Ukrayna savaşının hərbi-siyasi pərdəarxası; Bayden Avropanı yenidən qazandı, NATO-nu bütövləşdirdi
Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatının 8-ci günü tamam olur. Günlər keçdikcə cəbhədə əməliyyatlar daha geniş miqyas alır. Eyni zamanda əvvəlki günlərdən fərqli olaraq Ukrayna ordusu daha ciddi müqavimət göstərir, Rusiya ordusuna ağır zərbələr vurur. Dünyada isə Rusiya əleyhinə cəbhə böyüyür. Münaqişəyə qədər əsasən ABŞ-ın Rusiyaya qarşı sanksiyaları gündəmdə olduğu halda, indi təşəbbüsü Avropa ölkələri ələ alıb. İttifaq dövlətləri hər gün Rusiyaya qarşı yeni sanksiyalar qəbul edir, Moskvanı təcrid etməyə çalışırlar. BMT-də keçirilən son səsvermə göstərdi ki, Rusiya qlobal miqyasda təklənib. Hətta Moskvanın ənənəvi müttəfiqləri belə indi onu açıq şəkildə dəstəkləmir. Çin, İran kimi ölkələr ehtiyatlı açıqlamalar verərək müharibəni dayandırmağa çağırırlar. Faktiki olaraq son 15 ildə, hətta “soyuq müharibə”dən bu yana ilk dəfə ABŞ Rusiyanı təcrid edə bilib. Buna qədər nə 2008-ci il Gürcüstan müharibəsi, nə 2014-cü il Ukrayna münaqişəsi zamanı ABŞ Rusiyanı bu şəkildə yalnızlaşdıra bilməmişdi.
Cozef Bayden administrasiyası gözlənilənin əksinə olaraq Rusiyaya qarşı beynəlxalq ittifaq yaratdı və uzun illərdən sonra Avropanı birləşdirə bildi. Məlum olduğu kimi, xüsusən də son illərdə Avropa İttifaqı daxilində dərin fikir ayrılıqları yaranıb. Böyük Britaniyanın Aİ-dən çıxması (Brexit), Fransanın ABŞ və Britaniya ilə münasibətlərinin pisləşməsi, Paris və Londonun bir-birinə qarşı hərbi gücə əl atması təhdidləri Avropa İttifaqının, hətta NATO-nun özünün gələcək taleyi ilə bağlı suallar və bədbin proqnozlara səbəb olurdu. Lakin indi vəziyyət dəyişib. Avropa “soyuq müharibə” dövründə olduğu kimi vahid orqanizmə çevrilib və ABŞ-la birgə hərəkət edir. Avroatlantik Alyansda uzun illərdir görünməyən birlik və bütünlük var. Hətta ən optimist analistlərin belə haqqında bədbin proqnozlar verdiyi 80 yaşlı Cozef Bayden Avroatlantik məkanda dəyişikliyə səbəb oldu.
ABŞ-ın Rusiyaya qarşı təcrid siyasəti o qədər uğurludur ki, hətta Çin belə Rusiya ilə məsafəli davranmağa başlayıb. Son məlumatlara görə, Çin Rusiya ərazisindən Avropaya malların tranzitini dayandırmaq qərarına gəlib. Rəsmi Pekin yük daşınması sahəsinin zərər çəkməsindən narahatdır. Amerika mediasının yazdığına görə hazırda ABŞ hakimiyyəti Çin rəhbərliyinin Rusiyaya dəstək verməsinə mane olmaq üçün diplomatik təsir vasitələrindən istifadə edir. Son BMT səsverməsi göstərir ki, Pekində müəyyən ehtiyatlılıq yaranıb. Bəs bu şəkildə mütəşəkkillik üçün ABŞ prezidenti hansı addımları atdı? Məsələ ondadır ki, NATO rəhbərliyi də bilirdi ki, 8 ilə yaxındır Ukrayna məsələsinə görə sanksiyalara məruz qalan Putin Rusiyası Kiyevin hərəkətlərinə səssiz qalmayacaq. O da məlum idi ki, Ukrayna itirilmiş torpaqları, xüsusən də Krımı geri almaq üçün cəhdlərini davam etdirəcək. Tarixdən də məlumdur ki, hələ SSRİ-dən də əvvəl çar Rusiyası ətraf qonşu ölkələri özünün təsir dairəsi, “bufer zonası” olaraq qəbul edib. Bu siyasət SSRİ dövründə də davam edib. SSRİ ətrafı ölkələrdə özü üçün “təhlükəsizlik” zolağı yaradıb. Və o da məlumdur ki, hər dəfə NATO-nun Rusiya (SSRİ) sərhədlərinə yaxınlaşması dərin siyasi böhranlara səbəb olub. Karib böhranı buna misal ola bilər. 1961-ci ildə ilk dəfə NATO-nun İtaliya və Türkiyədə nüvə başlıqlı “Yupiter” raketlərini yerləşdirilməsi SSRİ-ni cavab addımı atmağa məcbur etdi. Sovet hakimiyyəti Kubaya nüvə raketləri yerləşdirdi və bu, tarixə Karib böhranı kimi keçdi. Bu hadisə “soyuq müharibənin” piki hesab olunur.
