NAZİR MÜAVİNİNİN KORRUPSİYA ƏMƏLLƏRİ .... - "Ulduzların sayı artdıqca, pul da artırdı"

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 icra başçısını qandallayandan sonra Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib, nazir müavini Rafiq Bayramov saxlanılıb. Əməliyyatla bağlı yayılan rəsmi məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Mediada yayılan ilkin xəbərlərdə bildirilirdi ki, əməliyyat zamanı saxlanılanlar sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb.

Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş. R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir. Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

Əməliyyatla bağlı “Yeni Müsavat”a bəzi təfərrüatlar məlum olub. Həmin təfərrüatları təqdim etməzdən əvvəl saxlanılan nazir müavinin tərcümeyi-halına nəzər salaq.

Rafiq Bayramov

Yeni Azərbaycan Partiyasının üzvü olan Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci ildə anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb. 1995-ci ildə BDU-nun tarix fakültəsini fərqlənmə ilə bitirib. BDU-da laborant vəzifəsində işləyib.

1995-1997-ci illərdə hərbi xidmətdə olub.1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 

2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 

2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 

2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. 

2018-ci ildən mədəniyyət nazirinin müavini təyin olunub...

İddia olunur ki, saxlanılan Rafiq Bayramov nazirlikdə əsas söz sahibi olub. Beynəlxalq tədbirlərin təşkilatçılığı zamanı ayrılan büdcə vəsaitlərinə əli çatan, paylaşdıran Rafiq Bayramov olub:Gələn qonaqların yemək, qalmaq, transport xərclərinə, ekskursiyalarına nə qədər pul ayrılması, həmin pulların təyinatı üzrə xərclənib-xərclənməməsi nazirlikdə çox məhdud çərçivədə şəxsə bəllidir. Pul o adamların əlindən keçir. Əsas sima da elə Rafiq Bayramovdur. Örtülü bazardır, kim nə qədər istəsə götürə də bilərdi. Bundan başqa, otellərdən, turizm şirkətlərindən də alırdılar. Komissiya yaratmışdılar. Guya gedib baxırdılar ki, otel standartlara cavab verir, ya yox. 

Otel açılmamış sahibi 5 min ödəməli idi. Turizm şirkətinin sahibi 3 min verməli idi. Sonra da otelin qiyməti kəllə-çarxda olanda yaxalarını kənara çəkib, bunun səbəbini bazar iqtisadiyyatı ilə əlaqələndirirdilər. Otellərə ulduz da pulla verilirdi. 3 ulduzun bir, 4 ulduzun bir başqa, 5 ulduzun isə ”əl yandıran" qiymətləri vardı. Ulduzların sayı artdıqca, pul da artırdı".

Mənbəmiz deyib ki, istintaqa cəlb olunanlar sırasında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazov da var: “Vasif Eyvazov əvvəllər nazirliyin Beynəlxalq Şöbəsinin müdiri idi. Mühasibatlıqda da ciddi araşdırmalar aparılır, xeyli sənədlər götürülüb. Həmin sənədlərə əsasən ciddi çatışmazlıqlar müəyyən olunub. Xeyli pulların təyinatı üzrə xərclənmədiyi üzə çıxarılıb. Mədəniyyət Nazirliyindən 10 yaxın vəzifəli şəxsin istintaqa cəlb edilməsi, lakin hələlik yalnız Rafiq Bayramovun saxlanılması xəbəri var”.

Rafiq Bayramovun adı mətbuatda korrupsiya cinayətlərinə qarışan vəzifəli şəxs kimi əvvəllər də hallanırdı.






Fikirlər