ABŞ dünyanı xaosa çəkir: Ağ Evin "Çin planı" dağıdıcı savaş vəd edir

Ağ Ev Çinin beynəlxalq nüfuzunu zədələyəcək davranışlar ilə rəsmi Pekini "beynəlxalq səviyyəli təxribata" çəkməyə çalışır... Baş tutacağı təqdirdə, ABŞ-da daxil olmaqla, bütün dünyanı dağıdıcı kataklizmlərin gözləyə biləcəyi qətiyyən şübhə doğurmur...

Ukrayna savaşı bütün dünyanı əldən salmaqda davam edir. Dünya iqtisadiyyatı sarsıdıcı zərbələrə məruz qalır, zəifləyir. Yeni enerji və ərzaq böhranı ilə bağlı ehtimallar hər ötən gün daha da inandırıcı görüntülər alır. Və nəticədə "savaşa bağlı böhran modeli"nin reallığa çevrilməsi artıq demək olar ki, geriyə dönməz proses təsiri bağışlayır.

Ancaq bütün bunlar bəşəriyyəti gözləyən fəlakət ehtimalının heç də tam təsviri hesab olunmur. Çünki, dünyaya qarşı real fəlakət mənbəyinə çevrilə biləcək təhlükəli faktlar yalnız Ukrayna savaşı ilə məhdudlaşmır. Və belə faktorların sırası kifayət qədər genişdir.

Birincisi, Ukrayna savaşının genişlənərək, Avropa məkanına sıçrama ehtimalı olduqca yüksəkdir. Avropa məkanında Rusiyaya yaxınlığı ilə seçilən ölkələr hələ də mövcuddur. Eyni zamanda, bu məkanda tarixi düşmənçilik səbəbləri ucbatından bir-birinə qarşı savaş aça biləcək ölkələr də var. Və bu iki önəmli faktor Ukrayna savaşının mövcud cografiyasını Avropaya doğru genişləndirmək planında həlledici rol oynaya bilər.

 Təbii ki, bütün bunlar Kreml üçün ehtiyat variant xarakteri daşıyır. Rusiya üçün taleyüklü situasiya qaçılmaz olarsa, Kreml Şərqi Avropanı yenidən qarışdırmaq imkanlarını işə salmağa çalışacaq. Üstəlik, Kremlin Şərqi Avropada bunun üçün yetərincə təsir mexanizmləri mövcuddur. Əsasən də keçmiş Yuqoslaviya ərazisi Rusiyanın savaşı Avropa coğrafiyasına keçirə bilməsi baxımdan, əvəzolunmaz məkandır. Və bu imkanlardan yararlana biləcəyi təqdirdə, Rusiyanın Avropa məkanında II Dünya Savaşı dönəmində mövcud olmuş situasiyanı daha fəlakətli şəkildə təkrarlamaq şansı qazanacağı şübhə doğurmur.

Üstəlik, bütün bunlara enerji və ərzaq böhranının yarada biləcəyi kataklizmləri də əlavə etdikdə bəşəriyyətin real təhdidlər qarşısında olduğuna qətiyyən şübhə qalmır. Hər halda, enerji və ərzaq böhranının "xaos diktaturası"nın təməl faktorları olduğu inkaredilməz reallıqdır. Xaosun hökm sürdüyü bütün coğrafi məkanlarda həmişə silahlı münaqişələr qaçılmaz olur.

Ancaq son vaxtlar bəşəriyyət üçün yeni əlavə təhlükə mənbəyi də yaranmağa başlayıb. Belə ki, "Tayvan böhranı" son vaxtlar tədricən ön plana çıxmağa başlayıb. Üstəlik, bu problemin indiki mərhələdə məhz süni şəkildə aktuallaşdırıldığı da açıq -aşkar nəzərə çarpır. Və son hadisələri nəzərə aldıqda, "Tayvan böhranı" ətrafında silahlı münaqişənin baş verməsində maraqlı olan "dərin güclər"in planlı hərəkət etdiyi təəssüratı da yaranır.

Məsələ ondadır ki, bütün dünya Ukrayna savaşının təsiri altındadır. Bu savaşın nə vaxt sona çatacağı məlum olmadığından dünyanın yenidən normal həyata dönəcəyi zaman da müəmmalıdır. Yəni, belə situasiya dünya ölkələrini əslində, yeni silahlı münaqişə təhlükəsi yaradan davranışlardan tamamilə çəkindirməli idi.

