Azərbaycan üçün 21 milyard dollarlıq “sendviç”
“Nüvə sazişi”ndən sonra əl-qolu açılan İran Rusiya ilə çox böyük həcmli hərbi müqavilə bağladı. Strateq.az-ın bildirdiyinə görə, müqaviləyə əsasən cənub qonşumuz şimal qonşumuzdan, nə az-nə çox, düz 21 milyard dollarlıq hərbi texnika alacaq. Maraqılıdır ki, alınan bu texnikanın hamısı hərbi hava qüvvələrinin gücləndirilməsi məqsədi daşıyır. Şah dövründə Yaxın Şərqin ən böyük hərbi aviasiyasına sahib olan İranın islam inqilabından sonra ABŞ-la arasının soyuması nəticəsində ölkənin bu potensialı xeyli köhnəlmişdi. Tez-tez baş verən qəzalar nəticəsində İranın bir çox hərbçisi köhnə texnologiyanın qurbanı olurdu. ABŞ-dan təyyarələrinə yedək hissələri ala bilməyən rəsmi Tehran, görünür, bir də eyni vəziyyətlə qarşılaşmamaq üçün təyyarələrinin istehsalçısını dəyişməyə qərar verib. Necə olsa, hərbi texnologiyasını satmaqla sanksiyaların gətirdiyi çətinlikdən qurtulmaq istəyən Kremlin demokratiya və ya İsrail məsələsinə görə rəsmi Tehranı yarı yolda qoymaq ehtimalı daha azdır. Rusiyayla bağlanan həmin sazişdə kosmik texnologiya və ən müasir hücum təyyarələrinin alınması planlaşdırılır. Qeyd edək ki, bu plan hələ avqust ayında İran tərəfindən dünya mətbuatına sızdırılmışdı. O vaxt Livanın “əl-Məyad” televiziyasına açıqlama verən İranın müdafiə naziri Hüseyn Dehkan Rusiyadan “Suxoy” markalı təyyarələr alacaqlarını demişdi. Üstündən bir ay keçdikdən sonrabağlanan müqavilədə İranın Rusiyadan “Suxoy SSJ-100” markalı təyyarələr alacağı məlum oldu. Sözsüz ki, İranın öz hərbi gücünü artırması ölkəmizin Qərblə yaxınlaşması perspektivi üçün də xeyli təhlükəlidir. Hər halda Azərbaycan rəsmiləri hələ “dünyanın düz vaxtında” ABŞ yetkililərinə iki dövlət arasında “sendviç" kimi sıxışdıqlarını etiraf edirdilər. Hazırda neftin qiymətdən düşməsi ilə iqtisadi cəhətdən daha çox zəifləməyimiz və Qərblə əlaqələrimizin korlanması fonunda İranın həm Avropayla münasibətlərini yaxşılaşdırması, həm də Rusiyadan aldığı hərbi texnikalarla əsgəri gücünü artırması bizim üçün heç də yaxşı perspektivdən xəbər vermir. Bu durum iki qonşu ölkədən daha çox asılılıq yarada bilər... Heydər Oğuz Strateq.az