"Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istəyib" — SÖYÜN SADIXOV
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib. Bu barədə ölke.az-a Söyün Sadıqov özü məlumat verib. Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib: S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və "milyonerlər ittifaqı" kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır.
"2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü. Görüş zamanı Araz Əlizadə məndən xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim. Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım. Araz Əlizadəyə dedim ki, mənim Azərbaycanda təbliğ olunmağıma ehtiyac yoxdur. Mən Azərbaycan vətəndaşı deyiləm ki, orada ictimai-siyasi proseslərdə iştirak edim, təbliğ olunum və sairə. Mən buna ehtiyac olmadığını söylədim. Bu görüşun olmasına və Araz Əlizadənin məndən 1 milyon pul istəməsinə Vaqif adlı kiçik iş adamı da şahiddir".