Deputatların “baltası” - gündəin olayı
Parlamentin deputatı Rəfael Cəbrayılov haqda neçə gündür mediada dartışılan mövzu heç şübhəsiz, gələn həftə də gündəmdə olacaq. Çünki sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır və buyurun, müzakirə üçüm göydəndüşmə mövzu var. Azərbaycan xalqı “yıxılan adam” və “vurulan balta” mövzusunda həssasdır. Bu vaqeədə isə gerçəklik bir qədər fərqlidir. Yıxılan təkcə hansısa səbəbdən borclanmış deputat, onun girov qoyduğu isə təkcə mandatı deyil. Onun girov qoyduğu formal da olsa, səs aldığı seçicinin etibarıdır, “baltalanan” hakimiyyətin qanunverici qoludur, MSK sədrinin mübarək imzasıdır. Yəni kim-kimi “baltalayıb”, bu, hələ cavabını gözləyən sualdır. Aydındır ki, hakimiyyətin bu məsələdə mövqeyi həlledici olacaq. Hakim partiya məsuliyyətdən kənardır, çünki Cəbrayılov bitərəfdir. Bitərəf olub 15 il deputat olmaq özü bir təhər səslənsə də, fakt faktlığında qalır. Adamın partiyalılığı yox ki, yığışıb partiya cəzası verələr. Amma hakim çoxluq ciddi qərar verilməsinə nail ola bilər. Parlament çoxluğu həm də belə məsələlərdə gərək özünü təsdiqləyə. Parlamentdə təkcə o deyil ki, bizneslə məşğul olan. Parlament siyasətdən uzaq, xəritədə Azərbaycandan başqa heç bir ölkəni göstərə bilməyən, təfəkkürü ilə qanunverici orqana yad olan “vəkillərdən” təmizlənməlidir. Onların yerini bir güləşçimiz tutsa da olar. Çünki onlar meydanda qarşılaşanda ermənilərin çiynini yerə vururlar. Bəziləri isə deputat adı ilə milləti yerə vururlar. Bu baxımdan məlum qalmaqal gələcək parlamentin tərkibi haqda düşünmək üçün yeni fürsətdir. Un satan gedib ununu satmalı, ev tikən evini tikməli, restoran işlədən gedib işinin başında dayanmalıdır, deputat ona həqiqi səs vermiş seçicisinə xidmət etməlidir. Parlamentin nüfuzu məhz sanballı deputatlar hesabına qaldırılmalıdır. R.Cəbrayılov üçün mandat hələ qiymətliymiş, yoxsa girov qoymaz, borcverənlər də alıb saxlamazdılar. Fəqət mandat girov qoymaq üçün deyil, heç aeroportda VİP çıxış-girişdən rahat keçmək üçün də deyil. Mandat rayonundan, bölgəsindən asılı olmayaraq, seçici səsidir. Bu qalmaqalda isə səsi eşidilməyən bircə R.Cəbrayılovun mandat aldığı rayonun seçiciləridir. Yəqin vicdanları rahatdır ki, Cəbrayılovu onsuz da onlar seçməyiblər. Gözləyirəm ki, deputatla bağlı sərt qərar olacaq. Çünki ictimai rəy bunu tələb edir. Qalır bunun müvafiq variantını tapmaq. Deputatın istefa verəcəyi ilə bağlı iddialar var. Əvvəla, deputatlıqdan istefa deyilən bir şey yox. Mandatdan imtina etmək var ki, bunu da indiyədək seçkidən sonra bəzi müxalifətçilər edib. Qanunda mandatdan könüllü imtina var. Bu halda, MSK sədrinin adına ərizə yazmaq tələb olunur. Sonra MSK üzvləri toplaşıb xitam qərarı verirlər. Başqa bir hal da var. Prokurorluq parlamentə deputat barədə təqdimat göndərir. Deputatlar da buna səs verib səlahiyyətlərə xitam verirlər. Bu isə cinayət işi açıldığı halda mümkündür. Nəhayət, parlamentin yeni qəbul etdiyi daxili Nizamnaməyə görə İntizam Komissiyasının belə bir müraciət etmək hüququ var. Qalan iki halda - vəzifə təyinatında və ölüm hallarıdır ki, bunun hazırda “reanimasiyada” olduğu görünən deputatla heç bir əlaqəsi yox. Nə baş verdiyini hamı bilir. Deputatın vikipediya məlumatlarına baxdım, qarşısında “siyasətçi” yazılıb. Hüquq və dövlət quruculuğu Komissiyasının üzvü olan köhnə müstəntiqin etdiyi hərəkətin hüququ məsuliyyət yaratdığını əlbəttə ki, bilib. Hamının borcu yarana bilər, kimi evini, kimi qızıl-zinətini girov qoyur. Amma mandatı girov qoymaq yeni faktdır və məsələnin bu boyda böyüməsinə səbəb də budur. Səyavuş Novruzov tam haqlıdır: bu, artıq dövlət məsələsidir. Dövlət isə sərt üzünü göstərməlidir. Maraqlı həftə olacaq… (Nazim Sabiroğlu,Musavat.com) Rəfael Cəbrayılov məsələsində dövlət sərt üzünü göstərməlidir…