“Müharibə qaçılmazdır” — AÇIQLAMA

Geopolitik maraqların toqquşduğu Liviya səhnəsində yeni hadisələrə şahidlik edirik. Bir müddət əvvəl rusların Suriyadakı “Hmeymim” hava bazasından havaya qalxan 8 qırıcı Liviyada qiyamçı Haftarın nəzarətində olan Tobruk Əl-Cufrada olan bazaya enib. Bununla da ruslar sanki "Hmeymim" bazası ilə Liviya arasında hava dəhlizi yaratmış olublar və beləcə qırıcılarını Haftarın Türkiyəyə qarşı durduğu sahəyə ötürüblər. 

Sözsüz ki, Moskvanın bu kimi davranışları Ankarada narahatlığa səbəb olur. Hazırda Liviyada qiyamçı Haftar küncə sıxışdırılmış durumadadır və ən son onu İsrail müdafiə etməkdən imtina edib. Haftarı hazırda Misir, Yunanıstan, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Fransa kimi dövlətlər müdafiə edir. Haftarın yıxmaq istədiyi qanuni Sərrac hökumətini isə Türkiyə birmənalı dəstəkləyir. Böyük Britaniya və NATO da legitim hökumətə dəstək ifadə edir.

 Bəzi ekspertlər Liviyada Suriyada baş verənlərin təkrarlana biləcəyini iddia edirlər. 

Qeyd edək ki, Suriyada 2011-ci ildən başlanan qarşıdurma nəticəsində Əsəd rejimi yıxılmaq üzrə idi, amma 2015-ci ildə ruslar prosesə müdaxilə edərək, Suriyada müharibənin istiqamətini dəyişə bildilər. İndi yıxılmaq ərəfəsində olan Haftara Rusiyanın zəngin Liviyada durumu öz xeyrinə dəyişib-dəyişməyəcəyi, buna cəhd edib-etməyəcəyi maraq doğurur.
 Politoloq Fikrət Sadıqov hesab edir ki, Liviyada vəziyyət hər an gərginləşə bilər. Onun fikrincə, Rusiyanın Yaxın Şərq regionu ilə bağlı xarici siyasət kursunun mahiyyətində təsir dairəsini genişləndirmək, ona loyal olan siyasi və hərbi qüvvələri dəstəkləmək niyyəti dayanır:

 “Bu yollarla Moskva Yaxın Şərqdə təsir gücünü və nüfuzunu artırmaq istəyir. Amma iş ondadır ki, Liviyada üz-üzə duran iki qüvvə var. Bunlardan biri BMT tərəfindən qanuni hökumət kimi qəbul edilən struktur, digəri isə bu hökumətə qarşı vuruşan marşal Haftardır.Ruslar Haftarı dəstəkləyir. Amma Haftarı digər ərəb və Avropa dövlətləri də dəstəkləyir. Rusiya da bu vəziyyətdən istifadə edərək, öz məqsədlərini həyata keçirmək istəyir. 

"Hmeyimim"dən 8 qırıcının Haftar üçün göndərilməsi dediklərimin sübutudur. Əslində Suriya ərzisində başlanan mübarizə indi Liviya ərazisinə keçir. Bu səbəbdən də indi Liviyada mürəkkəb situasiya yaranıb”.

 Poliqoloq qeyd edib ki, Liviyada qanuni hökumət mövcud olsa da, ölkə ərazisinə tam nəzarət edə bilmir:
 “Aparıcı ölkələr, o cümlədən Rusiya bundan istifadə edərək, ona loyal olan qüvvələri dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu, təhlükəli durumdur. Qurbanlar veriləcək, qan töküləcək, qarşıdurma güclənəcək. Sözsüz ki, burada Türkiyənin də maraqları var və Ankara heç vaxt maraqlarından əl çəkməyəcək. Üstəlik, Türkiyə burada qanuni hökuməti müdafiə edir. Görünən budur ki, Liviyada da danışıqlar prosesi başlanmalıdır. Yəni böyük qüvvələrin marağı nəzərə alınaraq dialoq olmalıdır. Əks təqdirdə Liviyada amansız müharibə qaçılmaz olacaq”.






Fikirlər