“Məntiqlə beynəlxalq hüququ nəinki tanımayan, onu tapdalayan bir lider Azərbaycanın ərazi bütövlüyünü tanıya və keçmiş Dağlıq Qarabağ ərazisini doğrudan da Azərbaycanın tərkib hissəsi kimi görərmi?..”
"Hətta Rusiya Ukrayna cəbhəsində tamamilə məğlub olsa belə, bunda sonra Qafqazdan çıxmamaq üçün Kreml Qarabağdan beşəlli yapışacaq..."
-FİKİR SAVAŞI...-
İşğalçı Rusiya imperiyasının lideri Vladimir Putinin iki il öncəki 44 günlük savaş boyu və sonra bir neçə dəfə işlətdiyi məşhur cümlə çoxumuzun yadında olar: “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir...”
O zaman Azərbaycanın “məşhur” pulitoloqları, şərçiləri, siyasətşünas deputatları bir hay-küy qopardılar, bir sevinc, şadlıq hissi təlqin etdilər ki, cəmiyyətə, az qaldılar bu cümləyə görə Rusiya diktatoruna “Azərbaycanın Milli Qəhrəmanı” adını təklif etsinlər...
Fəqət, bu gün həmin “siyasətşünaslar” hiddətlə birbaşa Putini olmasa da, Kremli kəskin tənqid etməklə məşğuldurlar... Bu günlərdə Putin təbliğatçıları tərəfindən “Qarabağın statusu”nun müəyyənləşməsi üçün referendum keçirilməsi də gündəmə gətirildi... Rusiya lideri belə tanıyırmı Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyini?..
*** ***
Bəndənizin “saqqalı”, vəzifəsi, elmi adı, fəxri adı, QHT-si-filanı olmadığı üçün, təəssüf ki, çoxları o zaman onun bu təhlilinə diqqət etmədi: “Putin ““Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir...” deməklə öncə demək istəyir ki, nəinki, Qarabağ, bütövlükdə Azərbaycan tarixi baxımdan çar imperiyası dövründə də, sovetlər dönəmində də Rusiyanın ərazisi, əslində müstəmləkəsi olub. İkincisi də, Rusiya lideri erməniləri körükləyir ki, Qarabağ de-yure Azərbaycanın olsa da, hazırda bizim himayəmiz altında onun “tarixi baxımdan ermənilərə məxsus olması” istiqamətində ideoloji-siyasi, ardınca da yenidən partizan və hərbi mübarizənizi davam etdirə bilərsiz... Bu şərtlə ki, tamamilə, qeyd-şərtsiz Kremlin aləti, maşası olmaq missiyasını yenidən üzərlərinə götürəsiniz...
*** ***
O da məlumdur ki, Putin ondan əvvəlki və sonrakı çıxış və müsahibələrində, o cümlədən “Valday” klubunda keçmiş SSRİ-nin müttəfiq respublikalarının ərazisinin “tarixi Rusiya torpaqları olduğu” kimi fikirlər də səsləndirib...
Amma bu sətirlərin müəllifi də daxil olmaqla 2 il öncə - İkinci Qarabağ savaşının sonunda Şuşanın, Hadrutun, Qubadlının, Füzulinin və s. döyüş, Kəlbəcərin, Laçının, Ağdamın isə sülh yoluyla azad olunmasına necə sevindiksə, ən vacib bir məqamı unutduq. Unutduq ki, başda Putin olmaqla Rusiyanın imperiyapərəst, şovinist, avtoritar rəhbərliyi, Moskva beynəlxalq hüququ tanımır... Yəni əslində Kreml məsələyə iki il öncə də, indi də belə yanaşır: “Putinin tanımadığı beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın tərkib hissəsidir...”
*** ***
Əslində biz 44 günlük savaş zamanı eyforiyaya qapılmayıb yadımıza salmalıydıq ki, hələ rəsmən Rusiya Federasiyasının tərkibində olan Çeçenistanda törətdiklərini demirik, 2008-ci ildə Gürcüstana təcavüzündən, 2014-cü ildə Krımı Ukraynadan ilhaq etməsindən, ondan sonra isə Donbasda törətdiklərindən anlamalıydıq ki, hazırkı Rusiya lideri beynəlxalq hüququ nəinki tanımır, onu açıqca tapdalayır...
*** ***
Və məntiqlə beynəlxalq hüququ nəinki tanımayan, onu tapdalayan bir lider Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü tanıya və keçmiş Dağlıq Qarabağ ərazisini doğrudan da Azərbaycanın tərkib hissəsi kimi görərmi?...
