Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK — Əlamətləri bilinmir və isti havada…

Müsahibimiz Türkiyənin Hacəttəpə Universiteti xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin araşdırmaçı həkimi Turanə Rəsulovadır.
– Turanə xanım, Türkiyədə pandemiya ilə bağlı ən son xəbərləri bizimlə bölüşün lütfən.

– Rəsmi statistika Ümumdünya Səhiyyə Təşkilatının gündəlik yenilənən səhifəsində hər bir ölkə üçün ayrı-ayrılıqda qeyd olunur. Yeni xəstələnənlər, ölənlərin sayı və sair. Bunlar əlçatan məlumatlardır. Mən sizə bir həkim kimi Türkiyədə şahid olduğum durum haqda danışacam. Türkiyə tibbi baza baxımından təminatlı ölkədir. Hacəttəpə, Ege, Cərrahpaşa kimi çox məşhur xəstəxanaları var. Bu mərkəzlərdə hər il minlərlə tədqiqatlar aparılır, elmi məqalələr dərc olunur, ciddi tibbi və texniki bazası mövcuddur. Hər biri tam hazırlıqlı durumdadır. Türkiyənin Səhiyyə Nazirliyi də məsələyə çox adekvat və yerində reaksiya verdi. Mütəmadi olaraq toplantılar keçirilir, əhali yeni qərar və tövsiyələrdən xəbərdar edilir. Biz də gücləndirilimiş iş rejimində çalışırıq. Növbə sisteminə keçmişik. Bütün xəstəxanamız səfərbər edilib. Təəssüf ki, xəstə sayı durmadan artmaqdadır. Reanimasiya şöbələri dolur. Şəxsən mənim gəldiyim qənaət budur ki, Türkiyədə 65 yaşdan yuxarı insanlara küçəyə çıxmaq qadağası qoyulsa da, yaşlı nəsil Avropadakı kimi tək yaşamır. Tam təcrid oluna bilməz. Çünki ailələr böyükdür. Övadları və nəvələri ilə bir evdə yaşayırlar. Küçəyə çıxmasalar belə hər gün işləməyə məcbur övladları ilə təmasda olurlar. Beləcə daşıyıcılardan yoluxma ehtimalları artır. Digər xroniki xəstəlikləri də olduğu üçün koronavirusdan qurtulma şansları aşağı olur. Odur ki, bütün tibbi müdaxilələrə baxmayaraq orqanizm virusun ağırlaşmalarının öhdəsindən gələ bilmir. Hələ ki, Türkiyədə yoluxanların sayı günbəgün artmaqdadır. Dünənki ölüm sayı isə kritik həddə çatdı.

– Turanə xanım, indi verəcəyiniz bütün məlumatlar xalqımızı maarifləndirmək yolunda böyük əhəmiyyət daşıyır. Fransız həkimlərdən aldığım məlumata görə artıq ölkə apteklərində xüsusi testlər satılır. İstəyən vətəndaş o testi alıb, ev şəraitində COVID-19-a yoluxub yoluxmadığını öyrənə bilər. Türkiyədə bu üsuldan istifadə olunurmu?

– Türkiyədə hələ ki, bu təcrübəyə keçid edilməyib. Hətta Səhiyyə Nazirliyinin səlahiyyət verdiyi bəzi xəstəxanalar var ki, test həmin sağlamlıq ocaqlarında aparılır. İlk günlər bu testlər yalnız Ankaranın seçilmiş laboratoriyalarında aparılırdı. Sonra isə İstanbul və digər şəhərlərin laboratoriyalarına da yoxlanış səlahiyyəti verildi. Koronavirus diaqnozunu qoymaq üçün gərəkli olan iki test var. Onlardan biri PZR (polimeral zəncirvari reaksiya) testidir. Bu ən güvənli yoxlanış üsuludur. Digəri isə sürətli diaqnoz üsuludur. Bunun isə antigen və antikor formaları mövcuddur. Lakin antigen test özünü doğrultmadığı üçün dünya səhiyyəsindən yığışdırıldı. Antikor sürətli diaqnoz testi isə istifadə olunur. Bu testin əsas prinsipi xəstənin qanında virusa qarşı yaranmış immun cisimlərini təyin etməkdir. Nəticə pozitiv çıxdığı halda xəstəyə koronavirus diaqnozu qoyulur. Hazırda Türkiyədə sadaladığım laboratoriya və antikor testlərlə xəstəliyi müəyyən etmək olur. Sadəcə PZR bahalı metoddur. Antikor isə sadə kart üsuludur ki, bəzi hallarda nəticə yanlış müsbət ola bilir. PZR bu baxımdan daha güvənli testdir. Səhiyyə Nazirliyi bu səlahiyyəti apteklərə verməkdən ona görə çəkinir ki, test yalnız xəstəxanada aparıldığı təqdirdə dövlət dəqiq rəsmi statistika, demoqrafik və epidemioloji analiz apararaq virusla mübarizə üçün strateji planlaşdırma reallaşdıra bilir.