SSRİ-nin süqutundan sonra Gürcüstan və Ukraynada hazırda davam edən müharibənin formal səbəbi NATO-nun bu ölkələrə yerləşməsidir. Rusiya prezidenti bildirib ki, onlar NATO-nun Rusiyaya qonşu ölkəyə raketləri yerləşdirməsinə razı olmayacaqlar. Əlbəttə, bu arqumenti bəhanə də hesab etmək olar. Lakin NATO və ABŞ-ın Rusiyanı müharibədən çəkindirmək üçün Moskvanın israrlarına rəğmən üzvlüklə bağlı təminat verməməsi onu göstərir ki, münaqişənin bu ssenari üzrə davam etməsi əvvəlcədən məlum olub. Hadisələrin bu şəkildə cərəyan etməsi isə aşağıdakı nəticələrə gətirəcək. - Rusiya böyük miqyasda dünyadan təcrid ediləcək və onun hərbi-siyasi ambisiyaları məhdudlaşacaq. Putin hakimiyyəti əvəzlənəcək və ya ən pis halda sanksiyaların gətirdiyi ciddi daxili problemlərlə baş-başa qalacaq.
- Rusiya Ukrayna və Gürcüstanı tamamilə itirəcək, bu ölkələrə təsir imkanları qalmayacaq. NATO bu ölkələri qazanacaq və şərqə doğru genişlənəcək, Ukrayna kimi böyük bir ölkə Alyansın üzvü olacaq. - Ukrayna savaşdan zərər görsə də, ABŞ və Avropa İttifaqının yardımları nəticəsində dirçələcək və Avropanın əsas ərzaq ehtiyatı “anbarlarından” birinə çevriləcək. Eyni zamanda region üçün nümunə ölkə olacaq. Nəhayət, ABŞ yenidən Avropanı öz ətrafında birləşdirmiş olacaq və mümkün rəqiblərə qarşı vahid iradə ortaya qoyulmuş olacaq. Çin və digər “ərköyün” ölkələr Rusiyanın başına gələnlərdən dərs alıb, daha ehtiyatlı siyasət aparacaqlar.
Əgər planlaşdırılan kimi davam etsə, o zaman rusların Ukraynada biabırçı məğlubiyyəti və tezliklə müharibəni dayandırıb çəkilməsi baş verəcək. Mümkündür ki, Donetsk və Luqansk əraziləri də güzəşt edilsin. Ancaq ümumi planda rusların döyüşü dayandırıb çəkilmələri planın birinci və əsas mərhələsinin uğurla – qələbə ilə başa çatması demək olacaq. Göründüyü kimi, hazırda planın bir hissəsi reallaşıb. Avropa və NATO vahid bir orqanizmə çevrilib, dünyada Rusiyaya qarşı cəbhə yaranıb, Ukraynada isə Rusiya ordusuna qarşı xalq səfərbərliyi müqaviməti formalaşır. Əgər qarşıdakı günlərdə cəbhədə fövqəladə dəyişiklik baş verməsə və Ukrayna xalqı rus qüvvələrinə müqavimət göstərib hücumu dayandırsa, o zaman Rusiya məğlubiyyətlə barışmalı olacaq. Bundan sonra Moskvanın ümidi danışıqlar masasında əldə edəcəyi müəyyən güzəştlərə qalacaq. Başqa sözlə, Ukrayna xalqı və ordusu həm də bütünlükdə NATO və Qərb adına döyüşür. Çünki qələbə həm də NATO-nun Rusiya üzərində qələbəsi olacaq.