*** *** ***
Putin 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından təxminən bir həftə sonrakı müsahibəsində xatırlatdı ki, bölgəyə Rusiya sülhməramlılarının yeridilməsi məsələsi hələ 2020-ci ilin oktyabrında hərbi əməliyyatların fəal gedişi zamanı hər iki tərəflə: həm Əliyev, həm də Paşinyanla razılaşdırılmışdı... Sonra yenə təkrarladı ki, “Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir...” Eyni zamanda onun ardınca xüsusi olaraq vurğuladı ki, Qarabağın statusunu gələcək rəhbərlər həll edə bilər. Həm də əgər məişət zəminində erməni-azərbaycan münasibətləri bərpa olunsa... Həmin müsahibədə Kreml rəhbəri eyni zamanda Gürcüstanın “sülhməramlı”lara hücumundan sonra Cənubi Osetiyanın müstəqilliyini tanıdığını, Krımda xalqın iradəsini tanıdığını xatırlatdı və açıq şəkildə söylədi ki, Qarabağa münasibətdə bu edilmədi... Putin bu deyimləri ilə də erməni toplumunun revanşist, irqçi hissəsinə qızışdırıcı ümid verməklə onları dolayısıyla gələcək separatçılığa, işğalçılığa səsləyirdi...
*** ***
Putin Azərbaycan torpaqlarına qoşun yeritməklə, eləcə də sonrakı çıxış və müsahibələriylə hayk revanşistlərinə bir çox ümid impulsları ötürür ki, bunlar haqqında ötən illərdə bu mövzudakı yazılarımızda geniş bəhs etmişik(bax://www.moderator.az/news/356684.html və //demokrat.az/az/news/94447/putin-qarabagdaki-yeni-kqb-qru-ssenarisini-davam-etdirir) Düşmənlərimizə ümid verən belə məqamlardan biri də, məhz Moskvanın müdaxiləsi ilə Xankəndi, Əsgəran, Ağdərə və Xocavənddən əlavə, Şuşa rayonunun da mərkəzi və bir kəndi(Daşaltı) istisna olmaqla qalan 35 kənd və bir qəsəbəsinin Rusiya hərbçilərinin nəzarətində və faktiki olaraq Qarabağdakı separatçı rejim və Ermənistanın əlində qalmasıdır...
*** ***
Ümumiyyətlə, Kreml 10 noyabr bəyanatından keçən son iki il ərzində “sülhməramlı”larının Azərbaycan torpaqlarındakı funksiyalarından kənar özbaşına davranış və hərəkətləriylə doğrudan da beynəlxalq hüququ tanımadığını və əslində “KQB”-“FSB” ssenarisinə uyğun hərəkət etdiyini təsdiqləyir...
*** ***
Əyanilik üçün ötən yazılarımızda sadaladığımız məqamları təkrarlamağa məcburuq:
Birincisi, hələ rus qoşunu torpaqlarımıza daxil olmamış Rusiya Müdafiə Nazirliyinin tərtib etdiyi xəritədə keçmiş Dağlıq Qarabağ ərazisindəki bir sıra toponimlər müstəqil Azərbaycan dövlətinin rəsmi xəritələrindəki kimi deyil, sovet dövründəki(yəni Azərbaycanın və həmin ərazinin Moskva tabeliyində olduğu vaxtlar) kimi erməniləşmiş adlarla göstərildi(Xankəndi əvəzinə “Stepanakert”, Ağdərə əvəzinə “Mardakert” və s.). Və Azərbaycan mediasının, ictimaiyyətinin, eləcə də rəsmi qurumlarının xəbərdarlıqlarına rəğmən bu, belə də davam edir...
İkincisi, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” deyən Putinin təşkil etdiyi “sülhməramlı”ların ilk komandanı general Rustam Muradov və onun əməkdaşları da, eləcə də Rusiya FHN-in işçiləri də Xankəndinə daxil olan kimi rəsmi Bakının cinayətkar elan edərək İnterpola verdiyi separatçı-terrorçu Araik Arutyunyan və digərləri ilə qucaqlaşaraq görüşüb görüləcək işləri onlarla müzakirə edirlər... Təəssüf ki, bu gün də belə davam edir...
