Şəbnəm Tapdıq: “Özümə “İlk Şəbnəm” təxəllüsünü götürdüm ki…”
Əməkdar artist, müğənni Şəbnəm Tapdıq öz adını dəyişmək qərarına gəlib. Bu barədə musavat.com-a danışan müğənni özünə “İlk Şəbnəm” təxəllüsünü götürdüyünü deyib: “Bildiyiniz kimi, Şəbnəm adı ilk olaraq atamın kitablarında səslənib. Atam bizim adımıza çoxlu sayda şeirlər həsr edib. Yazıçı, şair də xalqın düşünən beynidir. Kimisi atamın şeirlərini oxuyandan sonra və yaxud mən səhnəyə çıxıb oxuyanda bəyənir və qızına Şəbnəm adı qoyur. Mən kiməsə qadağa qoya bilmərəm ki, adımdan istifadə etməsinlər”. Xatırladaq ki, bu günlərdə müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Şəbnəm Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Ş.Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə vərəcəyini deyib. Məlumat üçün bildirək ki, müğənni Şəbnəm Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etirazını bildirib. Hətta bununla bağlı Milli Televiziya və Radio Şurasının sədrinə məktub ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etmələrini istəyib. Şəbnəm Tapdıq bu məsələ ilə bağlı da musavat.com-a qısa açıqlama verib: “İndi təzə-təzə Şəbnəm adında müğənnilər ortalığa çıxır. Amma ilk Şəbnəm mənəm, ona görə də artıq təxəllüsüm İlk Şəbnəmdir. Bu barədə mənim rəsmi şəhadətnamələrim də var”. Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) artıq əməkdar artist Şəbnəm Tapdığın Nuşirəvan Məhərrəmliyə müraciəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib. MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia həqiqətən, əsassızdır: “O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.