Tanınmışlardan QARABAĞ SAVAŞI ilə bağlı - ÇAĞIRIŞLAR...

Image result for qarabag savaşı

Ermənilər Qarabağa dördüncü yolu çəkməyə hazırlaşır, savaş həmsədrlər isə deklorativ bəyanatlardan uzağa getmirlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş tutan görüşü barədə açıqlama yayıblar. 

Məlumata görə, açıqlamada qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) ilə görüşüblər. Bildirilib ki, onlar ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər. Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər: “Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər”. O da əlavə olunub ki, həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədir. 

Ancaq reallıq budur ki, Ermənistanın baş naziri daxil olmaqla, erməni rəsmilər Qarabağla bağlı radikal mövqedən geri çəkilmirlər. Elə Paşinyanın BMT tribunasından səsləndirdiyi son bəyanat da bunu təsdiqləyir. Baş nazir hətta Azərbaycanı sülhə əngəl olmaqda ittiham edəcək qədər absurda gedib. 

Üstəlik, Ermənistan ordusunun məhz nazirlərin görüşündən bir gün sonra Qarabağda genişmiqyaslı hərbi təlimlərə başlaması işğalçının konstruktiv mövqe sərgiləmək fikrində olmadığını deməyə əsas verir. Danışıqlar ərəfəsində Azərbaycan əsgərinin həlak olması da rəsmi İrəvanın iyrənc siyasətinin nümayişidir. Bu mənada əksər ekspertlər deyir ki, əslində Ermənistanla danışıqların heç bir mənası yoxdur. 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşü baş tutmamalı idi. “Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi”. 

Digər tərəfdən, erməni ictimai rəyi də savaşı qaçılmaz edir.  ““Dağlıq Qarabağ Respublikası”nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir”. Ermənilərin əksəriyyətinin mövqeyi məhz belədir. O halda hansı sülhdən danışmaq olar? 

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov moderator.az-a açıqlamasında Ermənistanla diplomatik dannışıqları davam etdirməyin mənasız olduğunu, bunun milli maraqlarımıza cavab vermədiyini vurğulayıb. “Hətta Minsk qrupunun sabiq həmsədrləri, məsələn, Brayza kimi təcrübəli insanlar qeyd edirdilər ki, Paşinyanın məlum bəyanatlarından sonra danışıqların mənası itib. Madam ki, Ermənistanın baş naziri “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir, vəssalam” deyir, o zaman danışıqlar nəyin ətrafında aparılacaq?”, E.Namazov deyib. 

Digər ekspertlər də təqribən eyni fikirləri bölüşürlər. 

