Ermənistan üçün “Suriya sınağı” - İRƏVANIN yeni TÜRKİYƏ təlaşı
Ankaranın Vaşinqtonla yaxınlaşması və anlaşması ən çox işğalçı ölkədə panik ovqat yaradıb - səbəblər; İrəvanın Amerika ümidi daşa dəyə bilər; daşnak siyasətçi: “Türkiyənin hərəkətləri bütün regiona təsir edəcək...” ABŞ-Türkiyə münasibətlərində maraqlı gəlişmələr baş verir. Bu gəlişmələr nəinki Yaxın və Orta Şərq regionuna, həmçinin Azərbaycanın da yerləşdiyi Güney Qafqaz bölgəsinə təsir göstərə bilər. Belə görünür, Vaşinqton və Ankara arasında iki dövlətin yaxınlaşmasına hesablanmış hansısa konfidensial anlaşmalar mövcuddur. Artıq ABŞ Türkiyəyə “Petriot” paket komplekslərini satmağa razı olub və Senatın təsdiqləməsi qalır. Bir neçə gün öncə isə rezidenti D.Tramp Amerika qoşunlarının Suriyadan tədrici çıxması haqda qərar verib. Bu isə qardaş Türkiyəyə imkan verir ki, Suriyanın şimalını PKK/PYD terror birləşmələrindən tam təmizləsin. Düzdür, hələ əməliyyata başlanmayıb. Ancaq onun başlaması gün məsələsidir. Yaxın günlərdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya gedəcək. Xəbərlərə görə, əsas müzakirə mövzusu Amerika qoşunlarının Suriyadan çıxması olacaq. Heç şübhəsiz, bunu fərq edən PKK/PYD terror qruplaşması özünə Rusiya və İran timsalında yeni müttəfiq tapmağa çalışacaq. Ankara bunun qarşısını almağa çalışacaq və yəqin ki, alacaq. Hər halda, sanksiyalar altında olan Rusiya və İran üçün Ankara ilə münasibətlər indi qat-qat önəmlidir. Bu xüsusda politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə əməliyyat məsələsində tələsməlidir: “Tramp Suriydan çıxmaqla bağlı qərarını verdi və bu qərarın icrasına başlanıldı. Bu qərar Türkiyənin xeyrinədir, ABŞ-la münasibətlərinin istiləşməsinə istiqamət verə bilər. Burada başqa problem ortaya çıxır: Amerika Suriyadan çıxacaqsa, orada boşluq yarana, terrorçular da hiyləgərlik işlədib kimləsə müttəfiqliyə girərək özlərini Türkiyə ordusundan qoruya bilərlər”. Lakin ekspert bunu az ehtimallı sayır, çünki: “Rusiyanın Türkiyə ilə çox sıx əlaqələri var. Rusiya yanlış qərar verib ABŞ-ın boşluğundan istifadə edib PKK ilə təmaslara keçsə, YPG və PYD ilə işbirliyi qursa, Türkiyə ilə münasibətlərini korlamış olacaq. Ona görə, məncə, Rusiya belə addımı atmamalıdır. İstisna etmirəm ki, Rusiyada müəyyən mərkəzlər YPG və PYD ilə təmaslara başlanmasını istəyə bilər. Amma Türkiyənin bundan xəbəri olsa, Türkiyə-Rusiya tərəfdaşlığı böyük çat verəcək”. *****
Suriya ətrafındakı proseslərdə, ABŞ-Türkiyə münasibətlərində yaşanan dəyişikliklər deyəsən, erməniləri də ciddi təlaşlandırıb. Əslində məntiqlidir. Birinci o səbəbə ki, Suriyadakı, Livandakı erməni terrorçularının Türkiyə əleyhinə sadiq müttəfiqlərindən biri məhz PKK/PYD-dir. Zaman-zaman məlumatlar yayılıb ki, Ermənistan həm öz ərazisində, həm də işğal altındakı Dağlıq Qarabağda onlara səxavətlə sığınacaq verir. İkincisi, əlbəttə ki, ABŞ-Türkiyə yaxınlaşması, Ankaranın Ağ Ev üçün bölgədə artan önəmi və qardaş ölkənin bölgədə daha da güclənməsi İrəvanın maraqlarına uyğun deyil. Üstəlik, inqilab nəticəsində hakimiyyətə gəlmiş gizli qərbpərəst Nikol Paşinyan və tərəfdarları Rusiyadan çox ümidlərini ABŞ-a bağlayıb. Hətta regionda yaxın gələcək üçün ABŞ-a Türkiyə qədər lazımlı olacaqları kimi iddialar var. Bundan əlavə, gələn il Qarabağ məsələsində ABŞ-ın fəallaşacağı istisna edilmir.
