Deputat Qüdrət Həsənquliyev:"Onlar mitinq yolu ilə Prezidenti qorxuda bilməyəcəklər"

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyanı təxirə salmasına münasibət bildirib.

Strateq.az-ın məlumatına görə, o, partiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, hələ 19 oktyabr aksiyası ərəfəsində Milli Şuranı razılaşdırılmamış aksiyadan çəkinməyə çağırıb: “Xatırlayırsınızsa, demişdim ki, bu, ona gətirib çıxaracaq ki, elan etdiyiniz payız kampaniyası başlamamış həmin aksiya ilə də başa çatacaq. Bəyan etmişdik ki, insanları hansısa mafoz qüvvələrin və ermənipərəst xarici dairələrin sifarişi ilə mərhumiyyətlərlə üz-üzə qoymayın. Cəmiyyətdə dəyişiklik istəyən fəal vətəndaşlarımız arasında ruh düşkünlüyü yaratmayın. Amma mənim və mənimlə eyni mövqedə olan insanların mövqelərini nəzərə almadılar. Təəssüf ki, hər şey mənim dediyim kimi baş verdi. Çoxlu insanlar, təşkilatçılar da daxil, bu aksiyadan əziyyət çəkdi, xarici bədxahlarımıza ölkəmizin nüfuzuna zərər yetirmək üçün bəhanələr verildi və bəzi insanlarımızda ümidsizlik yaradıldı”.

Deputat deyib ki, onlar mitinq yolu ilə Prezidenti qorxuda bilməyəcəklər: “Hesab edirəm ki, Baş Prokurorluğun və DİN-in vaxtında verilmiş son açıqlaması ciddi şəkildə bu qərarın verilməsində rol oynadı. Başa düşdülər ki, mənasız işlə məşğuldular və sifarişçilərlə birlikdə ciddi cəzalandırılacaqlar.

Amma hər bir halda, qorxudan qəbul olunsa belə, son qərarı müsbət qiymətləndirirəm. Bir daha Milli Şuranı dəstəkləyən insanları kimin arxasınca getdikləri barədə ciddi-ciddi düşünməyə çağırıram. Dəfələrlə söyləmişəm ki, bu adamların arxasınca getsəniz, böyük xəyal qırıqlığına uğrayıb, məyus olacaqsınız.

Mən bu gün Milli Şura rəhbərliyinə bir daha müraciət edirəm ki, dəyişiklik istəyən, siyasətdən çox da baş çıxarmayan insanlarımızın vətənpərvərliyindən namərdcəsinə sui-istifadə etməyin, xalqımızın inkişaf səviyyəsini nəzərə alın, öz mövqe və strategiyanıza bir də baxın. Başqalarının azadlığından danışdığınız bir vaxtda özünüzün mafioz və xarici qüvvələrdən asılılığına son qoymağa çalışın”.






Fikirlər