Ermənistanda yeni QALMAQAL: Paşinyanın gizli səs YAZISI YAYILDI
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, həmçinin, Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan arasında baş tutan telefon danışığı yayılıb. AzerTaym.az xəbər verir ki, Youtube-də yayılan səs yazısı ilə bağlı Paşinyanın yaxın saatlarda geniş açıqlama verəcəyi gözlənilir. Telefon danışığı zamanı Vanetsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yura Xaçaturovun həbsinin Ermənistana ciddi imic zərbəsi vura biləcəyini deyir. Xüsusi xidmət rəhbəri Rusiyadan gələn hərbi nümayəndələrin onları bu addımdan daşındırmağa çalışdıqlarını da hökumət rəhbərinə çatdırır. İki tərəf həmçinin, eks-prezident Robert Koçaryanın da həbsini müzakirə edir. Digər səs yazısında isə Vanetsyan və Xaçaturyan Xaçaturovun həbs yox, zaminə buraxılmasının doğru qərar olması barədə razılaşırlar.