Qazaxıstan faciəsini kim planlaşdırdı: Rusiya “KTMT şineli”ndə bu dövləti öz orbitinə necə qaytardı
Qazaxıstanda baş verənlər hazırda bütün dünyanın diqqət mərkəzindədir. İndi bir çoxları Orta Asiyanın ən nəhəng ölkəsində nə baş verdiyini anlamağa çalışır. Çünki, bu türkdilli ölkənin bir çox şəhərlərində, xüsusilə də, keçmiş paytaxtı Almatıda baş verənlər olduqca dolaşıq və ziddiyyətli məzmun daşıyır. Onu da qeyd etmək lazımdır ki, hər şey Qazaxıstanın Tokayev hakimiyyəti tərəfindən maye qazın qiymətinin iki dəfə bahalaşdırılması ilə başlandı. Ancaq Almatı və digər bir necə şəhərdə etiraz aksiyaları kütləvi xarakter aldıqdan sonra Tokayev hakimiyyəti böyük sürətlə geri çəkildi və qiymətləri əvvəlki vəziyyətinə qaytardı. Hətta prezident Kasım-Jomart Tokayev xalqa müraciət edərək, Qazaxıstan hökumətini istefaya göndərdiyini, Elbaşı Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldığını bəyan etdi. İlk baxışdan belə təsəvvür yarandı ki, etiraz aksiyalarının iştirakçıları öz hədəflərinə çatıblar və artıq dağılışmaq olar. Ancaq bunun əksinə olaraq, dinc aksiyalar gözlənilmədən kütləvi iştişaşlara çevrildi. Kütlənin içərisində olan bəzi qruplaşmalar silahlanmağa və qarşısına çıxan hər şeyi dağıtmağa başladı.
Məhz bundan sonra aydınlaşdı ki, Almatı və digər şəhərlərdə baş verənlər ölkə xaricindən idarə olunan planlı prosesdir. Deməli, Qazaxıstan üzərində əvvəlcədən ən xırda incəliklərinə qədər hazırlanmış xüsusi ssenari əsasında siyasi-ictimai əməliyyat keçirilir. Sadəcə, bu əməliyyatın arxasından hansı dünya nəhənginin çıxa biləcəyi qaranlıq qalırdı. Kütləvi iğtişaşlara rəhbərlik edən müxalif mərkəzin növbəti tələbləri isə qəribə məzmun daşıyırdı. Çünki, artıq heç bir sosial tələb irəli sürülmürdü, Qazaxıstan hakimiyyətindən Krımın Ukrayna ərazisi kimi tanınması, ölkənin KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxması kimi xarici siyasət mövzuları gündəmə gətirilirdi. Və əslində, yalnız ölkədaxili və sosial məzmun daşıyan tələblər irəli sürməli olan etirazçıların birdən-birə gözlənilmədən xarici siyasət mövzularına keçid etməsi kifayət qədər şübhəli görünürdü. Təbii ki, belə tələblər iğtişaşların ABŞ və Qərbin ssenarisi ilə törədildiyini düşünməyə əsas verirdi. Ancaq buna inananlar olsa da, prezident K.J.Tokayevin xalqa növbəti müraciətindən sonra Qazaxıstanda baş verənlərin arxasında gizlənən ssenaristin obrazı təxminən aydınlaşmağa başladı. Çünki prezident K.J.Tokayev Almatı və ölkənin bəzi şəhərlərində quldurluq, soyqunçuluq, terrorçuluq kimi cinayətlər törədildiyini bəhanə edərək, KTMT-dan hərbi müdaxilə xahiş etdi. Və bundan sonra baş verənlərin əsas səbəblərini anlamaq o qədər də çətin deyil. Belə anlaşılır ki, Qazaxıstan üzərində başladılan bu planlı siyasi-ictimai əməliyyatın əsas hədəfi “KTMT şineli” altında Rusiya qoşunlarının Orta Asiyanın ən nəhəng ölkəsinə yeridilməsindən ibarətiymiş. İğtişaşların başladığı şəhərlərə diqqət edəndə də Qazaxıstanın üzərində “şimal küləyinin fırtına törətdiyi” ortaya çıxmış olur. Çünki, həmin şəhərlər, xüsusilə də Almatı rus icmasının güclü olduğu yaşayış məskənləridir.
