ELDAR ƏZİZOVUN KORRUPSİYA MÜBARİZƏSİ və Abutalıbovun GÜNAHI...

Ekspert: “BŞİH-in  maliyyəsi, hətta polisi olmalıdır

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurum daxilində korrupsiyaya bulaşmış kadrları təmizləyir. Aprelin 24-də Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Eldar Əzizov hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Bu ilin mart ayında  Hesablama Palatası BŞİH müvafiq strukturlarda xeyli korrupsiya faktını özündə birləşdirən məlumatlar açıqlayıb. Ötən sayımızda məlumat verdiyimiz kimi, Əzizov bu kimi qanunsuzluqlara yol verən kadrlardan biri olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr  Rəfael Mehralıyevin səlahiyyətlərini əlindən alıb. Bildirilir ki,  E. Əzizovun bu qərarı verməsinə səbəb departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən təmiri zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır.

Bəs bu işlərdə Eldar Əzizovdan öncə Bakı şəhərinin icra başçısı vəzifəsini tutan Hacıbala Abutalıbovun günahı nə qədərdir?

Araşdırmalar göstərir ki, hazırda işində nöqsan tutulan kadrlar elə Abutalıbovun dövründə vəzifəyə gətirilib. Ekspertlərin fikrincə, Abutalıbovun zamanında Bakı şəhərində xeyli qanunsuz tikililər salınıb ki, bu gün həmin tikililər həm yol infrastrukturunun genişləndirilməsinə, həm də kanalizasiya xətlərinin bərpasına problem yaradır. Eyni zamanda Abutalıbovun zamanında Bakının Baş planı da unudulub. Ekspertlər bildirirlər ki, tikintilər aparılan zaman sonuncu Baş plana heç baxılmayıb da. Nəticədə Bakının amfiteatr üslubu tamamilə sıradan çıxıb və havanın şəhər üzərində hərəkətində belə problemlər yaşanır. Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri hələ Abutalıbovun dövründə xeyli məhdudlaşdırıldı. Lakin buna baxmayaraq, hələ də şəhərin idarəçiliyi bu quruma tapşırılıb.

Əzim Məsimov ile ilgili görsel sonucu

Bəs Əzizov nöqsanları aradan qaldırıb, korrupsiyanın kökünü kəsə biləcəkmi?

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söylədi ki, Bakını idarə etmək üçün dünya təcrübəsindən bəhrələnmək lazımdır: “Hazırda icra hakimiyyətinin əlində demək olar ki, heç nə yoxdur. Məsələ burasındadır ki, hətta Bakının zibili belə bu qurumun tabeliyində deyil. İlk olaraq Bakını idarə edən qurumun səlahiyyətlərini bərpa etmək lazımdır. Bu qurumun maliyyəsi, hətta polisi belə olmalıdır. Kommunikasiyaları da icra hakimiyyətinə vermək lazımdır. Bakı boyda ərazinin vahid idarəçiliyi yoxdur. Bütün demokratik ölkələrdə bələdiyyələr hakimdir. Biz görürük ki, Türkiyədə bələdiyyə üstündə dava gedir. Çünki bələdiyyələr orada yerli hökumət sayılır və hər şey də onun əlindədir. Bizdə isə belə deyil. İndiyədək də mənzil istismar idarələri ilə bələdiyyələr arasında sərhəd qoyan yoxdur. Bilinmir ki, MİS nəyə, bələdiyyə hansı işə lazımdır? Ona görə də mütləq şəkildə bələdiyyə yaranmalıdır. Bu bələdiyyə yerli icranı təmin etməlidir. Mən Amerikada şəhər bələdiyyəsi ilə görüşmüşdüm. Onunla söhbətimdə gördüm ki, bələdiyyələr necə dəqiqliyi ilə idarəçilik işini aparırlar. Baxırıq ki, rayonlarda bələdiyyə var, Bakıda isə yoxdur. Bu, necə ola bilər? Bakıda bələdiyyə yaranmalı, bütün təsərrüfatlar da ona tabe olmalıdır. Şəhərə xidmət edən özəl şirkətlər də bu qurumla birlikdə işləməlidir. Tender əsasında sifariş alıb, iş görməlidir. Bütün bunlar həll olunmada Bakının idarəçiliyində əsaslı dəyişiklik aparmaq mümkün deyil. Dünya təcrübəsinə uyğun olaraq Bakının yeni strukturu yaradılmalıdır. Məsələn, Moskva, Ankara, İstanbuldakı kimi  iş görmək olar. Elə həmin şəhərlərdəki idarəetmə sistemini olduğu kimi tətbiq edərsək, xeyli irəli düşmüş olarıq. Bizdə kimin nəyə cavab verdiyini söyləmək çətindir. Bələdiyyələr tam olaraq formalaşdırılmalı, mərkəzlə əlaqəsi təmin edilməlidir. Hazırda Eldar Əzizov işləyir. Ancaq əlində yuxarıda söylədiyimiz kimi çox geniş səlahiyyət yoxdur. Bundan başlamaq lazımdır ki, əmlak, fəaliyyət sahəsi, struktur dünya təcrübəsinə əsaslanaraq hazırlanmalıdır. Yeni strukturda nəzarət olacaq və bələdiyyələr belə öz əmlaklarına nəzarət edəcəklər. O zaman korrupsiyaya qarşı da mübarizə öz effektini verəcək. Çünki idarəçilik forması da dəyişəcək”. (musacat.com)

 






Fikirlər