Bu gün Əbülfəz Elçibəyin ölümündən 19 il ötür...

Bu gün Əbülfəz Elçibəyin ölümündən 19 il ötür...

Azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün ölümünün 19-cu ildönümüdür. 

"AzerTaym.az" “Yeni Sabah”-a istinadla Əbülfəz Elçibəy barədə məlumatı sizə təqdim edir:

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. 

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalan Elçibəy 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).

Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.

Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868-905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).

Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.

7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən şəxs də məhz Əbülfəz Elçibəy olub. Hakimiyyəti dövründə ölkədə demokratiyanın bərqərar olması, əhalinin vəziyyətinin yaxşılaşdırılması yönündə mühim işlər görüb. Sabiq prezidentin hakimiyyətə gəldiyi ilk dönəmlərdə qarşısında dayanan ən ali vəzifələrdən biri də Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi, könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi. 

Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapdı.

Bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.

Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. 

Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.

Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.

Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.

Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.

Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa  dair ilk bəyanat qəbul edildi – 22 may 1992.

Onun hakimiyyəti dövrünə - 17 iyun 1992-ci il Ermənistanı ilk təcavüzkar ölkə kimi tanıyan təşkilat “İslan konfrasnı təşkilatı” oldu. Azərbaycan Respublikası YUNESKO təşkilatına daxil oldu – 3 iyul 1992.

Dünyanın bir çox məşhur transmilli şirkətləri ilə neft sənayesi sayəsində sazişlər imzalanmağa başladı – 7 sentyabr 1992.

Azərbaycan Silahlı Qüvvələri yaradıldı və ilk milli parad keçirildi – 9 oktyabr 1992.

Keçmiş Sovet ölkələri arasında ilk dəfə test üsulu ilə ali təhsil ocaqlarına imtahanın keçirilməsi baş tutdu – 15 noyabr 1992.

Mindən çox gəncə xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı.

Latın əlifbasına keçildi – 22 dekabr 1992-ci il.

Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların hüququ və azadlıqlarının qorunması dil və mədəniyyətin inkişafı haqqında fərman imzlandı.

Azərbaycan ATƏT-ə qoşuldu – 30 yanvar 1992-ci il

Sovet ölkələri arasında ilk dəfə olaraq. Rus ordusu Azərbaycandan çıxarıldı – 25 may 1993.

Əbülfəz Elçibəy 4 iyun 1993-cü il Gəncədə Surət Hüseynov rəhbərliyi ilə AXCP hökumətinə qarşı qaldırılan qiyamdan sonra hakimiyyətən getdi.

Bundan sonra Kələki kəndinə getdi və orada dörd il dörd ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. 1997-ci ildə Bakıya qayıdan keçmiş Prezident yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib və Demokratik Konqresə sədr seçilib, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Onun siyasi-nəzəri görüşləri “Bu mənim taleyimdir” (Bakı, 1992), “Deyirdim ki, bu quruluş dağılacaq” (Bakı, 1992), “Demokratiya və azadlıq” (İstanbul, 1992), “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998), “Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!” (Bakı, 2002), “Elçi düşüncələri” (Bakı, 2002) kitablarında əksini tapıb. Əbülfəz Elçibəy ”Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” ülküsünü irəli sürüb.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 22 avqust 2000 tarixində uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

O, Birinci Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət etsin!






Fikirlər