Sabiq deputat, İmam Hüseyn Məscidinin axundu, son dövrlər siyasi fəallığı ilə seçilən Hacı Əbdül "azpolitika.info"ya müsahibə verib.
"AzerTaym.az" sayta istinadla həmin müsahibəni təqdim edir:
- Hacı, uzun illərdir ki, siyasətlə məşğulsunuz. Siyasətdə konkret hədəf və məqsədiniz nədir?
– Bir Allah şahiddir ki, mənim gəncləri narkotik maddələrdən, spirtli içkilərdən uzaqlaşdırmaq, xalqa fayda vermək niyyətim var. Bundan başqa heç bir məqsədim yoxdur. Bunun üçün də əlimdən gələni edirəm.
- Ancaq siz bunu din adamı olaraq da həyata keçirə, günlük həyatda, xeyir və şər məclislərində, hətta KİV-lərdə də təbliğat apara bilərsiniz. Bu məqsədlər üçün hökmən siyasətlə məşğul olmaq vacibdir ki?…
– Fikrimcə, bunun üçün siyasətlə məşğul olmağa çox böyük ehtiyac var. Bu ehtiyacın nədən ibarət olduğunu sizə deyim. Əvvəla, siyasətçilərin əksəriyyəti deyir ki, siyasət pis peşədir, bu peşə ilə məşğul olmayın. Amma din siyasətin gözəl olduğunu deyir və izah edir ki, siyasətlə məşğul olan şəxs təmiz və düzgün yolla gedib insanları düz yola dəvət etməlidir. Mən ona görə siyasətlə məşğul oluram ki, bir çox siyasətçilər bu peşə ilə məşğul olduğu təqdirdə siyasəti pisləyirlər. Siyasət təmiz insanların əlində olanda yaxşıdır.
- 30 ildir ki, siyasətlə məşğul olduğunuzu deyirsiniz, amma bu günə qədər özünüzə bir siyasi partiya yarada bilməmisiniz. Səbəbi nədir?
– Əslində mənim həyatım çox ağır və keşməkeşli olub. Partiya yaratmaq üçün oturmaq, rahat şəkildə iş görmək lazımdır. Mənim həyatım isə keşməkeşli olub. Amma mən kimi haqlı bilmişəmsə, onu dəstəkləmişəm, köməklik etmişəm. Mən konkret haqlı olanları daima müdafiə etmişəm. Hesab edirəm ki, doğru da etmişəm.
- Bu gün siyasətdə kimi və niyə müdafiə edirsiniz?
– Mən, Mehriban xanımın xalqımızın gələcəyində, torpaqlarımızın azad edilməsində böyük rolunun olacağını görməsəydim, heç siyasətlə məşğul da olmayacaqdım. Köhnə siyasətçilərdən bunu edəcək başqa bir şəxsi görmürəm. Mən bunların hamısını Mehriban xanımda gördüyüm üçün siyasətə qayıtdım. O məqsədlə qayıtdım ki, Mehriban xanıma dəstək olmaq, onu müdafiə etmək lazımdır. Heç olmasa Xalq və Vətən naminə. Yəni özüm üçün deyil, Xalq və Vətən naminə bunu etmək lazımdır.
- Mehriban xanım sizin onu müdafiə etməyinizi necə qiymətləndirir və ya ümumiyyətlə bilirmi?
– Mehriban xanımın bunu bilməsi, fikrimcə, bir o qədər də önəmli deyil. Mehriban xanımın hakimiyyətə gəlməsi önəmlidir. Mənim kimi Mehriban xanımı müdafiə edən minlərlə insan var.
- Amma Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin ikinci rəhbər şəxsidir. Yəni onsuz da hakimiyyətdədir…
– Xeyr, məncə hakimiyyətdə olmaq söz sahibi olmaqdır. Söz sahibi…
- Hacı, hakimiyyətin ikinci adamı olmaq elə söz sahibi olmaq demək deyilmi?…
– Bizim hakimiyyətdə olanların əksəriyyəti milləti bu günə qoyub, torpaqların verilməsində, xalqın bu vəziyyətə düşməsində əlləri olub. Onlar bu gün də hakimiyyədə təmsil olunurlar. Ancaq bu o demək deyil ki, belə şəxslər xalqın və vətənin gələcəyi haqqında gözəl düşünürlər…
- Bunlar ciddi ittihamlardır…
– Mən torpaqların itirilməsinin məsuliyyətini bu hakimiyyətin üzərinə qoymuram. Deyirəm ki, torpaqlarımızın getməsində indiki hakimiyyətdə olan bəzi insanların da əli olub. Əlbəttə, Mehriban xanımın Birinci vitse-prezident seçilməsi böyük üstünlük yaradıb və yaratmaqdadır. Gələcəkdə də çox gözəl dəyişikliklər olacaq. Və biz buna inanırıq…
- Sizin yaratdığınız "Vətən Naminə İnkişafa Doğru Hərəkat”ın taleyi necə oldu, bu qurumu qeydiyyatdan keçirmişiniz, yoxsa formal ad altında fəaliyyət göstərirsiniz?