 Ancaq nə qədər qəribə də olsa, bunun tam əksi baş verdi. Heç bir səbəb olmadan, birdən-birə "Tayvan böhranı" ətrafında savaşöncəsi situasiya yaradıldı. Hər halda, Ağ Ev hələ də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinin hansı bəşəri ehtiyacdan qaynaqlandığını izah edə bilməyib. Çünki, 82 yaşlı bir qadının dünyanın çox təhlükəli bir mərhələdən keçdiyi bir vaxtda Tayvana "demokratiya" axtarmağa getdiyinə heç kim inanmaz. Üstəlik, ABŞ-ın "demokratiya axtarışları"nın İraqı, Suriyanı və ümumiyyətlə, Yaxın Şərqi hansı vəziyyətə salması barədə örnək də mövcuddur.

Belə anlaşılır ki, ABŞ hazırda yenə öz "müasir örnəkləri"nə uyğun davranmaqda davam edir. Yəni, İraq, Suriya, Ukraynadan sonra bu dəfə də Tayvanı hədəfə çıxarır. ABŞ Çinin Tayvana hərbi müdaxilə etməsi üçün əlindən gələn hər şeyi edir. Rəsmi Pekin də Tayvan ətrafında Çin ordusunu artıq cəmləşdirməyə başlayıb. Sadəcə, ABŞ-ın Ukraynada Rusiya üçün hazırladığı "savaş bataqlığı"na düşən Kremldən fərqli olaraq, rəsmi Pekin daha təmkinli davranır.

Ancaq belə anlaşılır ki, rəsmi Pekinin göstərdiyi təmkin işə yaramaya da bilər. Çünki, ABŞ-da bəzi siyasi dairələr Çini savaşa çəkməkdə israrlı görünürlər. Bu ölkənin 82 yaşlı prezidenti Co Bayden və onun administrasiyası isə həmin siyasi qüvvələrin əlində alətə çevrilmiş kimi görünür. Böyük ehtimalla ABŞ kimi süperdövlətin rəhbərliyinə Bayden administrasiyasının gətirilməsində də əsas məqsəd məhz sərbəst qərarlar qəbul etmək şansı olmayan Ağ Ev sahibindən özəl maraqlar çərçivəsində yararlanmaq olub.

Maraqlıdır ki, ABŞ-ın siyasət məkanının daha bir "ağsaqqalı", bu ölkənin keçmiş dövlət katibi Henri Kissincer də “The Wall Street Journal” qəzetinə müsahibəsində bu mövzuya toxunub. O, ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib: “Biz Rusiya və Çinlə sonu necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik”.

 Göründüyü kimi, təcrübəli siyasətçi ABŞ-ın Rusiya və Çinlə birbaşa silahlı toqquşmasının mümkün nəticələri barədə kifayət qədər praqmatik mesajlar verib. Ancaq H.Kissincer belə vəziyyətin yaranmasının əsas günahkarından danışarkən, tam obyektiv davranmaqda çətin çəkir. Hər halda, ABŞ indiki savaşöncəsi situasiyanın yaranmasında qismən deyil, böyük ölçüdə məsuliyyət daşıyır.

Bununla belə, amerikalı siyasətçi Ağ Evin ənənəvi diplomatiya metodlarından imtina edib, böyük bir lider boşluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirdiyini vurğulamaqda isə tamamilə haqlıdır. Keçmiş dövlət katibinin fikrincə, indi əsas məsələ gərginliyi azaltmaq və müxtəlif nizamlama variantları hazırlamaqdır: "Bunun üçün isə müəyyən məqsəd olmalıdır”.

Təbii ki, doğrudan da hər şey məqsədlərə bağlıdır. İndiki situasiyada isə ABŞ siyasi dairələrinin gərginliyi azaltmaq deyil, əksinə, daha da artırmaq məqsədindən çıxış etdiklərini iddia etmək mümkündür. Hər halda, Ağ Evin rəsmi Pekin ilə anlaşmağa yönəlik hər hansı cəhdi nəzərə çarpmır. Əksinə, indi ABŞ Çinin beynəlxalq nüfuzunu zədələyəcək davranışlar ilə rəsmi Pekini beynəlxalq səviyyəli təxribata çəkməyə çalışır. Və bu beynəlxalq təxribatların baş tutacağı təqdirdə, ABŞ-da daxil olmaqla, bütün dünyanı hansı kataklizmlərin gözləyə biləcəyini təsəvvür etmək belə, mümkün deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu






Fikirlər