“SÜLHMƏRAMLI” HƏYASIZLIQ VƏ YA ÇİRKİN MİSSİYA... - Muradovun yerinə niyə separatçılarla “işləyən” general göndərildi?

“Sülhməramlı” adı ilə Qarabağa yerləşdirilən Rusiya hərbi kontingentinə yeni başçı təyin olunub. Ad və soyadı, dini və milli mənsubiyyətilə bizə yaxın olsa da, fəaliyyəti, məramı, niyyətilə qətiyyən bizlərdən olmayan Rüstəm Muradovun yerinə Rusiyanın Abxaziyadakı bazasına rəhbərlik etmiş general-mayor Mixail Kosobokov təyin olunub. Hansı ki, daha öncə bu vəzifəni Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyevin tutacağı gözlənilirdi...

Təbii ki, Qarabağdakı rus qoşununa rəhbərlik edənin kimliyi, milləti, dili, dini və s. o qədər də əhəmiyyətli deyil. Bunlar buyruq qulu və Moskvanın regionda yürütdüyü siyasətin general paqonu daşıyan sıravi icraçılarıdır. Lakin istər Muradovun geri çağırılması, istərsə də Kosobokovun təyinatı prosesinin özü Rusiyanın Qafqazdakı siyasətinin nə qədər ikiüzlü, saymazyana və bəzənsə çirkin olduğunu özündə əks etdirir.

Xatırladaq ki, iki gün əvvəl “şərəfli missiyasını” başa vuran Rüstəm Muradov bir növ hesabat vermək və vidalaşmaq üçün Bakıya yox, İrəvana getmişdi. Orada Ermənistanın Müdafiə nazirilə görüşən Muradov onunla Qarabağdakı “missiya” barədə danışmış, fikir mübadiləsi aparmışdı. Ancaq Muradov eyni məqsəd üçün Bakıya gəlmədi. Təbii ki, Moskvanın göstərişilə.

Eynilə də bu gün Muradovun yerinə təyin olunan Mixail Kosobokov ilk olaraq ərazisində xidmət aparacağı Azərbaycanın yox, Ermənistanın paytaxtına təşrif buyuraraq, erməni nazirlə görüşüb. Yəqin ikinci addımı da Rüstəmov kimi separatçıların başçısıyla öpüşüb-qucaqlaşmaq olar.

 

 

Siyasətdən heç bir anlayışı olmayan sıravi “obıvatel” də gözəl anlayır ki, bu davranışlar Moskvanın Ermənistana, İrəvan hökumətinə olan hörməti, ehtiramı yox, sadəcə, Bakıya qarşı demarşıdır - bundan öncə rusiyalı yeni həmsədrin separatçıların başçısı Araik Arutunyanla görüşü, Rusiyanın rəsmi qurumlarının internet səhifələrində qondarma “Dağlıq Qarabağ Respublikası” ifadəsinin yer alması və s. kimi.

Məlum məsələdir ki, son anda Rüstəmovun yerinə başqasının yox, məhz Rusiyanın faktiki olaraq işğal etdiyi, Gürcüstandan qopardığı Abxaziyadakı hərbi bazaya rəhbərlik etmiş generalın təyin edilməsi təsadüfi deyil. Bu təyinatın özü də eyham, təzyiq, psixoloji təsir vasitəsidir.

Onu da qeyd edək ki, bu general Ukraynanın xüsusi xidmət orqanları və DİN-ə yaxın olan məşhur “myrotvorets.center” saytında separatçılara dəstək verən hərbi cani kimi göstərilib. Orada Kosobokov rəhbərlik etdiyi hərbi birləşmə vasitəsilə Ukraynadakı separatçılara silah-sursat ötürməkdə ittiham olunur. Deməli, separatçılarla və separatçılara “işləmək” təcrübəsi var. Rüstəmovun məhz belə birisi ilə əvəzlənməsini təsadüfi saymaq olarmı?...

 

 

Yaxşı məlumdur ki, Moskva nə Ermənistanı dövlət, nə də Paşinyanı və onun hökumətindəkiləri adam yerinə qoyur. Və bu səfərlər də Ermənistana və onun rəhbərliyinə, xalqına qarşı nəzakət, onlarla hesablaşmaq görüntüsü yaratmaqdan daha çox Bakıya siyasi və psixoloji təzyiq göstərməyə hesablanıb. Bununla Rusiya bəzən açıq həyasızlıq səviyyəsinə çatan formada səngərin hansı tərəfində durduğunu göstərmiş olur. Hansı ki, sülhməramlının ümumiyyətlə, tərəfi olmalı deyil. Və bütün bunlardan sonra da ruslar nədən keçmiş sovet respublikalarında yaşayan xalqların, xüsusilə də gürcülərin, ukraynalıların, moldovanların onlardan zəhləsi getdiyini soruşurlar...

Ancaq nə eyhamlar vursalar, nə addımlar atsalar, nə təzyiqlər etsələr, hansı hoqqalardan çıxsalar da, xeyri yoxdur, Rusiya “sülhməramlı” kontingenti Ermənistan yox, Azərbaycan torpağındadır və istəsə də, istəməsə də Azərbaycanla hesablaşacaq. Nə oyun çıxarsalar da, gec-tez Qarabağdan suları süzülə-süzülə gedəcəklər!

 

 

Kosobokovun təyinatına və kimliyinə gəlincə, Rusiyanın məhz bu şəxsi göndərməklə nəyəsə eyham vurmaq, psixoloji təzyiq göstərmək cəhdinin bir qara qəpiklik dəyəri yoxdur. Onun bizim üçün Muradovdan yeganə fərqi ondadır ki, soyadı dilimizə yatmır və onu yadda saxlamaq və tələffüz etmək üçün bir balaca uğraşmalı olacağıq...

“AzPolitika.info”

 

 






Fikirlər