MİNA TERRORU:3 versiya və atasız qalan 3 oğul - ŞƏRH...
İyunun 4-ü Azərbaycan tarixinə daha bir faciə ilə düşdü. Həmin gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media işçilərinin olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra azad olunmuş ərazilərdə Azərbaycanın 140-dan çox vətəndaşı erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Bu, dünyanın böyük dövlətləri və ATƏT-in Misnk qrupuna həmsədrlik edən dövlətlərin dəstəklədiyi Ermənistanın Azərbaycanda törətdiyi çox saylı faciəli hadisələrdən biridir. Şəhid KİV nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov şəxsi həyatlarında belə ermənilər törətdikləri vəhşilikləri hələ uşaq, körpə olanda yaşayıblar. Qərbi Azərbaycandan, indiki Ermənistandan azərbaycanlıların qaçqın düşməsi və öz yurdlarından sovet hərbçilərinin yardımı ilə çıxarılması sonuncu dəfə 1988-ci ilin fevralında başlayıb. Onda Məhərrəm İbrahimovun 5 yaşı olub. Atası, anası, qardaş-bacıları ilə birlikdə onlar Göyçə mahalının Ardanış kəndindən didərgin salınıblar. Onda ibrahimovlar ailəsi Azərbaycanın Gədəbəy rayonuna sığınıb. Onun babası Məhərrəm İbrahimov İkinci Dünya müharibəsində iştirak edib və 39 yaşında həlak olub. Uzun illər axtarışdan sonra onun məzarını tapıblar.
un 4-də jurnalist Məhərrəm İbrahimov da şəhid olanda 39 yaşı var idi. Onun 7 və 5 yaşlarında iki oğlu dövlətə və millətə əmanət qaldı. Ermənistan havadarlarının yardımı ilə Azərbaycanın Qubadlı rayonunu işğal edəndə Sirac Abışovun 3 yaşı olub. O da kiçik yaşlarında Məhərrəm kimi qaçqınlıq həyatı yaşayıb. Abışovlar ailəsi Azərbaycanın Sumqayıt şəhərinə sığınıblar. Hər iki media nümayəndəsi işğaldan təmizlənmiş ərazidə peşə fəaliyyətləri ilə məşğul olublar. Onlar Azərbaycan və dünya ictimaiyyətini işğaldan təmizlənmiş ərazilərdəki vəziyyətlə tanış edirdilər. Məhərrəm İbrahimov və Sirac Abışovun qaçqınlıq həyatları Ermənistandan didərgin salınmış, Qarabağ və ətraf rayonların işğalı nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının yaşadıqlarına nümunədir. Bu hadisə terrordurmu? Başqa bir sual odur ki, minalar ora nə vaxt basdırılıb? Bu terrordur. Bunu təsdiqləyəcək çoxsaylı fakt və arqumentlər var. Minaların basdırılması ilə bağlı 3 versiya ola bilər: - minalar həmin əraziyə müharibədən əvvəl basdırılıb, indi işə düşüb; - erməni diversantlar müharibədən sonra basdırıblar; - 3-cü qüvvə, yaxud erməniləri müdafiə edənlər basdırıblar.
Nəzərə almaq lazımdır ki, sakinlər o yerlərə köçürülmədiyindən həmin ərazilərin təhlükəsizliyi tam təmin olunmayıb.Digər tərəfdən isə minaların basıdırılması və ya başqa təxribatçı əməllər istənilən dövlətin lap mərkəzində də törədilir. Bu baxımdan minaların basdırılması və döşənməsinə yardımın edilməsi istisna olunmur. Qeyd edək ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Onlar Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Deməli, Azərbaycanın işğaldan təmizlənən Kəlbəcər rayonunda Ermənistanın mina basdırmaq cəhdinin qarşısı mayın 27-də alınıb. Bu baxımdan Susuzluqda bir müddət əvvəl havadarlarının dəstəyi ilə avtomobil yoluna minanın basdırıldığını da ehtimal etmək olar.
