"KORONAVİRUSUN MƏHV OLDUĞU ŞƏRAİT MÜƏYYƏNLƏŞDİRİLDİ" - Tramp açıqladı (VİDEO)
ABŞ alimləri koronavirusun quru və soyuq iqlimə nisbətən isti və rütubətli hava şəraitində daha az sabit olduğunu aşkarlayıblar. “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında bildirib. "Biz hamımız günbəgün bu rəqib haqqında daha çox biləcəyik. Bizim Daxili Təhlükəsizlik Nazirliyimizin alimləri məruzə təqdim ediblər. Məruzədə virusun müxtəlif temperaturlarda, iqlim şəraitində, səthlərdə özünü necə aparması bildirilir”, - Tramp bildirib. "Tədqiqatlar göstərdi ki, virus soyuq və quru mühitdə yaxşı, ilıq və rütubətli iqlimdə çox pis qalır", - ABŞ prezidenti deyib. Ağ Ev rəhbəri qeyd edib ki, koronavirus birbaşa Günəş işığının təsirindən bir dəqiqə ərzində məhv olur. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.