"HƏR HANSI SƏRTLƏŞDİRMƏ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLMƏYƏCƏK!" - Operativ Qərargah brifinqi + VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edirlər. “Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək” - deyə, Prezidentin köməkçisi brifinqdə deyib. Onun sözlərinə görə, ölkədə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var: “Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək". Ş. Mövsümov bildirib ki, bir çox ölkələrdə virusun geniş yayılmasına görə karantin tətbiq edilir. Azərbaycanda da son zamanlar yoluxma sayı artmağa başlayıb. Yumşalmalara getdikdən sonra bu, gözlənilən idi. Yoluxanların sayı artıb Y.Qarayeva xatırladıb ki, 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, ötən müddət ərzində isə ümumilikdə 2 756 457 test aparılıb. İctimai nəqliyyata məhdudiyyər qoyuldu Prezident köməkçisi bildirib ki, bayram günləri və həftəsonları ictimai nəqliyyata məhdudiyyət qoyulub. Lakin yoluxma artarsa, reanimasiyada çarpayılar dolarsa məhdudiyyət sərtləşdiriləcək. “Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə heç hara çıxmamağa, özlərini qorumağa çağırıram. Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.- deyə, fikirləri Prezidentin köməkçisi bildirib. "Toyların bərpası müzakirə edilmir" "Hazırda toyların bərpası ilə bağlı məsələlər müzakirə edilmir". Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. “Polisin qadağan olunmuş fəaliyyətlə məşğul olanları cərimə etməyə ixtiyarı var”,- Şahmar Mövsümov deyib. “Hazırda ad günü keçirmək qadağandır. Əgər siz bunu edirsizsə, qaydaları pozursuz. Avtobusda oturub getmək isə qadağan deyil. Amma əgər hansısa polis əməkdaşı deyirsə, “sıxlaşın iki nəfər də minsin”, əlbbəttə, o düz etmir", - o bildirib. Azərbaycana gətirilən vaksinlərin miqdarı açıqlanıb "Bu gün vaksinlər Azərbaycana gətirilir. İndiyədək 1,5 milyona yaxın vaksin gətirilib" - deyə, Şahmar Mövsümov bildirib. "AstraZeneca" peyvəndi hələ Azərbaycana gətirilməyib. Biz ölkəyə gətirildikdə belə ÜST-nin və digər beynəlxalq qurumların qərarına uyğun olaraq istifadə edəcəyik", - o bildirib. Şahmar Mövsümov deyib ki, vaksinasiyadan keçən insanlar üçün gələcəkdə hər hansı bir imtiyazların tətbiq olunması məsələsi müzakirə olunur. O qeyd edib ki, ola bilsin, həmin şəxslərə müəyyən imtiyazlar verilsin. "Azərbaycanda gələn həftədən 40 yaşlıların peyvəndlənməsinə başlanılır" Prezidentin köməkçisi bildirib ki, bugünədək vətəndaşlara 500 min dozadan çox vaksin vurulub: " Növbəti həftənin 1-ci günündən 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq. Vətəndaşlarımızı buna qoşulmağa çağırıram”. Onun sözlərinə görə, son günlərdə sərtləşmənin olacağı ilə bağlı məlumatlar yayılırdı: “Operativ Qərargahın buna gedib-getməməyi isə özümüzdən asılıdır”.