Üçüncüsü, 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən "sülhməramlı"ların girişi ilə paralel digər yerlərdə olduğu kimi, keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni silahlı birləşmələrinin də hamısı çıxarılmayıb və yalnız Hadrutdakı, Şuşanın kəndlərindəki kimi “partizanlıq” etdikdən, hərbçilərimizi qətlə yetirdikdən, mülki şəxslərimizi yaraladıqdan sonra yada düşürlər... Bu ilin avqustunda Azərbaycan ordusunun haqlı “Qisas” əməlliyyatına “sülhməramlı”ların qismən şərait yaratmaqları istisna olmaqla bu gün də heç nə dəyişməyib…
Dördüncüsü, elə Rusiya hərbçilərinin Laçın və Qarabağ ərazisinə girişinin ilk günlərindənAzərbaycanın müvafiq qurumlarının nəzarəti olmadan Ermənistandan kimliyi dəqiq bəlli olmayan ermənilər kütləvi şəkildə Qarabağa, Xankəndinə qaytarılmasına başlandı... Rusiya MN-nin yaydığı rəsmi məlumata görə, 52 mindən çox hayk qaytarılıb(?)… Onların arasında yaxın gələcəkdə baş qaldıracaq ekstremist və terrorçuların olmadığına kim zəmanət verə bilərdi?.. Artıq ötən ilin oktyabrında Şuşa yaxınlığındakı postda hərbçilərimizə qarşı ilk terror aktı özünü göstərdi… Və əsgərlərimizə qumbara atan hayk terrorçu Norayr Mirzoyan dərhal Rusiya hərbçiləri tərəfindən azad edilərək Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verildi…
*** ***
Putinin oktyabrın 31-dəki üçtərəfli Soçi görüşündən iki gün öncə - Valday klubunda növbəti dəfə Qarabağ və Ermənistandakı ermənilərə şirnikləndirici ismarışlar yolladı:
“Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq.
Əlbəttə, hansısa variantı seçmək erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik.
Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. Əgər Ermənistan belə hesab edirsə, o zaman buyursun, biz erməni xalqının istənilən seçimini dəstəkləməyə hazırıq.
Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın hansısa özəllikləri, xüsusiyyətləri var və bu xüsusiyyətləri gələcək sülh müqaviləsində nəzərə almaq lazımdır, bu da mümkündür.
Ancaq heç şübhəsiz ki, Azərbaycanla anlaşmaq lazımdır. Elə etmək lazımdır ki, bu anlaşmlar Azərbaycan üçün də məqbul olsun. Bu çox mürəkkəb, ağır məsələdir.
Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz əlbəttə ki, Azərbaycanın da maraqlarını nəzərə almaqla, Ermənistan nəyi təklif edərsə o istiqamətdə də addım atacayıq”...
*** ***
Xatırladaq ki, Valdaydakı çıxışından iki ay öncə Putin özünün milyarder “desantı” olan Ruben Vardanyanı xüsusi missiya ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya və separatçı hayk rejiminin nəzarətində olan hissəsinə yolladı. Və məhz Valday klubundakı çıxışından bir gün sonra – oktyabrın 30-da məhz həmin Rubenin, eləcə də oradakı “KQB”-“FSB” agenturasının vasitəsilə Xankəndində on minlərlə erməninin qatıldığı və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş “möhtəşəm” bir mitinq təşkil etdi... Bununla da Kreml həm Qarabağdakı hərbi gücü ilə yanaşı, siyasi gücünü də göstərdi və eyni zamanda iki il öncə revanşist hayklara verdiyi ümidlərin doğrulmasına artıq şərait yaratdığını təsdiqlədi...
Məhz bundan sonra baş separatçı Arayik Arutyunyan söylədi ki, Rusiyanın davranışları bizə ümid verir...
*** ***
İki il ərzində bütün baş verənlər göz qabağındadır… Və Azərbaycan torpağında beynəlxalq hüququ tapdalayan Rusiya Ukraynaya etdiyi məkrli və amansız təcavüzlə bunu daha vəhşi şəkildə nümayiş etdirdi…
*** ***
Təhlillər onu göstərir ki, nə son aylar Rusiyaya qarşı hərbi üstünlük qazanan və bu günlərdə Xerson kimi vilayət mərkəzinin də azad olunmasına şərait yaradan Ukrayna, nə onunla həmsərhəd Moldova, nə qonşumuz Gürcüstan, nə də biz, Azərbaycan Putin rejiminin sarsılmasına, zəifləməsinə arxayın olmamalıyıq. Hətta Rusiya Ukrayna cəbhəsində tamamilə məğlub olsa belə, bunda sonra Qafqazdan çıxmamaq üçün Kreml Qarabağdan beşəlli yapışacaq.... Eləcə də Zəngəzur, Göyçə və İranda baş verənlərlə bağlı Güney Azərbaycan eyforiyasına qapılmayaraq ayıq olmalıyıq… Düşmənlərimiz çox məkrli, hiyləgər və amansızdır…
Sultan Laçın