Rusiyaya qarşı 3-cü və üzücü cəbhə: Zelenski partizan hərəkatının başına gətirilir?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi növbəti səfə rusiyalıların Ukrayna olaylarına münasibətini öyrənib. Sorğunun nəticələrinə görə, respondentlərin 84%-i Rusiya ordusuna inanır, vətəndaşların 71%-i isə Putinin suveren ölkəyə qarşı başlatdığı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir. Əgər plebissitin nəticələrini mötəbər saysaq və “dəniz suyunun dadını bilmək üçün damlanın yetərli olduğunu” nəzərə alsaq, onda belə qənaət hasil olar ki, rus cəmiyyəti işğalçılığa, işğala, o sırada Ukraynada dinc insanların, uşaqların qətlinə normal baxır, hətta bunu təqdir edir. Demək, təcavüzün nəticələrinə qatılmağa da hazır olmalıdır. Belə çıxır, Rusiya sabah hansısa bəhanə ilə başqa suveren ölkəyə hücum eləsə, yenə rəhbərə çəpik çalacaqlar. Bu fonda ABŞ Prezidenti Co Baydenin rus xalqına dünən ünvanladığı müraciət də mənasız anlama gəlir. Əsas odur Putinin reytinqi 2024 prezident seçkiləri üçün kəllə-çarxda qalsın. Fəqət, qalacaqmı? 2024-ə hələ xeyli var. Ona kimi Rusiyanın imperiya dövlət kimi öz taleyinin sual altına düşməyəcəyini heç kim deyə bilməz... Bir şeyi əminliklə söyləmək olar: “Vaqner”çi, “kadırovçu” quldur dəstələrindən də gen-bol istifadə edən Moskva 40 milyonluq Ukrayna xalqının əzmini qıra bilməyəcək.
Bunkerlərdə, sığınacaqlarda ad günləri keçirən, yüksək mübarizə ovqatını saxlayan bir milləti sındırmaq, əzmək mümkünsüz. Yəni, Rusiya özünün böyük itkiləri bahasına olsa belə, Ukraynanı bütünlüklə işğal edib Kiyevi ələ keçirsə belə, artıq özünü məğlub saya bilər. Bu – “Pirr qələsi”ndən də betər bir “zəfər” olacaq. Görünür proseslər məhz Putin Rusiyasına qarşı hibrid müharibəyə, partizan mübarizəsinə doğru gedir. Bunu 3-cü, üzücü cəbhə də adlandırmaq olar. Moskvanın ən çox qorxduğu elə budur. Çünki söhbət iri şəhərlərdəki ağır küçə döyüşlərinin ardınca faktiki görünməzə çevriləcək bir düşmənlə mübarizədən gedəcək. O düşmən ki, hər yerdə rus işğalçı qüvvələri ilə olacaq, onların içində olacaq, onları və onların yerli əlaltılarını izləyəcək, təqib edəcək və fürsət düşən kimi amansız intiqam alacaq. Ukrayna Rusiya ilə həmsərhəd ölkə olduğu üçün qisas əməliyyatları ikincinin ərazisinə də keçə bilər. Unutmayaq, partizan hərəkatına rusca yaxşı bilən yerli əhali ilə yanaşı, Qərb, ABŞ güclü informasiya-kəşfiyyat dəstəyi verəcək. Böyük maliyyə-hərbi kömək də öz yerində... Bu xüsusda “Vashington Post”dakı son yazı diqqət çəkir. Nəşr qeyd edib ki, əgər ruslar hər halda Ukraynanın müqavimətini qırmağa nail olsa, o zaman ABŞ Dövlət Departamenti, Pentaqon və digər qurumlar prezident Vladimir Zelenskini Polşaya təxliyə edəcək və orada o, mühacirətdə olan hökumətin rəhbəri kimi partizan müharibəsinə başçılıq edəcək. Qəzetin mənbələrinin əminliyinə görə, Ukraynada partizan müharibəsi uzun müddət, bəlkə də, illərlə davam edə bilər.
Bunu da yaddan çıxarmaq olmaz ki, zəbt elədiyi ərazidə işğalçı ordunun maddi-texniki təminatı, dağıdılmış infrastrukturların bərpası Rusiyanın üzərində qalacaq. Belə bir yükü isə artıq misli görünməmiş sanksiyalar altına düşən bir dövlətin qaldıra biləcəyi inandırıcı görünmür – Rusiya təbii sərvətlərlə nə qədər zəngin olsa da... Ona da şəkk-şübhə yox ki, Kremlin Ukraynadakı marionet rejimi də Qərbin sanksiyalarına, tam təcridinə tuş gələcək. Demək, yerli əhalinin artan narazılığı fonunda Rusiya üçün satellit rejimi bəsləmək, ayaqda saxlamaq üçqat, dördqat çətin olacaq. Bu və digər məqamları ciddiyə alanda ehtimal eləmək olar ki, uzağı, bir ilə Rusiya Ukrayna bataqlığına görə çox ağır bədəl ödəməli olacaq. Ölkə siyasi nəticələrdən tutmuş, sosial-iqtisadi təlatümlərə qədər, böyük sarsıntılarla üz-üzə qalacaq. Bu təlatümlər dalğası indi Putinin Ukraynaya təcavüzünü təqdir edən rusiyalıları da təbii ki, öz ağuşuna alacaq. Rus xalqının ağlamalı günləri hələ qabaqdadır...