“RUS NATO-su” Ermənistanı qorumayacaq – Bakıya QARABAĞ ANONSU
Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) İrəvanın yenidən öz adamını baş katib eləmək cəhdi daşa dirəndi. “Rus NATO-su”nun Astana sammiti işğalçı ölkənin yeni rəhbərliyi üçün ciddi fiasko ilə yadda qaldı. Ermənistan qurumda faktiki, təklənmiş duruma düşdü. Üstəlik, blokun Qazaxıstan və Belarus kimi üzv ölkələri başçılarının Azərbaycana ünvanlı reveransları fonunda bu, daha aydın və qabarıq şəkildə özünü büruzə verdi. Xəbər verdiyimiz kimi, qurumun dekabrın 6-a, Sankt-Peterburqa təyin edilən toplantısında məsələyə nöqtə qoyulacaq. Böyük ehtimalla, Ermənistanın ziyanına olan qərar qəbul ediləcək: baş katib postu başqa dövlətin, yəqin ki, Belarusun təmsilçisinə keçəcək. Bununla da Ermənistanda 8 dekabr parlament seçkilərinə 3 gün qalmış Paşinyan və komandası daha bir neqativ sürprizlə üzləşmiş olacaq. *****
“KTMT baş katibi məsələsi erməni tərəfinin xeyrinə çözülə bilməz”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində tanınmış rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib. Onun sözlərinə görə, baş katib postunda Yuri Xaçaturovu başqa bir erməninin əvəz etməyəcəyi hələ yaydan məlum olub. “Çünki Moskva təxminən bir il təşkilat üzvlərini baş katib vəzifəsini Ermənistanın təmsilçisi Xaçaturovun tutması üçün inandırmağa çalışdı. KTMT-da hamı Ermənistan nümayəndəsinin həmin vəzifəyə gətirilməsinə qarşı olub. Xüsusən də Qazaxıstan prezidenti Nursultan Nazarbayev məsələdə sərt mövqe tuturdu. Ona görə də Rusiya titanik səylər göstərdi. Amma indiki situasiyada - nə vaxt ki, İrəvan öncə baş katibə qarşı cinayət işi açdı, sonra isə onu geri çağırdı, Moskva daha nə Belarusu, nə də xüsusən Qazaxıstanı inandıra bilməz ki, onlar Ermənistanın mövqeyini dəstəkləsin”, - deyə analitik əminliklə qeyd edib. KTMT-nin Qarabağ məsələsinə mümkün təsirlərinə gəlincə, Yevseyev deyib: “Aydındır ki, Dağlıq Qarabağ məsələsində Qazaxıstan Azərbaycanı müdafiə edir. Həmçinin, təşkilatlın digər üzvləri var ki (Belarus, Qırğızıstan - ”YM"), formal olaraq Azərbaycanı dəstəkləyir. Nizamnaməyə görə, blok üzvlərindən birinə hücum olarsa, digərləri onu müdafiə etməlidir. Əslində isə Ermənistanın təhlükəsizlik qarantı KTMT yox, Rusiyadır". ***
Rusiyalı deputat, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyev isə hesab edir ki, Ermənistanın yeni hökuməti ölkəni NATO-ya üzv eləməyə çalışacaq. “Yeni Müsavat”ın məlumatına görə, belə bir açıqlamanı o, Pravda.ru nəşrinə deyib. “Mən baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın NATO-nun Norveçdəki ”Tident Juncture 2018" təlimləri zamanı söylədiyi sözləri xatırlayıram. Orada o, öz ölkəsinin NATO-ya üzv görmək istəyini dilə gətirmişdi. Üstəlik, belə bir fikir də işlətmişdi ki: “Əgər NATO-ya üzvlük üçün hər halda KTMT-dən çıxmaq lazım gələcəksə, biz buna da gecədəyik”, - deyə Savelyev bildirib. Ermənistanın Qarabağ konfliktinin alovlanacağı təqdirdə Moskvadan umduğu dəstəyə gəlincə, o da Yevseyevin mövqeyini bölüşür: “Biz əgər KTMT-dən danışırıqsa, Qarabağ məsələsinin hüquqi baxımdan buna heç bir dəxli yoxdur. Azərbaycan Ermənistana hücum eləməyi hətta ağılının ucundan belə keçirmir. Hərbi hərəkətlər isə vaxtaşırı tanınmamış ”Dağlıq Qarabağ Respublikası"nda özünü göstərir - hansı ki, Ermənistan ərazisi deyil. Bundan əlavə, “DQR” bu gün yeridik baxımdan heç kim, o cümlədən hətta Ermənistanın özü tərəfindən tanınmayan bir qurumdur və KTMT-yə üzv ola bilməz. O zaman bu iddiaların anlamı nə? Niyə Rusiya və ya KTMT-nin digər üzv ölkəsi Azərbaycan torpaqlarındakı münaqişəyə müdaxilə eləməlidir?" *****
Rusiyalı deputatın sözlərində həqiqət payı böyükdür. Doğrudan da Dağlıq Qarabağdakı əməliyyatlar hüquqi baxımdan Azərbaycanın daxili işidir. Ancaq biz bunu da xatırlayırıq ki, 2016-cı ilin aprelində, “4 günlük müharibə” zamanı Azərbaycan Ordusunun irəliləməsinə məhz Moskva əngəl oldu. Bundan əlavə, Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrovun “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” sözlərini də unutmamışıq. Başqa sözlə, əslində rəsmi Kreml istəsə, müharibəyə ümumiyyətlə, ehtiyac qalmaz və Qarabağ konflikti qısa zamanda həlini tapar. Yetər ki, Moskva bu münaqişəyə sırf Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq vasitəsi kimi baxmasın. Əks halda, Azərbaycanın və ya Ermənistanın KTMT-də olub-olmamasının anlamı olmayacaq. Necə ki, yoxdur. Rusiyalı politoloq və ekspertlərin İrəvana ünvanlı yuxarıdakı xəbərdarlıq və hədə-qorxu mesajları da hələ ki müstəsna olaraq, işğalçı ölkəni Kremlin təsir dairəsində saxlamağa hesablanıb, nəinki Qarabağ məsələsində İrəvanı konstruktiv mövqeyə kökləməyə...Şimaldan İrəvana təhdid: “Ermənistanın təhlükəsizlik qarantı KTMT yox, Rusiyadır”; Dumanın tanınmış deputatı isə “Niyə Rusiya Azərbaycan torpaqlarındakı münaqişəyə qarışmalıdır” dedi...