Xatırladaq ki, məhz bu faktoru nəzərə alan keçmiş prezident Nursultan Nazarbayev vaxtilə Qazaxıstanın paytaxtını Almatıdan Astanaya köçürmüşdü. Həmin dövrdə Almatının əhalisinin mütləq çoxluğunu rus əhali təşkil edirdi. Təcrübəli siyasətçi olan N.Nazarbayev Qazaxıstanın gələcək təhlükəsizlik maraqları baxımından belə bir addım atmışdı. Sonrakı illərdəsə, N.Nazarbayev Qazaxıstanın Rusiyadan asılılığını minimuma endirib, müstəqil siyasət yürütməyə çalışmışdı, Türk dövlətləri ilə inteqrasiya çağırışlarına müsbət reaksiya vermişdi, ölkədə latın qrafikasına keçidi təmin etmişdi. Təbii ki, bütün bunlar Kremli N.Nazarbayevdən incik salmaya bilməzdi. Yəni, son hadisələrin Elbaşının cəzalandırılaraq, siyasət səhnəsindən silinməsi və Türkiyəyə yaxınlaşmaqda olan Qazaxıstanın yenidən Rusiyanın orbitinə geri qaytarılması ilə bağlı bir əməliyyat ola biləcəyi tamamilə inandırıcıdır. Belə bir ssenari əslində, N.Nazarbayev tərəfindən prezident kreslosuna oturdulan K.J.Tokayevin də maraqlarına cavab verirdi. Çünki, prezident K.J.Tokayev bütün güc strukturlarına birbaşa nəzarəti öz əlində saxlayan Elbaşıdan nəhayət ki, xilas olmaq şansı qazandı. Göründüyü kimi, Rusiyada bəzi dairələr əslində, Tokayev və Nazarbayev klanları arasındakı hakimiyyət uğrunda mübarizəni Kremlin maraqlarına uyğunlaşdırmağı bacardı. Sadəcə, iğtişaşçıların tələbləri sırasına xarici siyasət mövzularını daxil etməklə, baş verən hadisələrin günahkarı ilə bağlı şübhələri Rusiyadan uzaqlaşdırıb, ABŞ və Qərbə qarşı yönəltməyə çalışdılar.
Halbuki, əgər, bu hadisələrin arxasında ABŞ və Qərb dayanmış olsaydı, Rusiya “KTMT şineli” altında Qazaxıstana qoşun yeridə bilməzdi. Yəni, Qazaxıstanda təkbaşına hökmranlıq niyyətinə düşmüş və bu səbəbdən də ölkəsini Kremlin iradəsinə təslim etmiş prezident K.J.Tokayevə KTMT-ya müraciət şansı tanımazdılar. Və hətta belə bir cəhd ona çox baha başa gələ bilərdi. Bütün bunlar onu göstərir ki, Qazaxıstanda xüsusi ssenari üzrə planlı şəkildə bir geopolitik faciə törədildi. Hələlik Qazaxıstan faciəsinin ssenari müəllifi kimi məhz Rusiya görünür. Çünki, başqasının yazdığı ssenaridə Rusiya “KTMT şineli”nə bürünüb, Qazaxıstanın daxili işlərinə belə kobud şəkildə qarışa və bu nəhəng Orta Asiya ölkəsini öz nəzarəti altına ala bilməzdi. Böyük ehtimalla Qazaxıstan yaxın perspektivdə Kremlin geopolitik təlimatları qarşısında davamsız durumda olacaq. Və xarici siyasətini ssenarisi uduşlu çıxan Rusiya ilə uzlaşdırmaq məcburiyyətində qalacaq. \“Yeni Müsavat” Qazaxıstan üzərində xüsusi ssenari üzrə hərbi-siyasi və ictimai-psixoloji əməliyyat aparıldı; Böyük ehtimalla bu türk dövləti yaxın perspektivdə Kremlin geopolitik təlimatları qarşısında davamsız durumda olacaq və xarici siyasətini Rusiya ilə uzlaşdırmaq məcburiyyətində qalacaq...