Abbas Abbasovun deputat oğlu: “Prezidentin sərəncamın gözləyirəm”

Abbas Abbasovun deputat oğlu: “Prezidentin sərəncamın gözləyirəm”Son günlər baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun adı ətrafında növbəti qalmaqallı söhbətlər dolaşır. Belə ki, Rusiyanın Ulyanovsk şəhərində diaspora rəhbəri İslam Hüseynovun ofisinə “OMON” tərəfindən basqında A.Abbasovun adı hallandırılır.

Ulyanovskda hadisənin şahidi olan Azərbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar İslam Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Abbas Abbasovun əli olduğunu da iddia edirlər.

Konqresin üzvü, İ.Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A.Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ.Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib:

“Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Amma Abbas Abbasovu sərt tənqid etdikdən bəri ona qarşı təzyiqlər başlayıb. Xüsusilə ona qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, ”OMON"un hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsunlar".

AzNews.az müsavat.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı A.Abbasovun deputat oğlu Aydın Abbasova telefon açılıb. Lakin A.Abbasov bundan əvvəlki kimi atası barədə iddiaları cavablandırmaq fikrində olmadığını deməklə kifayətlənib və xahiş edib ki, mətbuat bu kimi məsələlərlə bağlı onu narahat etməsin. Digər suallarımızı cavablandırmağa hazır olan deputatdan növbəti seçkilərlə bağlı sualları cavablandırıb.

- Aydın bəy, parlament seçkilərində iştirakınız, hansı dairədən qatılacağınız barədə qərar vermisinizmi?

- İnşallah, seçki ilə bağlı qərar verilsin, ondan sonra bu barədə danışarıq.

- Yəni prezident sərəncamını gözləyirsiniz?

- Bəli.

- Adətən hakim partiya güzəştə getdiyi şəxslərə alternativ olaraq eyni dairədən vazkeçilməz rəqib göndərmir. Bu mənada YAP-ın münasibəti sizə bəllidirmi?

- Mən ilk dəfədir bunu sizdən eşidirəm.

- Seçki ilə bağlı qərar versəniz öz dairənizi seçəcəksiniz, yoxsa...

- Çox güman ki. İnşallah seçkiyə start verilsin, ondan sonra qərar verərik.

- AŞ PA-dan gələn nümayəndə heyətinin parlamentdə qarşılanması zamanı siz də Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edirdiniz.

- Bəli.

- Bəzən mətbuat yazılarında iddia olunur ki, sizə qarşı qadağalar var, fəaliyyətiniz məhdudlaşdırılıb, yaxud atanıza görə sizə təzyiqlər var...

- Deyilənlərlə konkret məsələlər üst-üstə düşmür. Mən Avropa Şurası nümayəndə heyətinin üzvüyəm, mənə nə qadağa qoyula bilər ki?

- Seçkilərə qatılası olsanız namizədliyinizi fərdi qaydada irəli sürəcəksiniz?

- Mənim namizədliyim iki çağırışda təşəbbüs qrupu tərəfindən irəli sürülüb. İnşallah, seçicilərim lazım bilərlərsə, yenə də mənim namizədliyimi irəli sürərlər. Amma bu məsələ ilə bağlı heç bir təşəbbüs yoxdur. Təşəbbüs qrupu yaranarsa, seçicilərim mənim deputat seçilməyimi istəyərlərsə, Allahın köməkliyi ilə bu, belə olar. Olmazsa da, bizdən daha layiqli, daha gənc, təcrübəli insanlar seçilə bilər, bu, problem deyil ki...







Fikirlər