-
22-11-202421-11-202420-11-2024
Müharibə illərlə davam edəcək... Rusiya məhv ola bilər - Hərbi ekspert
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
“Ruslar heç bir halda uğur qazana bilməyəcək. Ukraynanın vəziyyəti çox çətin olsa da, vəziyyət nəzarətdə saxlanılır. Ruslar bu 5 gün ərzində Kiyevi ala bilməyib, üstəlik Ukraynanın döyüşçüləri Rusiyanın desant qüvvələrini məğlub edib”.
AzerTaym.az bildirir ki,bunu Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Rusiya-Ukrayna müharibəsini təhlil edərkən deyib.
Onun sözlərinə görə, əks hücumla Rusiya qoşunları daha sürətlə geri çəkilir:
“Ukraynada heç bir regional-strateji mərkəz tutulmayıb. Ukraynalı döyüşçülər Ramzan Kadirovun milli qvardiyasını, eyni zamanda komandirini məhv ediblər. Ukrayna inadla özünü müdafiə edir. İşğalçıların irəliləməsi sutkada cəmi 7-15 km-i keçmir”.
Hərbi ekspert bildirib ki, bu müharibə hələ uzun müddət davam edəcək:
“Hətta ruslar Kiyevi ələ keçirsələr belə, başqa bölgələrdə, başqa istiqamətlərdə müharibə gedəcək. Çünki ABŞ, Avropa, NATO dövlətləri Ukraynaya böyük hərbi yardımlar edir. Bildiyiniz kimi, ABŞ 350 milyon dollarlıq yardım edib. Həmçinin Almaniya və başqa NATO dövlətləri də bu yardımı etməkdə davam edirlər. Ukraynanın hərbi hava qüvvələri demək olar ki, avadanlıqlarla təmin olunmamışdı, lakin Avropa onları tam şəkildə təmin edir. Ukraynaya yeni silah-sursat gəldikcə ordu həvəslənir və döyüş hazırlığını artırır, işğalçıların qarşısını almaq cəhdi daha da artır.
Düzdür, ruslar çox böyük qüvvələrlə hücum edir. Lakin onların hərbi texnikaları müxtəlif istiqamətdə məhv olunur. Ukraynanın rəsmi statistikasına görə, 4500-nəfərdən artıq işğalçılar məhv edilib, çoxlu sayda bombardmancı təyyarələr və helikopterlər yararsız hala gətirilib. Bundan başqa, Ukrayna dövləti Türkiyə istehsalı olan “Bayraktar TB2”dən istifadə edir və onlar da əsas qüvvələri məhv edir.
Ruslar bir neçə istiqamətdən, Krım, Belarusiya, Dombas istiqamətindən böyük qüvvə ilə hücumlar edir. Bir şəhəri və yaşayış məntəqəsini aldıqda həmin an Ukrayna əks hücuma keçərək onları məhv edir”.
Hərbi-ekspert qeyd edib ki, Ukrayna ordusu məğlub olsa da, qalib ordu kimi yaddaşlarda qalacaq:
“Rusiya ordusunda köhnə silah-sursatlardır və rus əsgərləri döyüşmək istəmirlər. Heç bəzilərinin bundan xəbərləri olmayıb, təlim adı ilə çıxarılıb və sərhədi keçiblər. Belə bir məlumat var ki, rus əsgərləri tankların, zirehli maşınların benzinlərini kənara axıdaraq bəhanə gətirirlər ki, benzinləri qurtarıb. Çünki onlar qabağa getmək və ölmək istəmirlər. Bu faktdır. Çünki İngiltərə və Amerika istehsalı olan tank əleyhinə silahlardan Ukrayna döyüşçüləri çox gözəl istifadə edir. İstər-istəməz rus qoşunları irəliləmək istəmirlər”.
R. Məhərrəmovun sözlərinə görə, ruslar öz əməllərindən əl çəkməsələr, müharibə illərlə davam edə bilər:
“Tarixə nəzər yetirəndə Birinci və İkinci Dünya Müharibəsi, 1952-1954-cü illərə qədər Ukrayna torpaqlarında ruslara qarşı partizan müharibəsi gedib. Ondan sonra bir hissəsi də İkinci Dünya Müharibəsində iştirak ediblər. Ukrayna xalqı çox mərd, döyüşkən xalq olublar. Kreml müxtəlif xoşagəlməz sürprizlərə əl atır. Ondan əlavə, Kiyevin mərkəzində yaşayış binalarını atəşə tuturlar. Bununla da Ukrayna xalqını sarsıtmaq istəyirlər. Amma buna baxmayaraq, bütün Ukrayna xalqı ayaqdadır. Hətta onların xanımları da əllərinə silah alıb döyüşürlər. Ruslar bir dənə də olsa vilayət mərkəzi ələ keçirə bilməyiblər. Bu da onu göstərir ki, ruslar buna hazırılaşmamış hücum ediblər. Baxmayaraq ki, onlar öz ordularını ən güclü ordu sayırdılar. Bu mif Ukraynada darmadağın oldu. İndi bütün dünya bilir ki, rus ordusu o qədər də güclü ordu deyil. Tankları və başqa zirehli texnikaları zəifdir”.