– Biz təşkilatı qeydiyyatdan keçirmişik. Böyük fəaliyyət aparırıq, sadəcə sizin xəbəriniz yoxdur. Bunun üçün hərdən Youtube.com-a daxil olmaq, mətbuatla maraqlanmaq lazımdır.
- Açığı, sizin intensiv fəaliyyətinizə rast gəlinmir…
– Fəaliyyətimiz var və mətbuatda işıqlanır, bəzən göstərirlər. Bu yaxınlarda biz daha geniş fəaliyyətə başlayacağıq.
- Ümumi baxışlarınız aydındır, bəs müxalifət partiyalarına və siyasətçilərinə münasibətdə hansı mövqeni tutursunuz?
– Onlarla münasibətim necə olmalıdır? Onlar öz yolları ilə gedir, bizim də öz fikirlərimiz var. Bunlar üst-üstə düşəndə gözəldir. Amma hamı eyni fikirdə də ola bilməz.
- Amma elə siyasətçilər var ki, hakimiyyətin gördüyü bütün işlərin üzərindən xətt çəkir, müsbət bir iş görülmədiyini, uğurların olmadığını bildirirlər…
– Fikrimcə, belə də olmalıdır. Beş-altı nəfəri bir şəhərə göndər və sonra onların təəssüratını soruş. Biri deyəcək ki, şəhərdə ancaq narkomanları görüb, içkili şəxslərlə rastlaşıb. Başqası deyəcək ki, gözəl insanları və işləri gördüm. Əslində kim necə görmək istəyirsə, onu da görür. Biz Mehriban xanımda görmək istədiklərimizi görürük. Siz dediyiniz şəxslər isə heç bir yaxşı və uğurlu işləri sadəcə görmək istəmirlər. Fikrimcə, onlar qara qüvvələrdir və onlar da olmalıdır.
- Normalda İmam Hüseyn məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi olaraq Hacı Əbdül Hacı Allahşükür Paşazadəni müdafiə etməli deyilmi?…
– Şeyxlə bağlı hansı məsələ var ki, onu müdafiə edək? Kim Şeyxə qarşı hücuma keçib, hansısa hərəkət edib və biz Şeyxi müdafiə etməmişik? Belə fakt varmı?
- Yəni həm də Şeyxi müdafiə edirsiniz?…
– Biz Şeyxi yox, haqqı müdafiə edirik. Mehriban xanımda da haqqı gördüyümüz üçün müdafiə edirik. Bir vaxtlar Ayaz Mütəllibovu da müdafiə etmişik. O vaxt Xocalı soyqırımı hələ baş verməmişdi. Əslində biz Mütəllibovu deyil, haqqı müdafiə edirdik. Çünki Mütəllibovun günahı yox idi. Bu gün də haqqı gördüyümüz siyasətçiləri müdafiə edirik.
- Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və siz hazırda dini sferanı təmsil edirsiniz. Seçim qarşısında qalsanız siyasəti seçərdiniz, yoxsa axundluğu?
– Mən bu haqda heç düşünməmişdim. Ancaq siz soruşursunuzsa, dəqiq cavab verim. Xalq və vətənim naminə mən siyasətlə məşğul olardım.
Elə məsələlər var ki, dinlə siyasət toqquşur. Dindarlar da bu torpağın oğludur. Dinin siyasətdən ayrı olması o demək deyil ki, dindarlar ölkəni, vətəni saxta siyasətçilərin ixtiyarına verməlidir. Ən mühüm məsələ odur ki, dindarlar da bu ölkənin vətəndaşıdır.
- Qeyd etdiniz ki, böyük işlər görürsünüz, əhatəli fəaliyyətiniz var. Fəaliyyət üçün maliyyənin olması əsas şərtdir. Bu mənada maliyyə vəziyyətiniz necədir?
– Əslində indiyə qədər bizə o qədər də maliyyə lazım olmayıb. Nəzərdə tutduğumuz tədbirlərimizi keçiririk. Gələcəyin necə olacağını isə bilmirəm. Bunu gələcək göstərəcək.
Fikirlər