UKRAYNADA MÜHARİBƏ NƏ QƏDƏR DAVAM EDƏ BİLƏR? – Hərbi ekspertlər fərqli mövqedədirlər

Ukraynada müharibə nə qədər davam edə bilər? İndi bütün dünyada bu sual ətrafında geniş müzakirələr gedir. İnternetdə yayılan videokadrlardan belə nəticə çıxarmaq mümkündür ki, işğalçı Rusiya ordusu Ukrayna torpaqlarında batıb qalıb. Rus ordusunun canlı itkilərinin miqyası getdikcə artır, hərbi texnikası məhv edilir.

Rusların ölkənin şərq hissəsində taktiki uğurları qeydə alınsa da, bu irəliləyişlərin Putin hakimiyyətini məqsədlərinə çatdıracağı şübhə doğrurur. Qərbin silah, maliyyə yardımı ilə müqaviməti davam etdirən Ukrayna rəhbərliyi isə müttəfiqlərindən daha böyük dəstək tələb edir.

Prezident Zelenskinin yayılan müraciətində Ukrayna üzərində hava məkanının uçuşlara qapadılması, ordunun Hava Hücumundan Müdafiə (HHM) sistemləri və hərbi aviasiya ilə təmin olunması məsələsi qoyulub. Prezident bəyan edib ki, Rusiyanı dayandırmaq mümkün olmasa, işğalçı ordu Berlin darvazalarında peyda olacaq.

Beləliklə, müharibənin nə zaman, hansı qüvvənin üstünlüyü ilə bitəcəyi sualı aktuallığını qoruyur.

 

 

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, əməliyyatların yaxın zamanlarda başa çatacağı gözlənilmir. Onun sözlərinə görə, Ukraynanın böyük şəhərlərinin, paytaxtın müdafiəsi üçün kənardan Kiyevə silah sistemləri, ağır texnika, HHM və aviasiya verilməlidir. 

"Bunlar olmasa, Ukrayna maksimum Kiyevi bir həftə qoruya bilər"- deyə, ekspert əlavə edib.

Ədalət Verdiyev qeyd edir ki, Rusiya ordusunun da vəziyyəti yaxşı deyil: “Daimi dislokasiya yerlərindən uzaqda yerləşən Rusiya qoşunlarının təminat və təchizatla bağlı problemləri getdikcə artır. Çünki onlar müharibəni daha qısa müddətdə başa vuracaqlarını hesablamışdılar. Ona görə də Krımın işğalında olduğu kimi daha böyük ehtiyatlara gərək duymamışdılar. Hazırda intensivlik artıb, ordu hissələri təchizata ehtiyac duyur. Ümid edirəm ki, qarşıdakı bir həftə ərzində Ukrayna ordusu ciddi müqaviməti davam etdirə biləcək".

Ə.Verdiyevin sözlərinə görə, Rusiya Kiyevi işğal etsə belə, döyüş əməliyyatlarının tam başa çatması, sabitliyin bərpa olunması baş verməyəcək: "Ukrayna xalqı işğalçıya qarşı lokal müqavimətini davam etdirəcək. Bu müqavimətə partizan müharibəsi demək daha doğru olar. Müqavimətin aylarla, bəlkə də, daha uzun müddət davam edəcəyi gözləniləndir".

Ekspert qeyd edir ki, sanksiyalar da Rusiyaya iqtisadi, hərbi və siyasi baxımdan ciddi təsir edəcək: "Rusiya bunu qarşıdakı həftələrdə daha ağrılı hiss edəcək. Ancaq nəzərə alaq ki, sanksiyalar Şimali Koreya, İran kimi Rusiyadan daha zəif olan ölkələrin çökməsinə səbəb olmayıb. Ona görə də Rusiyanın tamamilə çökməsinə deyil, zəifləməsinə gətirib çıxaracaq".

 

 

Müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov isə bildirir ki, Ukraynada gedən müharibə ona Napoleonun Moskvaya, Hitlerin isə Rusiyaya girməsini xatırladır: "Dünyada hər kəsə aydındır ki, Rusiya və Ukrayna hərbi potensialına görə üz-üzə dayana bilməz. Ukraynalılar Rusiyanı ölkənin içinə buraxdılar, şəhər döyüşlərinə cəlb edib onların ağır texnikalarını məhv etməyə başladılar. İngiltərədən, ABŞ-dan, Almaniyadan göndərilən "Stinger" tankvuran raketləri Ukrayna ordusuna çox kömək oldu. Rus tanklarının, hərbi texnikasının bu raketlərdən qaçmaq imkanı yoxdur. Türkiyə istehsalı olan "Bayraktar"lara isə az qala səcdə edirlər. "Bayraktar"larla rus hərbi texnikası kütləvi şəkildə məhv edilir. Rusiya bu yeni nəsil silahlara qarşı heç nə edə bilmir. İnternetdən görürük, rus əsgərləri acından qırılır, texnikanın yanacağı qurtarıb, atıb qaçırlar. Bu tanklar uzaq məsafə qət ediblər. Onların ehtiyat yanacağı maksimum 350 kilometrə çatır. Yanacaq gəlmir, ərzaq tükənib. Ona görə də rus ordusu Ukraynada kütləvi şəkildə qırılacaq".

Polkovnik hesab edir ki, təcavüzün hansı müddətə qədər davam etməsi Rusiyada əhalinin Putin hakimiyyətinə qarşı etirazlarının miqyasından asılı olacaq: "Böyük ehtimalla Putin hazırda Moskvada və Sank-Peterburqda deyil. O, haradasa bunkerdə gizlənib, nə məlumat verirlər, onunla kifayətlənir. Hərbi elita isə Ukraynada baş verənləri ona olduğu kimi çatdırmır, çünki diktatordan qorxurlar. Buna görə də Putin də düzgün qərar verə bilmir."

 

 

M.Səlimovun fikrincə, Rusiya ordusu uzun müddət müharibə aparmaq gücündə deyil: “Putin və ətrafı qısa müddətdə Ukraynanı işğal edəcəyini düşünürdü. Ancaq Rusiya hakimiyyətinin gözləntiləri özünü doğrultmadı. Bunlar hesablamışdılar ki, əhali onları gül-çiçəklə qarşılayacaq, hökumət çökəcək və s. Amma biz bu gün görürük ki, bütün Ukrayna xalqı, hətta bu ölkədəki ruslar da işğalçı orduya qarşı vuruşur. Ukrayna xalqı rus ordusuna qarşı yumruq kimi birləşib. Xalqı isə məğlub etmək mümkün deyil. Əksinə, Rusiya ordusuna böyük zərbə vurulacaq. Ona görə də hesab edirəm ki, müharibə uzun çəkməyəcək. Həqiqətləri görən Rusiya xalqı ayağa qalxaraq müharibənin dayandırılmasına nail olacaq.”






Fikirlər