Xəbər verdiyimiz kimi, Türkiyənin "Palmali” Şirkətlər Qrupu gəmilərindən birinə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin adını qoyacağını açıqlayıb. Xeyriyyəçi iş adamı Mübariz Mənsimovun ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu addımına Elçibəy ailəsindən də reaksiya gəlib.
"AzerTaym.az" bildirir ki, Yenicag.az-a açıqlama verən Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bu addımı təqdir etdiklərini bildirib: "Əlbəttə ki, Mübariz Mənsimovun adından yayılan bu bəyənatdan həm mənim, həm də ailəmizin xəbəri var. Təbii ki, təqdir olunası haldır. Biz bunu Əbülfəz Elçibəyə verilən dəyər kimi yüksək qiymətləndirir və görəcəyi bu işə görə Mübariz bəyə həm Elçibəyin ailəsi adından, həm Elçibəyin oğlu olaraq şəxsən öz adımdan təşəkkür edirik. Azərbaycanın bütün dəyərli insanlarının, xalq qarşısında xidmətləri olmuş adamların adlarının istər dövlət tərəfindən, istərsə də iş adamları və ya adi insanlar tərəfindən əbədiləşdirilməsi, əziz tutulması sevindirici haldır”.
Elçibəyin oğlu bəyanatda gedən bir cümləyə xüsusi olaraq diqqət çəkib: "Yayılan bəyanatda Əbülfəz bəyin həyat yolu haqqında deyilən xoş sözlərə görə də, minnətdarlığımı bildirirəm. Orada bir cümlə işlədilir: "Qazanılan bütün uğurların bədəlini millət deyil, özü ödəsin deyə, hakimiyyətdən çəkilib getdi”. Bu həqiqəti illərdir ki, bu ölkədə özünü böyük siyasətçi adlandıranlardan tutmuş, hətta özünü Elçibəyin silahdaşı sayanlar belə dərk etməkdə acizlik çəkir. Bəlkə də dərk edənlər var, amma demək istəmirlər. Məhz bu yanaşmaya, hadisələrə verdiyi düzgün qiymətə görə bu sözlərin müəllifinə təşəkkür etmək lazımdır”.
Elçibəy ailəsinin məsələyə həmin günlərdə reaksiya verməməsinə gəlincə, Ərturqut Əliyev bildirib ki, onlardan bu günə qədər heç kəs bu haqda nəsə soruşmayıb: "Elçibəyin ailəsi hamının bildiyi kimi, üç nəfərdən ibarətdir: anam, bacım və mən. Biz bu məsələni öz aramızda müzakirə etsək də, heç birimiz ailə adından bu mövzuda indiyə qədər heç bir açıqlama verməmişik. Bizdən başqa da hər hansı bir insanın Elçibəy ailəsi adından nəsə deməyə nə ixtiyarı var, nə də həddi. Hamı yaxşı bilir ki, Elçibəyin maddi və mənəvi varisi bacım və mənəm. Əvvəllər zaman-zaman belə hallar olub ki, kimlərsə bizim adımızdan nəsə danışıb, kimləsə görüşüb. Amma biz bu hallara son qoymaq üçün hər zaman demişik, indi də deyirik ki, biz nə adımızdan danışmağı, nə də kimləsə ünsiyyət yaratmağı heç kəsdən istəməmişik, heç kəsə də belə bir səlahiyyət verməmişik. Əgər kimsə hər hansı bir məsələylə bağlı təşəkkür etmək istəyirsə, bunu alqışlayıram. Amma bir şərtlə ki, nə edirsə, öz adından etsin”.
Fikirlər