“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu TUTULDU – Adam öldürüb (FOTOLAR)
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü barəsində yeni məlumatlar ortaya çıxıb. Minval.info xəbər verir ki, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.