Prezident yeni komissiya yaratdı - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncamda deyilir: 1. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Azərbaycan Respublikasının Maliyyə naziri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi. 2. Komissiyaya tapşırılsın ki: 2.1. su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etsin; 2.2. su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etsin; 2.3. bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndlərində verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etsin; 2.4. görülən işlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.