Korona xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK —

– Xarici mütəxəssislərin də açıqladığı kimi virus haqda cüzi məlumatlıyıq. Lakin Amerikanın elmi jurnallarında yayımlanan məqaləyə görə bu virus nəcis və sidik ifrazatı ilə insandan insana yoluxa bilər. Yəni digər əlamətlər müşahidə olunmadığı halda eyni tualetdən istifadə edən şəxslərin daşıyıcı və xəstə olmaq ehtimalı mövcuddur.

– Ümumiyyətlə analiz xəstənin aktiv şikayətləri və epidemioloji anamnezi varsa aparılır. Xəstəlik əsasən qızdırma, quru öskürək, halsızlıq, əzələ ağrısı kimi əlamətlərlə müşahidə olunur. Klinik şübhəlidirsə, xaricdən gəlmiş insanlarla kontaktda olub və ya özü səfərdən gəlibsə xəstədən analiz götürülür. Lakin üst tənəffüs yolu infeksiyası əlamətləri olan hər kəs COVID-19-a görə yoxlanılmır. Ona görə yox ki, ölkədə testlərin sayı azdır. Sadəcə olaraq ümumdünya protokolu bunu tələb edir. COVID-19 hava-damcı ilə yoluxan virusdur. Amma koronavirusun digər formaları var ki, əsasən heyvanlarda nəcis və sidik ifrazatı ilə yoluxur. İnsanlarda xəstəlik törədən mutasiyaya uğramış bu forma isə sadəcə hava-damcı yolu ilə yoluxur. Odur ki, maskadan istifadə etmək önəmlidir. Əlləri yuyaraq, əli ağıza yaxınlaşdırmadan, təcrid olunaraq qorunmaq mümkündür.

– Turanə xanım, qeyd etdiyimiz kimi mental dəyərlərə söykənən Türkiyədə, elə Azərbaycanın özündə də yaşlılar, böyüklərimiz övladları ilə birgə yaşadıqları üçün risk daha çoxdur. Bəs Türkiyə bu mövzuya həssaslıq göstərirmi? Reanimasiyaya yerləşdirilən yaşlıların sayı çoxdurmu?

– Türkiyə Səhiyyə Nazirliyi yaş populyasiyası haqda məlumatı təəssüf ki, açıqlamır. Dünya təcrübəsində, eləcə də Türkiyədə yaşlıların xəstəliyi daha ağır keçirdiyini görürük. Reanimasiyaya yerləşdirilən xəstələrin əksəriyyətini yaşlı insanlar təşkil edir. Amma bu o demək deyil ki, COVID-19 nisbətən gənc nəslə, uşaqlara yoluxmur. Hətta Ümumdünya Səhiyyə Təşkilatının prezidenti çıxışında bildirdi ki, xəstəlik gənclərdən yan keçmir və onların da uzunmüddətli xəstəxanada yatması, eləcə də virusun ağırlaşmalarının altını ömür boyu çəkməsi mümkündür. Özünüzü maksimal həddə qoruyun. Amerikada virus o qədər yayıldı ki, Çindən sonra ikinci episentrə çevrildi. Çünki bu ölkədə gəncləri evə təcrid etmək qeyri-mümkündür. Öz müşahidələrim əsasında bir məqama da toxunmaq istəyirəm ki, virus yükündən də çox şey asılıdır. Çünki toplumda heç bir simptom müşahidə olunmayan xəstələr də var. Cəmiyyət immuniteti də bu şəkildə qazanılır. Niderlandda aparılan araşdırmadan məlum olub ki, xəstəxana işçilərinin 6 faizində koronavirus tamamilə simptomsuz keçir, lakin analiz nəticəsi pozitivdir. Digər tərəfdən də virus yükünə bağlı məqam var. İstənilən halda özümüzü sığortalamalıyıq. İtaliyalı tibb işçiləri arasında da kifayət qədər gənc həkimlər yüksək virus yükünə məruz qalmışdılar. Eləcə də Çində tibbi personalın 60 faizi virusa yoluxdu. Təəssüf ki, son günlərin təcrübəsi bir daha sübut etdi ki, körpələr də koronavirusa yoluxurlar. Xüsusi bir durumu da vurğulamaq istəyirəm ki, reanimasiyada müalicə olunan yaşlı xəstələrin çoxunda diabet və yüksək qan təzyiqi halları var. Bu isə xalqlarımızın şirin, kalorili qidalara meylli olduğunun göstəricisidir.

