Bu gün Elçibəyin DOGUM günüdür
Bu gün Azərbaycan milli hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günüdür. AzerTaym.az xəbər verir ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirib. 1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. 1965-ci ildə xarici ezamiyyətdən dönən Elçibəy BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. Həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. 1992-ci il iyunun 7-də prezident seçilib. 1993-cü ildə Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edərək, doğulduğu Kələki kəndinə gedib. İyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərinə son verilib. Bundan sonra o, fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Ə. Elçibəy 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
Xərçəng xəstəliyindən əziyyət çəkən Ə. Elçibəy 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişib. Onun nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.