Avstriya prezidenti Moskvaya xüsusi olaraq Rusiya prezidentinin nələri düşündüyünü öyrənmək üçün gedib
Avsriya prezidenti Karl Nehammer Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Moskvanı ziyarət edən ilk Avropa lideri olub və Vladimir Putinlə görüşünün təəssüratlarını bölüşüb.
Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın NBC telekanalına eksklüziv müsahibəsində bəyan edib.
O, deyib ki, Rusiya prezidenti Ukraynada müharibəni udacağına tamamilə əmindir.
"Düşünürəm ki, o, hazırda öz aləmindədir, özünün şəxsi hərbi məntiqinə əsaslanır, başa düşürsünüzmü? O, hesab edir ki, müharibə Rusiya Federasiyasının təhlükəsizlik zəmanətləri üçün lazımdır. O, dünya birliyinə inanmır. O, ukraynalıları Donbasda soyqırım törətməkdə suçlayır. Hələlik, o, öz aləmindədir, mənə elə gəlir ki, o, Ukraynada baş verənləri anlamır...Lakin düşünürəm ki, o, müharibəni udacağına inanır", - Karl Nehammer belə deyib.
Aparıcının Putinin ona qarşı hərbi cinayətlərdə ittihamlara münasibəti barədə sualına cavabında kansler deyib: "Putin bir tərəfdən bəyan edib ki, beynəlxalq tədqiqatla əməkdaşlıq edəcək, digər tərəfdən isə deyib ki, beynəlxalq birliyə inamı yoxdur. Ona görə də bu, indi də, gələcəkdə də problem olacaq. Düşünürəm ki, BMT- yə, beynəlxalq tədqiqata inam lazımdır".
Avstriya kansleri həmçinin məlumat verib ki, onun Putinlə görüşü "sərt mübahisə"yə bənzəyib. Nehammerin sözlərinə görə, o, Rusiya prezidentini Yuqoslaviyanın timsalında beynəlxalq tədqiqatın hərbi cinayətkarların məhkəmə qaydasında təqib edilməsi üçün faydalı olduğuna inandırmağa cəhd edib. Cavabında Putin sanksiyaların Rusiya üçün ağır olacağından şikayətlənsə də, Ukraynaya qarşı "xüsusi əməliyyat"ın zəruri olduğunu iddia etməkdə davam edib.
Xatırladaq ki, aprelin 11- də Putinlə Novo- Oqaryovada görüşdən dərhal sonra Avstriya kansleri bəyan edib ki, saatyarım söhbət "açıq və sərt olub".
"Bizim bu görüşdən hər hansı illüziyalarımız olmayıb. Söhbət sülhün əldə edilməsindən deyil, humanitar məqsədlərə nail olmaqdan gedib".
"Bu, dostcasına görüş olmayıb və onun nəticələrindən nikbin deyiləm. Çox güman ki, hücuma qızğın hazırlıq gedir", - o, vurğulayıb.