DİLQƏM və ŞAHBAZIN QURTULUŞU YAXINLAŞIR – İrəvan dilemma ilə üz-üzə
Təxminən 5 ay öncə Azərbaycan ərazisində ələ keçmiş erməni diversant Karen Kazaryanın məhkəməsi davam edir. Bir neçə gün öncə onun həmkəndliləri - Tavuş rayonun Berdavan kəndinin sakinləri hakimiyyətdən onun geri qaytarılmasından ötrü hərəkətə keçməsi üçün etiraz aksiyası keçirib, ərazidən keçən strateji əhəmiyyətli avtomobil yolunu bağlayıblar. “Yeni Müsavat” xatırladır ki, aksiya məhz Bakının az öncə bütün əsir və girovları “hamını hamıya” prinsipi əsasında dəyişmək təklifi verməsindən bir qədər sonraya təsadüf edib. Yerli sakinlər hökuməti bu şansdan yararlanıb öz vətəndaşlarını geri qaytarmaq üçün real addım atmağa çağırıblar. Lakin məlumdur ki, baş nazir əvəzi Nikol Paşinyanın aksiyaya reaksiyası neqativ olub. Ermənistan rəhbəri Kazaryanın, eləcə də Azərbaycan ərazisində saxlanan digər iki erməni diversant - Zaven Karapetyan və Arsen Baqdasaryanın bu yolla geri qaytarılmasının mümkünsüz olduğunu bildirmişdi. O, Xankəndində qanunsuz şəkildə mühakimə edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə nəzərdə tutaraq, söyləmişdi: “İstəyirsiniz ki, Azərbaycan daha iki Ramil Səfərov qazansın?” (Ermənistanda daha bir vətəndaşımız girov saxlanılır - Elnur Hüseynzadə)
Arsen Baqdasaryan Paşinyan eyni zamanda, guya Diqləmin öldürdüyü erməni gəncin ailəsini nişan verərək demişdi: “Siz heç o ailədən soruşmusunuzmu, onlar buna razıdılarmı?” ***** Təbii ki, Paşinyan seçkiöncəsi özünün hakimiyyət maraqlarından çıxış edərək belə deyir, blef edir. Hər halda, öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən tutulan və dözülməz işgəncələrə məruz qalan Dilqəm və Şahbazla bağlı işğal edilmiş ərazidə keçirilmiş saxta və qeyri-legitim “məhkəmə”nin çıxardığı hökm heç bir normal hüquqşünas tərəfindən ciddi qəbul oluna bilməz. Bu məsələdə yeganə, ən böyük cinayət tərəfi, suç yiyəsi varsa, o da şübhəsiz ki, işğalçı rejimdir. Aydındır ki, işğal olmasaydı, bu hadisə də olmaz, hətta iddia edildiyi kimi, erməni gəncin ölümü da baş verməzdi. Məsələ bu dərəcədə bəsit. Lakin “ox” artıq “yay”dan çıxıb. Sadə ermənilər Bakının ədalətli təklifini fürsət kimi qiymətləndirərək, hökumətə təzyiq etməyə başlayıblar. Bu da Azərbaycanın uğuru sayıla bilər. Artıq baş nazir əvəzi Nikol Paşinyan qeyri-standart vəziyyətlə üzləşib. Xalqın adamı olduğunu iddia edən Paşinyan hər necə olmasa, öz xalqının tələbinə gec-tez, adekvat cavab vermək zorundadır. Odur ki, Dilqəm və Şahbazın qaytarılması yönündə unikal bir şansın yarandığını söyləmək mümkündür. ***** Bu xüsusda erməni portalı armenianreport-da getmiş dünənki redaksiya məqaləsi də diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, sayt bir sıra qərəzli yanaşmalara rəğmən, Karen Kazaryanın Ermənistana qaytarılması üçün keçirilən aksiyaya dəstək verib. Başqa sözlə, əsir və girovlarla bağlı Bakının “hamını hamıya” prinsipi ilə dəyişmək təklifini, faktiki, müdafiə edib.
Məqalədə deyilir: “Bəli, Kazaryan əsgər deyil (əslində diversantdır - ”YM"). O, adi kənd sakinidir. Ancaq məgər bu reallıqla onun həyatının qiyməti azalır? Məgər o, dövlətin onun üçün axıradək mübarizə aparmasına layiq deyil? Kimsə etiraz edə bilər ki, bəs onda biz Şahbaz və Dilqəmin “öldürdüyü” (dırnaqlar bizimdir - “YM”.) gəncin doğmalarının gözünə necə baxarıq? Cavab veririk - bilmirik. Amma axı öləni artıq geri qaytarmaq mümkün deyil. Bizim sağ həmvətənimizi isə əsirlikdə öldürə bilərlər.
Karen Kazaryan Çinari kəndinin sakini Karen Petrosyanın (başqa bir erməni diversantı - “YM”.) başına gələnləri yada salın. Əfsus ki, əvvəlki rejimlər üçün sıravi erməninin həyatı qara qəpiklik dəyərdə olmayıb. Bəlkə indiki hakimiyyət hamıya sübut eləsin ki, artıq hər şey dəyişib və hər bir vətəndaşın həyatı onun üçün qiymətsizdir? Bəlkə nəhayət, əsirlərlə bağlı çətin, lakin taleyüklü qərar versin və hamımızda ümid yaransın ki, bizim ölkəmiz qəliz duruma düşmüş vətəndaşının xilası üçün mümkün olan və olmayan hər şeyi edəcək..." Beləcə, Ermənistanda Bakının “hamını hamıya” dəyişmək təklifinin tərəfdarları çoxalır. Prosesə artıq media ciddi təbliğati dəstək verməyə başlayıb. Bu, əlbəttə ki, erməni cəmiyyətində özünü göstərən yeni ovqatdan, yeni bir tendensiyadan xəbər verir - özü də indiki hökumətin xeyrinə olmayan bir tendensiyadan. ***** “Biz sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artırmalıyıq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir”. Bunu politoloq Elxan Şahinoğlu söyləyib. Politoloq da təsdiqləyir ki, erməni sakinlər əslində keçirdikləri aksiya ilə Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək veriblər. “Paşinyan hələ ki müqavimət göstərir. Ermənistan baş nazir əvəzi bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni anlatmaq istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. O tam haqlıdır. İki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq”, - deyə o qeyd edib. Politoloqun sözlərinə görə, Paşinyan da elə bundan ehtiyat edir: “Ancaq o, Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir”. Məsələ də bundadır. Axı, sələflərindən fərqli olaraq, Paşinyan özünü “xalqın baş naziri” hesab edir. Görək, üzləşdiyi daha bir qəliz tənliyi o, necə həll edəcək... Bakının “Hamını hamıya dəyişmək” təklifi işğalçı ölkəni qarışdırıb; Paşinyana daxili təzyiqlər artır; erməni portalı: “Ölən öldü, heç olmasa, əsirlikdəki erməniləri xilas edək...”