“Paşinyanın yallı oynadığı yerdə indi İlham Əliyev...” – AQİL ABBAS
“Ürəyimizdə ağrı var idi və getdik o təmiz, gözəl Cıdır düzünü, o müqəddəs torpağı gördük. Mənim üçün ora Məkkə qədər əzizdir. Getdik o yerləri ziyarət etdik gəldik”. "AzerTaym.az" bildirir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Şuşa səfəri haqda danışarkən deyib. A.Abbas Paşinyan və onun timsalında olan mənfur düşmənlərin o yerlərdən birdəfəlik rədd edildiyini bildirib: “Paşinyan o torpağın oğlu deyil axı ona jest edək. O torpaq Paşinyanları sevmir və ona görə də kənara atdı. Paşinyanın bir vaxt yallı oynadığı yer Natəvanın bağıdır və orda da möhtərəm prezident Üzeyir Hacıbəyovun heykəlini ucaltdırdı, açılışını da etdi və bir daha bildirdi ki, buranın sahibi bizik. Əvvəl də Üzeyir bəyin orda heykəli olub. Şuşada çox sürətli təmir-bərpa işləri gedir və bu haqda yəqin ki, yazı yazacam. O yerlərə getmək inşallah hamınıza qismət olsun. İki ildən sonra o yollar təmiz açılacaq və üç ildən sonra artıq turistləri qəbul edəcəklər. Möhtərəm Prezident növbəti dəfə bir neçə obyektin tikintisinin təməlini qoydu”.