TRANSFORMATOR MONOPOLİSTİNİN FANTASTİK VERGİ BORCU... – Şirkətin rəhbəri Səfər Mehdiyevə yaxın şəxsdir
“ATEF” Şirkətlər Qrupunun 5.5 milyonluq vergi borcu nədən yaranıb? Azərbaycanın ən böyük transformatorlar zavodu və ölkənin transformator monopolisti kimi tanınan “ATEF Şirkətlər Qrupu” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb. “AzPolitika.info” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlara istinadla xəbər verir ki, sözügedən şirkətin 5 milyon 574 min 603 manat vergi borcu var. Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC-nin nizamnamə kapitalı 33 milyon 892 min 585 manatdır. Azərbaycanın iqtisadi reallıqları nəzərə alındıqda, bu məbləğdə vergi borcunun yaranması təsadüfi, yaxud təsərrüfat fəaliyyəti çərçivəsindəki maliyyə-uçot münasibətlərinin adi nəticəsi ola bilməz. “AzPolitika.info”-nun əldə etdiyi məlumat da bunu təsdiqləyir. Belə ki, 5.5 milyon manatlıq vergi borcunun əsasən vergi orqanının apardığı kameral vergi yoxlaması nəticəsində hesablandığı bildirilir. Bu da şirkətin fəaliyyətindəki maliyyə pozuntularından və böyük məbləğdə vergidən yayınma cəhdindən xəbər verir. Onu da qeyd edək ki, bundan əvvəl də ölkənin ən böyük transformator istehsalçısının dövlət qurumları ilə ciddi maliyyə problemləri olub. Belə ki, son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dəfələrlə cərimələyib. Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. Bu isə o deməkdir ki, avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində ölkəyə heç nə idxal olunmayıb və bu hallara “ATEF” tərəfindən tez-tez yol verilib. Bu “əməliyyat” adətən ölkədən valyuta çıxarılması üsullarından biri kimi qəbul olunur. Onu da qeyd edək ki, sözügedən şirkət tez-tez dövlət qurumlarının keçirdikləri satınalmaların, tenderlərin qalibi olur və hətta onun Qarbağın işğal olunmuş ərazilərinin bərpası işlərinə də cəlb olunduğu bildirilir. Məlumat üçün bildirək ki, “ATEF” 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı Yağ Transformatorları Zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində Metal Konstruksiya Zavodu açılıb. “ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri Əlixanbəyov Talıb Həsən oğludur. Bəzi mətbu orqanlar tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın şəxs kimi qələmə verilən bu iş adamı eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınının İdarə Heyətinin üzvüdür. Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov isə sonuncu parlament seçkisində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.