ABŞ aqressiv, Rusiya hədəfdir, qlobal savaş təxirə salınıb: Rəsmi Bakı isə hərbi qələbəni diplomatik masada möhkəmləndirib

Dünya siyasi-ideoloji cəhətdən tam parçalandı, qlobal savaş təhlükəsi növbəti ilə daşındı, Bayden-Putin düşmənçiliyi dərinləşdi; Azərbaycan ordusu qarşısında tab gətirməyin mümkün olmayacağını anlayan rəsmi İrəvan Azərbaycanın tələblərinə müsbət cavab vermək məcburiyyətində qaldı, Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Bakını məmnun etmək üçün əlindən gələn hər şeyi etdi...

2021-ci ildə bəşəriyyətin gələcək taleyinə birbaşa təsir göstərə biləcək bir çox önəmli hadisələr baş verdi. Ona görə də, indi dünyanın gələcəyini proqnozlaşdırmaq nisbətən asanlaşmış kimi görünür. Və bəşəriyyətin gələcək taleyi üçün ən ciddi təhlükələrin elə insan zehniyyətindən qaynaqlandığı şübhə doğurmur.

Bu ildə əvvəldən axıra qədər koronavirusun hegemoniyası altında keçdi. İnsanlar vərdiş etdikləri ənənəvi həyat tərzinə geri dönə bilmədilər. O da məlum oldu ki, koronavirus məhz laboratoriya məhsuludur. Bioloji silah olduğu etiraf edilən bu fəlakət qaynağını məhz insan icad edib. ABŞ da daxil olmaqla, nəhəng dövlətlərin xüsusi xidmət servisləri pandemiyanın planlı şəkildə törədildiyini təsdiqlədilər. Sadəcə, bunu edərkən günahkar qismində rəqibləri hədəfə çıxartmağa çalışdılar.

Pandemiyanın mərhələ-mərhələ, süni şəkildə davam etdirilməsi bəşəriyyətə qorxunc reallığın mesajı rolunu da oynadı. Məlum oldu ki, yaxın gələcəkdə müxtəlif bioloji silahlarla analoji pandemiyalar yenə də törədilə bilər. Və bəşəriyyət buna hazır deyil, belə təhlükələr qarşısında demək olar ki, müdafiəsizdir.

16310881843280965304_1000x669.jpg (169 KB)

Ancaq bütün bunlara baxmayaraq, dünyanın nəhəng dövlətləri arasında qarşıdurma mühiti də kəskinləşdi, yeni təhlükələrin istisna olmadığını göstərdi. Sona çatmaqda olan ilin əvvəlində fəaliyyətə başlayan ABŞ prezidenti Co Bayden dünya müharibəsi törədə biləcək xarici siyasət kursuna start verməklə diqqəti çəkdi.

Əsas hədəfinin ABŞ-ın itirilmiş beynəlxalq mövqelərini geri qaytarmaq olduğunu vurğulayan qoca Co beynəlxalq zorakılıq siyasətinə üstünlük verdi. ABŞ prezidenti hətta siyasi-diplomatik normaları, etik qaydaları belə, kobud şəkildə pozdu. Ağ Ev sahibi Rusiya prezidenti Vladimir Putini açıq mətnlə "qatil" adlandırmaqla, bütün dünyanı heyrətləndirdi.

Məsələ ondadır ki, qoca Co Kreml sahibini "qatil" adlndırmaqla yalnız onu təhqir etmədi. Bu davranışı ilə həm də ABŞ-ın bundan sonrakı mərhələdə Rusiya ilə daim qlobal savaş təhlükəsi vəd edən hərbi-siyasi qarşıdurma vəziyyətində olacağının mesajını verdi. Çox keçmədən bu mesajında tamamilə ciddi olduğunu da təsdiqlədi.

Ağ Ev sahibinin Rusiya prezidentinə münasibətdə "qatil" ifadəsini dilə gətirməsindən sonrakı dövr savaş təhlükəsi ilə yüklənmiş oldu. Qoca Co NATO-nu da ABŞ-ın yanına alıb, birbaşa Rusiyanın üzərinə yürüdü. O, NATO baş katibi Yens Stoltenberqə "Rusiyaya həddini bildirmək lazımdır" məzmunlu hədələyici açıqlama verdirdikdən sonra qlobal hərbi-siyasi qarşıdurma üçün tam hazır olduğunu sezdirdi.

1219151_n996247rxm.jpg (73 KB)

Nəticədə ilin ilk yarısı bütövlükdə ABŞ və NATO-nun Rusiya ilə silahlı toqquşma təhlükəsinin təsiri altında keçdi. Ukrayna hərbi-siyasi qarşıdurmanın mərkəzinə yerləşdirildi. Həm ABŞ və NATO, həm də Rusiya Ukrayna sərhədləri ətrafında çoxlu sayda hərbi texnika və canlı qüvvə cəmləşdirdilər. Qoca Co Kreml sahibinin son anda savaş təhlükəsini nəzərə alaraq, geri cəkiləcəyinə ümid bəsləsə də, bu, baş vermədi. Kreml sahibi gözlənildiyindən daha inadkar və cəsarətli davrandı. Qlobal savaş təhlükəsini gözə aldı. Nəticədə ABŞ və NATO geri çəkilmək məcburiyyətində qaldı. Və qlobal savaş təhlükəsi son anda bloklanmış oldu.

