Tbilisinin meri xanım namizədi qələbə münasibətilə təbrik etsələr də, cəmi bir neçə saat sonra nəzərdə tutulan atəşfəşanlıq və geniş tədbir ləğv olunub. Belə ki, bütün səylərə və hətta pozuntulara baxmayaraq, Zurabişvilinin müxalif namizədlə eyni səs toplaması hakimiyyəti məyus edib.

Hətta Tbilisinin meri, sabiq futbolçu Kaxa Kaladze Zurabişvilinin namizədliyinin dəstəklənməsini ümumiyyətlə, “səhv addım” adlandırıb. Mətbuat iddia edir ki, məhz onun bu açıqlaması xanım namizədin xoşuna gəlməyib. Bu səbəbdən də, Zurabişvili səsvermədən sonra hakim partiyanın qərargahına gələrək, mətbuat üçün açıqlama verməkdən imtina edib. Bundan sonra baş verənləri isə həm Kaxa Kaladze, həm də baş nazir Mamuka Baxtadze şərh etmək istəməyiblər. Həmçinin, seçkidən dərhal sonra açıqlama verən baş nazir bu seçkidən nəticə çıxardıqlarını deyib və idarəetmədə səhvlərə yol verdiklərini etiraf edib.

vasadze

Vəziyyət o yerə çatıb ki, artıq parlamentdə üstünlüyə malik olan hakim “Gürcü Arzusu” Partiyasının deputatları da təlaş içində olduqlarını biruzə verməyə başlayıblar. Belə ki, partiyanın aparıcı simalarından olan Qedevan Popxadze Saakaşvilinin namizədinin seçilməsinin təhlükəli olduğunu iddia edib: “Əgər Qriqol Vaşadze prezident seçilsə, vətəndaş müharibəsi başlayacaq. “Milli Hərəkat”ın qələbəsi sonrası Saakaşvili ölkəyə qayıdacaq, həbsdə olan Vano Merabişvili (sabiq baş nazir-red.) və Baço Axalaya (sabiq müdafiə naziri-red.) azadlığa buraxılacaq…”

Həqiqətən də, konstitusiyaya edilən yeni dəyişikliklərə görə prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılsa da, onun məhbusları əfv etmək və parlamentin qərarlarına veto qoymaq kimi hüquqları qalır.

Xatırladaq ki, Gürcüstanda keçirilən prezident seçkisinin ilk turunun rəsmi nəticələrinə görə,hakim partiyanın namizədi 38.64 faiz, Saakaşvilinin partiyasını təmsil edən Q.Vaşadze 37.74 faiz, sabiq prezidenti dəstəkləyən digər namizəd David Bakradze isə 11 faiz səs toplayıb. Sonuncu, ikinci turda Vaşadzeni dəstəkləyəcəyini bəyan edib. Bu nəticələr ikinci turu qaçılmaz edir və Saakaşvilinin namizədinin şansının yüksək olduğunu göstərir.

 






Fikirlər