«NƏ BU OLİQARXLAR, NƏ ONLARIN KREDİTLƏRİLƏ…» - Sevil Əliyevadan sərt açıqlamalar
Mərhum Prezident Heydər Əliyevin qızı, hazırki Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın bugünlərdə Bakıda olduğu haqda KİV-lərdə, o cümlədən AzPolitika.info saytında məlumat verilib. Sevil Əliyeva özü Haqqin.az-a açıqlamasında bildirmişdi ki, azad insan və turist kimi Bakıya gəlib. “Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” – deyə Sevil Əliyeva bildirib. Ancaq “Azadlıq” qəzeti Sevil Əliyevanın Bakıya gəlməsini başqa səbəblərlə bağlayıb. Qəzet iddia edib ki, uzun illər Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhum əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə bağlı yaranmış hansısa problemlərlə əlaqəli olub : “Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə İlqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İddialara görə, İlqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa, məlumata görə, İlqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib”. Bu iddialarla bağlı Sevil Əliyeva yenidən açıqlama verib. AzPolitika.info-nun məlumatına görə, o, Haqqin.az-ın bununla bağlı müraciətinə olduqca sərt reaksiya verib: “İlk növbədə demək istəyirəm ki, sizə ayıb deyilmi? Yəni, mənim doğma şəhərimə gəlmək haqqım yoxdur? Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir? Axı mən artıq dedim ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarım və dostlarım ilə görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. Bax, indi də mən oğlumla birlikdə evdəyəm. Əmim qızı Fəxriyyə Xələfova və onun oğlu Məhəmməd bizə qonaq gəlib, oturub birlikdə çay içirik“. Daha sonra S. Əliyeva yayılan məlumata münasibət bildirib: “O ki qaldı mənim əmim oğlu İlqar Əliyevə, bununla bağlı onu demək istəyirəm ki, mən sonuncu dəfə institutda oxuyanda onu görmüşəm. Bu nə axmaqlıdır, siz nə danışırsız?! Ümumiyyətlə, mən nə bu oliqarxlarla bağlı, nə onların kreditləri haqqında, nə də digər qalmaqallarla bağlı heç nə bilmirəm. “Oliqarx”, “məmur”, “vəzifə”, – bunlar mənim ruhuma yad olan sözlərdir. Hətta atam prezident olduğu vaxtlarda belə mən nə nazirlər, nə də məmurlarla heç vaxt görüşməzdim. Dövlət işlərinə heç vaxt qarışmamışam. Mənə yaxın insanlar, dostlar bunu yaxşı bilirlər. Mənim anam da belə idi”. Sonda Sevil xanım jurnalistlərdən onun adını bu cür qalmaqallara qarışdırmamağı xahiş edib: “Mənim adımı müxtəlif intriqalara və siyasi spekulyasiyalara cəlb etmək, qarışdırmaq lazım deyil. Hamınızdan bunu xahiş edirəm!” Qeyd edək ki, Sevil Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. Murad Məmmədov
Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib: “Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər”.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Azərbaycan və Türkiyə mediası zaman-zaman S.Əliyevanın Londondan Bakıya qayıdaraq siyasətə qoşulacağı, YAP-dan uzaqlaşdırılan sabiqlərdən ibarət müxalifət partiyası yaradaraq, ona rəhbərlik edəcəyi barədə məlumatlar yaysa da, bu, baş verməyib.
Sevil Əliyevanın özü də bir dəfə mətbuata açıqlamasında belə xəbərlərə nöqtə qoyub:“Mən siyasətlə məşğul olmağı düşünmürəm”.
AzPolitika.info