Hərbi ekspert ABŞ-ın Avropa dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan da danışıb:
“ABŞ, Avropa dövlətləri Rusiyanın bütün dünyada 10 minlərlə banklarını birləşdirən və bank əməliyyatlarının dərhal icrasını təmin edən, beynəlxalq SWİFT sistemindən ayırmaq qərarını verdilər. Beləliklə indi Rusiya bankları sənədlərin kuryer vasitəsilə göndərməsi ancaq mümkün ola bilər. Rusların bütün bank sistemi məhv olundu. Qeyd edim ki, bu, Venesuela və İraqa və İrana qarşı tətbiq olunmuşdu, ən son da Rusiyaya qarşı tətbiq olundu. Rusiyanın ağılsız, düşüncəsiz siyasətçilərinə görə baş verdi. Bu sistem eyni zamanda Rusiya Mərkəzi bankına da tətbiq edildi. Bu da Rusiyanın çökməsi deməkdir. Hətta bir çox təyyarə icarəyə verən şirkətlər də öz təyyarələrini geri çağırdılar. Rus siyasətçisinin qeyd etdiyi kimi onlar yalnız sovet təyyarələrində və hava şarlarında uçmalı olacaqlar. Həmçinin Asiya dövlətləri Rusiyaya çiplərin satılmasını dayandırdılar. Hansı ki, o çiplərlə Rusiyanın məşhur İskəndər və qanadlı raketləri hərəkət edir. Çiplər müddətlidir və o müddət başa çatdıqdan sonra o isgəndər raketləri bir dəmir parçası kimi qalacaq. O çiplərin istehsalı isə Rusiyanın özündə yoxdur. Görünür əksər dövlətlər Rusiyadan imtina edəcək. Hətta ən yaxın müttəfiqi saydığı Çin dövləti banklarının bu sanksiyaya tuş gəlməsindən çəkinərək, neft və qaz almaqdan imtina etdi imtina etdi”.
Hərbi ekspert bu müharibədə Ukrayna ordusunun seçdiyi döyüş taktikasını da şərh edib:
“Ruslar şəhər içi döyüşlərdən çəkinirlər. Ukrayna ordusu isə onları şəhərin içinə buraxır, sonra isə tələyə salıb onları məhv edirlər. Ukraynalılar çox yaxşı taktika seçiblər və bunu həyata keçirirlər. Ukrayna Rusiyaya təslim olmayacaq. Ən axırıncı əsgərinə kimi döyüşəcək. Avropa dövlətləri, Polşa, Almaniya, Baltikyanı ölkələrindən silah-sursat, hərbi avadanlıqlar artıq Ukraynaya çatdırılıb. Sadəcə insan resursu ruslarda çoxdur, ukraynalılar isə Avropadan aldıqları silahlar tam uğurla idarə edə bilirlər. Ukrayna bir neçə istiqamətdə döyüş aparır. Amma Ukrayna ordusu 2014-cü ildə NATO qoşunlarının hazırlığına uyğun hazırlıqlar keçirilib, Amerika, Avropa mütəxəssisləri onlara təlimlər keçiblər. Ukraynalılar o təlimə uyğun müharibə aparır. Əsas odur ki, orduda idarəetmə itməsin. Ukrayna ordusu hələ əks hücum əməliyyatı keçirməyiblər, hələ ki müdafiə olunurlar. Düşünürəm ki, NATO yaxın günlərdə bu münaqişəyə qarışa bilər. Silah-sursatdan başqa rəsmi olmasa da, qeyri-rəsmi qüvvə göndərə bilərlər. NATO döyüşə daxil olsa da, olmasa da Ukrayna əsgərlərinin döyüş hazırlığı üstünlük təşkil edəcək. Rusiyanın işğalçı siyasəti çox ağır nəticələr verəcək. Bu müharibə Rusiyanın müflis olması deməkdir. Müharibənin davamı olacaq. Eyni zamanda Ukrayna öz arzusuna çatacaq və torpalarını işğaldan azad edəcək”.