“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR
Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. Tarif Şurasının 30 aprel tarixli qərarından sonra elektrik enerjisinin istehlakı ilə də bağlı analoji addımın atılmasının vacibliyi qeyd oilunur. Hesab edilir ki, hökumət işqıdan istifadəyə görə də vətəndaşların durumunu yüngülləşdirən qərar verməlidir. Modern.az saytı bu dəfə deputatlardan işq limiti ilə bağlı rəy öyrənib. Fəzail Ağamalı: “ Hazırda hər hansı təklif vermək fikrim yoxdur. Hökumətin Milli Məclisdəki hesabatı zamanı mən təklif irəli sürmüşdüm. Kütləvi informasiya vaitələrində də bu barədə sualları cavablandırmışam. Tarif Şurası da öz mövqeyini ortaya qoyub. Bundan sonra əlavə fikir bildirməyə ehtiyac duymuram. Yenidən Milli Məclisdə limitin artırılması ilə bağlı kimsə təklif irəli sürə bilər. Millət vəkili, eyni zamanda bir vətəndaş kimi limitin artırılması fikri mənim mövqeyimdi, lakin Tarif Şurasının da öz mövqeyi var. Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun. Tarif Şurasının son qərarını müsbət dəyərləndirirəm və düşünmürəm ki, məsələnin müzakirəsinə son qoyuldu”.
İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.
Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Çingiz Qənizadə: “İşığın limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur. Bu, prezidentin iradəsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı marağı və siyasəti ilə tənzimlənir. Qiymətlərin artırılıb-endirilməsi bildiyimiz kimi, Tarif Şurası vasitəsi ilə həyata keçirilir. Qazın limitinin artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinin açıqlamasında da bildirildi ki, cənab prezidentin mövqeyidir. Qazın limitinin artırılması çox böyük addım idi. Prezident iki gün öncə keçirilən toplantıda “Azəriqaz”a insanlara süni problem yaratmaları barədə ciddi xəbərdarlıq etdi. Bura qaz sayğaclarına müdaxilə, cərimələrin tətbiq edilməsi kimi məsələlər daxildir ki, bunlar da zamanla yığışdırılacaq. Tək limit məsələsi deyil, həmçinin bu kimi problemlərin də aradan qaldırılması ilə bağlı tapşırıq verildi. Prezident müşavirədə qeyd etdi ki, biz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Belə olan halda düşünürəm ki, işığın limitinin artırılması məsələsinə baxılacaq. Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.
Fazil Mustafa: “İşığın limitinin də artırılmasını təklif etmişik. Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və bu məsələ öz həllini tapsın”.