– Sizinlə qeyri-peşəkar müşahidəmi bölüşmək istəyirəm. Avropada, eləcə də ölkəmizdə yaşayan dostlarım hələ yanvar ayında bu virusa yoluxduqlarını iddia edirlər. Hətta mən özüm yanvar ayında bu simptomlardan əziyyət çəkdiyimi, iy və dadbilmə qabiliyyətimi itirdiyimi xatırlayıram…

– Düşündürücü sualdır. Bu virus ötən ilin sonu Çində yayılmağa başladı. Daha sonra çinlilər dünya səyahətinə çıxıb xəstəliyi yaymağa başladılar. Yalnız bundan sonra xəstəlik laboratoriyalarda araşdırıldı, və koronavirus olduğu aydınlaşdı. Bu halın aşkarlanması üçün elmi tədqiqat aparılmalı, genom araşdırılmalı, yalnız sonra testlər hazırlanmalıdır. Yəni yalnız bu mərhələlərdən sonra xəstənin dəqiq diaqnozu qoyula bilər. Bu nükleotid ardıcıllığı – genetik kod əlimizdə olmadan, oxşar simptomlarla gələn xəstələrə eyni diaqnozu qoya bilmərik. Fikriniz həqiqətə yaxın ola da bilər, olmaya da. Müzakirəsi vacib durumdur. Lakin bir məqam var ki, COVID-19-un yoluxuculuğu qripdən daha yüksəkdir, yoluxduruculuq müddəti də uzundur. Bu yöndən yanaşsaq, deyə bilərik ki, yanvar ayında insanların yoluxduğu virus böyük ehtimalla koronavirus olmayıb. Buna baxmayaraq, gənclər arasında yüngül formada yayılması halı da mümkün ola bilərdi. Bir daha qeyd edirəm, virus haqda o qədər az məlumat var ki, ayrı-ayrı səthlərdə nə qədər yaşadığını deyə bilmirik. İstər qapı tutacağı olsun, istərsə də hava. Hər gün bu yöndə araşdırmalar aparılır.

– Vaksinlərlə bağlı da müxtəlif fərziyələr var. Hətta bu günlərdə yəhudi həkim mənə dedi ki, İsrail həkimləri COVID-19 əleyhinə peyvəndi ən tez halda 6 ay sonra hazırlaya biləcəklər.

– Bu məsələ Türkiyə Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Hətta nazir çıxışında bildirdi ki, lazım gələrsə Maliyyə Nazirliyindən də dəstək alacağıq. Bundan başqa dünya şöhrətli professor Ercüment Ovalı açıqlama vermişdi ki, qəhrəmanlarımla birgə koronavirusa qarşı ciddi araşdırma aparıb, spesifik immun plazma hazırlamışıq. Bu araşdırmada xəstəliyə yoluxmuş insanlardan qan alınaraq plazma hazırlanır. Professorun açıqlamasına əsaslansaq, 6 apreldə bu plazma 12 xəstə üzərində sınaqdan keçiriləcək. Səhiyyə nazirinin icazəsinin alınıb-alınmadığı dəqiq deyil. Vaksinə gəldikdə isə onu deyə bilərəm ki, bu qısa zaman kəsiyində baş verəcək hal deyil. Öncə əhalinin böyük hissəsi xəstəliyə yoluxub sağalmaldır ki, dəqiq araşdırma aparılsın.

– COVID-19-un yay aylarında səngiyəcəyi ilə də bağlı ziddiyətli fikirlər var.

– Virus canlı və cansız arasında keçid formadır. İnsanın orqanizminə daxil olmadığı müddətdə təsirsiz strukturdur. Virusu öldürmək üçün ən bəsit yol əlimizi 20 saniyə ərzində sabunlamaq, dezinfeksiya vasitələrindən istifadə etməkdir. Birbaşa isti havayla bağlı deyil, Günəşin ultrabənövşəyi şüalarının birbaşa təsiri ilə virus məhv ola bilər. Ancaq pandemiya yayadək idarə olunmaz hala çatsa, havanın isinəcəyi də heç bir təsir göstərməyə bilər. Belə bir fərziyə də var ki, virusun ikinci dalğası payız və qış aylarını əhatə edə bilər. Digər bir nəzəriyyəyə görə isə vaksin ancaq və ancaq 2021-ci ilin yay aylarında hazırlana bilər. Əsas məqsədim insanların düşüncəsində panika və laqeydlik arasında qızıl ortanı tapmaqdır. Hər kəs məsuliyyətini dərk etməlidir. Fikrimcə, çoxumuz bu xəstəliyə yoluxacağıq. Məsələn mən xəstələrlə daim ünsiyyətdəyəm, xüsusi risk qrupundayam. Çünki Hacəttəpə dövlətin COVID-19 mərkəzi kimi təyin etdiyi klinikalar sırasındadır. Önəmli olan az virus yükü ilə immunitet qazanmaqdır. Yaşdan asılı olmayaraq məsuliyyətimizi dərk etməliyik.    /publika.az/






Fikirlər