Yeri gəlmişkən, 2017-ci il iyunun 4-də Böyük Britaniyanın paytaxtı Londonda “London-Bric” körpüsündə törədilən terror nəticəsində 7 nəfər ölmüş, 49 nəfər yaralanmışdı. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. Həmin il Londonda 3 terror hadisəsi baş vermişdi. Terrorların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürmüşdü. İyunun 4-də törədilən partlayışın da məsuliyyəti Ermənistanın üzərinə düşür. Onlar minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfə təqdim etmirlər. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan ərazisində müharibəni səssiz davam etdirir, terror törədir. Pozuculuq əməllərinə görə, regionda təhlükəsizliyi təhdid və dinc sakinlərə terror hücumları təşkil etdiyi üçün rəsmi Yerevana və faciənin təşkilatçılarına qarşı sanksiya tətbiq edilməlidir. Bunu beynəlxalq hüququn və təcrübənin tələbidir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı, Bakıda terror törətdiyi üçün Ermənistan heç vaxt sanksiyaya məruz qalmayıb. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minks qrupunun həmsədr dövlətlərin başçıları – ABŞ və Fransa prezidentləri işğaldan təmizlənən ərazilərdə heç vaxt olmamış erməni mədəni abidələrinin qorunması və Azərbaycanda olmayan erməni əsirlər haqqında canfəşanlıqla bəyanatlar verir, özlərini ədalətli vasitəçi kimi göstərməyə səy göstərirlər. Ancaq onlar və bu dövlətlərlə eyni siyasi blokdan çıxış edən dövlətlər indiyədək Ermənistana minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair bir cümləlik belə bəyanat verməyib, bu addımı atmadığı üçün rəsmi Yerevan qınanılmayıb, heç bir təzyiqə məruz qalmayıb. Torpaqlar işğal altında olanda bu dövlətlər Azərbaycana qarşı tutduqları mövqedən çəkilməyiblər. Onlar onda da Ermənistanı işğalçılıq fəaliyyətinə görə tənbeh etmirdi, indi də minalanmış ərazilərin xəritələrinin vermədiyi üçün onlara irad tutulmur. Ermənilərin başının sığallanması isə Azərbaycan üçün yeni faciələrə səbəb olur. Qərbin və erməni havadarlarının törətdikləri terror nəticəsində yaşamaq hüququ pozulan Azərbaycan KİV-in nümayəndələrinin siyahısına daha iki vətəndaşımız da əlavə edildi: Salatın Əsgərova (1991), Osman Mirzəyev (1991), Alı Mustafayev (1991), Fəxrəddin Şahbazov (1991), Kazımağa Kərimov (1991), Çingiz Mustafayev (1992), Məhərrəm İbrahimov (2021), Sirac Abışov (2021). ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker iyunun 6-13-də Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək. Dövlət Departamentindən bildirilib ki, səfərin məqsədi prioritet təşkil edən ikitərəfli, regional məsələlərin inkişafı, regionda demokratik və iqtisadi inkişafa dəstək verməkdir. Filip Rikerin Azərbaycanda Ermənistanın törətdiyi terror və təxribatlarla yerindəcə tanış olması üçün yaxşı fürsət yaranır.
ABŞ, Fransa, Rusiya, Almaniya və onlarla birlikdə erməniləri və Ermənistanı müdafiə edənlər əslində regionda yeni düşmənliyin əsasını qoyurlar. Məhərrəm İbrahimovun 2 oğlu, Sirac Abışovun bir oğlu böyüyəndə atalarının niyə gənc yaşda vəfat etdiklərinin səbəbini axtaracaqlar. Həmin oğullar onları atasız qoyanların Ermənistan, ermənilər və havadarlarının olduğunu öyrənəcəklər...Bununla da erməni havadarları düşmənlik zəncirinin ömrünü uzadacaqlar. Məhərrəm İbrahimov və Sirac Abışov həm də öz yurdlarını sevdikləri üçün bu istiqamətdə fəaliyyət göstəriblər. Məhərrəm İbrahimovun qardaşı Azər Birinci Qarabağ müharibəsinin qazisidir... Kəlbəcərdə ermənilərin qurduğu xain terror aktı nəticəsində şəhid olan Sirac Abışovun dayısı da Azərbaycan Ordusunun şəhidi idi. Siracın dayısı Adıyev Həmzə Qardaşxan oğlu 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndi uğrunda döyüşdə şəhid olmuş əsgər yoldaşlarının nəşinin düşmən əlindən qurtarılması üçün 6 nəfərlik qrupla əməliyyata qatılıb. Elə həmin gün Güllücə kəndində şəhid olub.
Beynəlxalq ictimaiyyətin isə ermənilərin və Ermənistanın terror fəaliyyətinə “dur” deməyin vaxtı çoxdan çatıb. Bu addımı atmayan, Ermənistandan minalanmış ərazinin xəritəsinin verilməsinin tələb etməyən, habelə işğalçılıq niyyətindən onları daşındırmayan havadarlar, həmin qüvvələr ermənilərin Azərbaycan ərazisində törətdikləri terrorun ortağıdır. Onlar Məhərrəmin, Siracın və daha neçə-neçə Azərbaycan vətəndaşlarının oğul-qızlarının atasız qalmasının məsuliyyətini daşıyırlar.(report.az)