Ancaq bundan sonrakı mərhələdə Bayden-Putin görüşləri ilə hərbi-siyasi qarşıdurmanın arxa plana keçirilməsinə cəhd göstərilsə də, nəticə alınmadı. Ona görə də, qarşıduran tərəflər "cücələri payızda saymaq" niyyətinə düşdülər. Bu dəfə Rusiya yenidən Ukrayna ətrafında hərbi texnika və canlı qüvvə cəmləşdirdi. ABŞ və NATO da bundan bəhanə kimi yararlanıb, qüvvələr nisbətini balanslaşdırdı. Və qlobal savaş təhlükəsi növbəti dəfə aktuallaşdı.

Qoca Co bu dəfə ABŞ və NATO-nun Rusiya qarşısında son siyasi-psixoloji məğlubiyyətindən müəyyən nəticələr çıxara bilmişdi. Rusiyadan fərqli olaraq, ABŞ və Qərb bu dəfə daha güclü görünürdü. Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı ilə bağlı kəşfiyyat məlumatlarının geniş təbliğ olunması Kremli beynəlxalq siyasi məkanda çətin vəziyyətə saldı.

İndi ABŞ və Qərb Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə nail olmaq üçün əlindən gələni edir. Bu, baş verəcəyi təqdirdə, Rusiyanı gözləyən ağır beynəlxalq sanksiyaların anonsu da verilmişdi. Nəticədə çıxılmaz vəziyyətə düşən Rusiya indi nə irəli, nə də geri hərəkət edə bilir. Və yeni beynəlxalq sanksiyalara davamsız olan Rusiya üçün hər iki variant böyük fəlakətin başlanğıcını vəd edir.

AP21343483818221-pic_32ratio_900x600-900x600-64192.jpg (180 KB)

Təbii ki, Ağ Ev sahibi bu dəfə Rusiya ilə qarşıdurmada daha hazırlıqlı görünür. Qoca Co dünya nəhənglərini Rusiya əleyhinə ABŞ-ın ətrafında birləşdirməyə nail olub. "Demokratiya sammiti" adı altında keçirdiyi onlayn toplantı ilə dünyanı Rusiyanın dostları və ABŞ-ın düşmənləri kateqoriyaları üzrə iki yerə parçalaya da bilib. Ona görə də indi vəziyyət daha təhlükəli görünür.

Bütün bunlara baxmayaraq, hələlik qlobal hərbi-siyasi qarşıdurma dalana dirənib. Bu qarşıdurmanın nə vaxtsa, tərəflərdən birinin siyasi-psixoloji cəhətdən tam məğlubiyyəti ilə yekunlaşma ehtimalı qalır. Eyni zamanda, tərəflərdən heç birinin yenidən geri çəkilməyəcəyi təqdirdə, dünyanın qlobal müharibə təhlükəsi ilə üzləşmə variantı da aktualdır. Bu baxımdan, hesab etmək olar ki, qarşıduran tərəflər hələlik qlobal savaş ehtimalını təxirə salmağa nail olmaqla yanaşı, həm də müəyyən qədər əlavə zaman qazanmağa çalışırlar.

Təbii ki, 2021-ci il Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin istiqamətləri baxımından da önəmli hadisələr ilə yadda qaldı. Azərbaycan 2020-ci ildə hərb meydanında qazandığı tarixi qələbəni bu il diplomatiya masasında daha da möhkəmləndirdi. Rəsmi Bakı Soçi və Brüssel görüşlərində öz geopolitik hədəflərinə ciddi şəkildə yaxınlaşdı. Bu görüşlərdən Azərbaycan tərəfi maksimum nəticə ilə ayrıldı.

Rəsmi İrəvana Zəngəzur dəhlizinin açılması ilə razılaşdığı açıq şəkildə etiraf etdirildi. Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaları yerinə yetirməyin qaçılmazlığı ilə barışmalı oldu. Və bütün bunların baş verməsində Azərbaycan ordusunun Ermənistanı 15-16 noyabrda savaş meydanında növbəti dəfə məğlub etməsinin xüsusi rolu var.

ilham_aliyev_150120_4.jpg (68 KB)

Məsələ ondadır ki, həmin qısamüddətli savaşda məğlub olduqdan sonra Ermənistanın müqaviməti tamamilə qırıldı. Azərbaycan ordusu qarşısında tab gətirməyin mümkün olmayacağını anlayan Paşinyan hakimiyyəti rəsmi Bakının tələb-şərtlərinə müsbət cavab vermək məcburiyyətində qaldı.

Hətta ilin sonlarında Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Bakının məmnun qalması üçün əlindən gələn hər şeyi etməyə çalışdı. Erməni baş nazir əvvəlcə dolayısı ilə "Qarabağ Azərbaycandır" dedi, ardınca ermənilərin "artsax" ideyalarından imtina etdiyinə eyham vurdu. O, rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə olan erməni separatçıların arxasından çəkilmək niyyətində olduğunun mesajını verdi və bu mövzunun Ermənistan üçün qapandığına işarə etdi.

Şübhəsiz ki, bütün bunların daha açıq nəticələri 2022-ci ildə daha qabarıq şəkildə özünü göstərməyə başlayacaq. Azərbaycan sona çatmaqda olan ildə əldə etməyə çalışdığı hədəflərə böyük ölçüdə nail olub. Bundan sonra qazanılmış nailiyyətlərin yekun sülh sazişi də daxil olmaqla, sənədləşdirilərək, rəsmiləşdirilməsi vacibdir. Və növbəti ilin məhz bu istiqamətdə nəticələrlə yüklənə biləcəyi qətiyyən istisna deyil. "Yeni Müsavat"  

 
 






Fikirlər