Yeri gəlmişkən, Ermənistanın “Ay Data” ofisinin rəhbəri və Daşnaksütyun Partiyasının siyasi məsələlər üzrə məsul şəxsi Kiro Manoyan bildirib ki, ABŞ tezliklə Ermənistana Qarabağ məsələsində güzəşt etməsi üçün təzyiqlər edəcək. Onun sözlərinə görə, Ermənistandakı daxili proseslər Azərbaycanın danışıqlar prosesinə yanaşmasında müəyyən dəyişikliklərə gətirib çıxarıb.
“Yeni Müsavat” xatırladır ki, bu ilin oktyabrında bölgədə səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da Nikol Paşinyanla görüşdən sonra bəyan etmişdi ki, İrəvan Rusiya ilə ənənəvi bağlarına təzədən baxmalıdır və əgər qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə gələn il (2019-cu il - “YM”) konfliktin həllində real dönüşə nail olmağa çalışmalıdır... Daşnak siyasətçi açıqlamasında daha sonra deyib: “Amerika qoşunları çıxandan sonra Türkiyə önündə Suriya rayonlarına müdaxilə imkanı açılır - hansı rayonlar ki, kürdlərin nəzarətindədir və orada erməni əhali üstünlükdədir. Təbii ki, bu, bizi narahat edir, ona görə ki, orada erməni əhali var. İkincisi, bu ərazi bizim sərhədlərimizdən çox da uzaqda deyil - cəmi 300-350 km məsafə var”. Manoyan əlavə edib ki, beləcə, Türkiyənin hərəkətləri bütün regiona təsir edə bilər. ***** Söz yox ki, proseslərin hansı səmtdə inkişaf tapacağı Rusiyanın mövqeyindən də asılı olacaq. Ola bilsin, Paşinyan sabahkı Moskva səfəri zamanı Putinlə görüşdə Suriyanın şimalındakı erməni əhalinin təhlükəsizliyi məsələsini də qaldırsın. Kreml yəqin ki, bu xahişi Türkiyə tərəfinə - Çavuşoğluna çatdıracaq. Hərçənd, qardaş ölkə Suriyaya dinc əhali ilə savaş üçün yox, terrorçuların axırına çıxmaq üçün girir. Əsas hədəflərdən biri də elə yerli sakinlərin əmin-amanlığını, dinc yaşayışını və inkişafını təmin eləməkdir.
Ən önəmlisi, Türkiyə Suriyada kürd-erməni terrorçuları ilə işi bitirdikdən sonra Cənubi Qafqaza, buradakı konfliktli məsələlərə diqqətini artıracaq. Əgər Ankara və Moskva ABŞ qoşunları çıxandan sonra Suriyada böyük sülh anlaşmasına da nail ola bilsə, bu ortaqlıq nə vaxtsa Qarabağ probleminə də inikas edə bilər - baxmayaraq ki, Rusiya hələ ki Dağlıq Qarabağ məsələsində söz sahibliyini hansısa dövlətlə bölüşmək istəmir. Ancaq bu, hələlik belədir. Vəziyyət dəyişə də bilər. Yəni Qarabağ məsələsində, Ermənistanla sərhədlərin açılması məsələsində hansısa irəliləyiş təşəbbüsü istər Rusiya tərəfdən olsun, istərsə də ABŞ, hər iki variantda Ankara prosesdə artıq mühüm söz sahibliyi və ciddi təsir imkanına malik olacaq. Bu isə sübhəsiz ki, Azərbaycanın maraqlarına uyğundur. Çünki dünyada Türkiyə və Azərbaycan qədər yaxın iki ölkə yoxdur. Ankara rəsmilərinin dediyi kimi, Azərbaycanın problemləri Türkiyənin problemləridir... Qəzet çapa gedərkən məlum oldu ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan yaxın bir-iki gündə Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Bu barədə o, dünən AKP-nin Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Məlumata görə, Ərdoğan bu həftənin sonunda Rusiyaya səfər edəcək. Bu, onun Putuinlə bu il ərzində sayca 8-ci görüşü olacaq.