BQB başqanı, deputat Fazil Mustafa müsavat.com-a açıqlamasında bunları söylədi: “Hərbi əməliyyatlar hər zaman gündəmdədir. Çünki bu alternativsiz bir çıxış yoludur. Lakin danışıqlar prosesini də birdəfəlik dayandırmaq mümkün deyil. Bu əslində beynəlxalq platformada müəyyən manevrlər üçün bizə lazımdır. Təbii ki, bu danışıqların müsbət nəticəsi olmayacaq. Ancaq danışıqlardan imtina edən tərəf kimi görünməyimiz bizə ciddi bir şey qazandırmır. Müharibəyə hazırlaşaraq danışıqları davam etdirməliyik”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, biz hər zaman hərbə və millətin ruhuna söykənən diplomatiyaya önəm vermişik: “Hər kəs də bilir ki, işğal olunmuş torpaqları danışıqlar yolu ilə geri qaytara bilməyəcəyik. İndiki durumda daxili resurslarımız, siyasi institusional quruluşumuz millətin potensial gücünə uyğun formalaşmadığı üçün ermənilər hər sahədə üstünlük qazanmaqdadır. Dağlıq Qarabağın Ermənistan torpağı olması haqda saxta iddialarını legitimləsdirmək istiqamətində calışmaqdadırlar. İlk növbədə Azərbaycan siyasi sistemi millətin bütün təbəqələrinin imkanlarını vətən müharibəsinə səfərbər etməlidir. Təxirə salmadan siyasi və hüquqi islahatlara start verilməli, siyasi dialoq əməli xarakter almalıdır. Paralel olaraq diplomatiyamız hücum platformasını hazırlamalı, müharibə variantında beynəlxalq dəstəyi təmin etməlidir. Ermənistanla danışıqlar dayandırılmalı, ATƏT-in Minsk qrupundan imtina edilməli, proses BMT TŞ-na daşınmalı, məlum qətnamələrin yerinə yetirilməsi istiqamətində diplomatik həmlələri prioritetə çevrilməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə də müsavat.com-a açıqlamasında sülh limitinin tükəndiyini söylədi: “Ermənistanla aparılan danışıqlar demək olar ki, bu illər ərzində heç bir müsbət nəticə vermədi. Bəllidir ki, bu ölkə Rusiyanın forpostu olmaqla yanaşı, ölkə daxilində bir sıra qruplarda münaqişənin həllində maraqlı deyil. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi səmərəsiz və demək olar ki, status-kvonu qorumaqdan ibarət olub. Paşinyan hakimiyyətı gəldikdən sonra proseslər daha da dərinləşib və rəsmi İrəvan birbaşa danışıqlardan imtina kursunu götürüb, yaxud Qarabağı özünə birləşdirmək barədə planlar hazırlanır. Təbii ki, belə bir vəziyyətdə danışıqlar yalnız işğalçıya sərf edir. Paşinyanın Qarabağda səsləndirdiyi “Qarabağ Ermənistanındır, nöqtə!” açıqlamasından sonra hesab edirəm ki, danışıqlara heç bir yer qalmır”. Politoloq hesab edir ki, rəsmi Bakı bəyanat verməli və Minsk Qrupunun fəaliyyətindən çıxaraq güc müstəvisində işğalçıya təzyiqlər etməlidir: “Azərbaycan hakimiyyəti qəti şəkildə bu məsələdə mövqe ortaya qoymalı, xalqın dəstəyinə söykənməlidir. Diplomatik danışıqlarda Ermənistan heç bir real güzəştə getmir. Rusiya və maraqlı güclər bu məsələdə Ermənistanı müdafiə edir. Azərbaycan qəti şəkildə danışıqlara getməməli, əgər, növbəti danışıqlara gedərsə şərt qoymalıdır. Bu məsələdə xalqın potensial birliyi beynəlxalq müstəviyə də çıxarılmalıdır. Həmçinin Milli Məclisdə də müzakirəyə çıxarılmalıdır”. M.Əsədullazadə hesab edir ki, belə olmaqdıqda, biz diplomatik danışıqlarda manipulyasiyanın şahidi olacağıq: “Ermənistanla və onların havadarları ilə yalnız xalqın birliyi və hərbi müstəvidə danışmaq lazımdır. Yalnız Azərbaycan öz imkanlarına güvənib, işğalçıya zərbələr endirməlidir. Əminəm ki, ondan sonra Ermənistan və havadarları mütləq danışıqlarda irəliləyişə aparıla biləcək prosesə başlayacaqlar”.

Həmsədrlərin bölgəyə növbəti səfəri isə çox güman ki, gərginliyi səngitməyə xidmət edir. Azərbaycan XİN bəyan edib ki, əsgərimizin qətlə yetirilməsinə mütləq cavab veriləcək. Görünür erməniləri himayə edən qüvvələr məhz buna görə də nəticəsiz bitən danışıqların ardınca turist səfəri etməyə hazırlaşırlar. Ermənistandan isə işğal altındakı Azərbaycan ərazilərinə, Kəlbəcərə üçüncü yol çəkilir. Sayca dördüncü yolun çəkilişi də planlaşdırılır...

 






Fikirlər