İqbal Ağazadə ilə Rauf Arifoğluna gözlənilməz rəqib - “Mənə nə olub ki...”
“Müalicəm davam edir. Həyat da mübarizədir. Hər şey qaydasındadır”. Bu fikirləri Modern.az-a V çağırış Milli Məclisin deputatı olan Araz Əlizadə səhhəti barədə danışarkən deyib. Araz Əlizadə növbədənkənar parlament seçkilərinə qatılacağından da söz açıb: “Səhhətim növbədənkənar parlament seçkilərinə qatılmağa imkan verir. Mənə nə olub ki?!. Siz özünüz də jurnalistsiz. Jurnalistlərin yazdıqlarına inanırsız?! Seçkilərə qatılacam”. O, V çağırış Milli Məclisin deputatı hansı dairədən növbədənkənar parlament seçkilərinə qatılması barədə suala cavab verməyib. Bir neçə gün bundan öncə Araz Əlizadə böyrək çatışmazlığından “Caspian International Hospital”a yerləşdirilib. Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir. Əldə etdiyimiz məlumata görə A.Əlizadə hazırda deputat olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcək. Bu dairədən deputat mandatına Ümid partiyasının sədri İqbal Ağazadə və Yeni Müsavat Media Qrupun rəhbəri Rauf Arifoğlu da iddialıdır.