Bakı metrosunda gərginlik: Sərnişinlər təxliyyə olundu - FOTOLAR
Metronun “İçəri Şəhər” stansiyasında gərginlik yaşanıb. Musavat.com-un məlumatına görə, saat 19:50 radələrindən etibarən qeyd etdiyimiz stansiyada qatarın hərəkəti dayanıb. Nəticədə stansiyada böyük sərnişin sıxlığı yaranıb. Əməkdaşımızın verdiyi məlumata görə, metroda yaranmış sıxlığa görə polislə vətəndaşlar arasında qarşıdurma da yaşanıb. Metro əməkdaşlarının sözlərinə görə, qatarın dayanması texniki nasazlıqla bağlıdır.
Qeyd edək ki, hazırda (saat 20:21) qatarın hərəkətə gətirilməsi üçün cəhdlər edilsə də bu heç bir nəticə vermir və izdiham getdikcə böyüyür.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı musavat.com-a açıqlama verib. O bildirib ki, hadisənin baş verməsinə səbəb qatarda yaranan texniki nasazlıq olub: “İçəri Şəhər” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşmədi. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qaldı. Lakin artıq problem öz həllini tapıb”.